Paşinyanın tiraniyası və ya inqilabların yaratdığı diktaturalar...


Güman ki, yalnız iyirminci əsrdən başlayaraq inqilabları birmənlı şəkildə azadlıq və demokratiya ilə bağlamağa başlayıblar.

Belə isə Böyük Fransa İnqilabı yaddaşlarda həmişə gilyotina ilə assosiasiya yaradıb və ya ingilislər bəlkə hələ də Kromvelin diktaturasını unutmayıblar.

Ola bilsin, yalnız amerikan inqilabı ümumi qaydadan istisnadır və o, müəyyən mənada ümumi inqilablar fonundan seçilir. Amma unutmaq lazım deyil ki, hətta Amerika inqilabı da vətəndaş müharibəsiz və qansız keçinmədi. Bəli, yalnız üç yüz ildən sonra bu böyük inqilabın şüarları və prinsipləri nəhayət ki, real həyatda əksini tapdı, təkcə ağ irqin təmsilçiləri dedil, həm də qara dərili insanlar da bərabər siyasi və vətəndaş hüquqları qazandılar.

Bundan min illər əvvəlsə Afina quldarlıq demokratiyası, Sokratın edamı və nəhayət, Aristotelin demokratiyanın oxlokratiyaya və tiraniyaya çevrilməsi haqqında təlimləri olmuşdu.     

Ola bilsin, bizim inqilabların və demokratiyanın tarixnə ötəri “ekskurs”umuz oxucuda sual yaradacaq və o, soruşacaq ki, indi bütün bunları yada salmağın nə mənası var? Dərhal qeyd edək ki, inqilablarla azadlığa və demokratiyaya qovuşmaq illüziyası bu gün də davam edir: indi, 21-ci əsrdə “rəngli inqilablar” yeni siyasi moda olub, amma biz bir ölkəni belə qeyd edə bilmərik ki, bu inqilablar ora həqiqətən də azadlıq və demokratiya gətirmiş olsun.

“Ərəb baharları” kimi siyasi anomaliyadan isə düşünürük ki, heç danışmağa dəyməz, çünki əslində biz hamımız nəyiksə elə də qalırıq və düşünmək ki, siyasi konfiqurasiyanı sırf mexaniki şəkildə dəyişməklə hər şey dəyişəcək - əlbəttə ki, bu gülməli olar, insanlar həm də içəridən dəyişməlidir...

Amma bizi əlbəttə, daha çox qonşu Ermənistandakı proseslər maraqlandırır. “Məxməri inqilab”dan bir il keçib, amma artıq Nikol Paşinyanın tiraniyası, azad mətbuata təzyiqlər, başqa, fərqli fikirli insanların təqib olunması haqda söhbətlər gəzir və hətta belə ittihamlar da səslənir ki, guya inqilabçı baş nazir həqiqi siyasi və iqtisadi islahatları ləngidir...      

Əlbəttə, biz də istisna etmirik ki, burada şişirtmələr və yalan, əsaslandırılmamış ittihamlar var. Yaxşı xatırlayırıq ki, keçmiş prezident S.Sargsyan istefa verməmişdən əvvəl tərəfdaşlarına onunla təskinlik verirdi ki, N.Paşinyan hakimiyyətdə çox qalmayacaq və məşhur Qarabağ siyasi klanı yenidən hakimiyyətə qayıdacaqdır.

Biz isə onu deyə bilərik ki, Nikol Paşinyanın dövründə hələki iki səviyyəyə seçkilər keçirilib, əvvəlcə paytaxtın - İrəvanın merini seçdilər, daha sonra isə ümumi parlament seçkiləri keçirildi.

Bu vaxta qədər oxuduqlarımız və eşitdiklərimiz belə deməyə əsas verir ki, sanki hər şey qaydasında olmuşdu, seçkilər əsl seçki kimi keçmişdi– hətta ən barışmaz opponentlər belə seçki zamanı ciddi hüquq pozuntularını və saxtalaşdırmaları təsdiq edəcək faktlar qoya bilmədilər ortaya.

Amma müasir dünyada hətta düzgün və ədalətli seçkilər belə demokratiyanın və azadlığın səviyyəsi baxımından kafi deyil, zəruru şərtlər sayılırlar,- o ölkələrdə ki, düzgün seçkilərdən savayı öyünüləsi bir şey yoxdur, onları “elektoral demokratiya ölkələri” adlandırırlar.

Odur ki, Ermənistanda həqiqi azadlıq və demokratiya haqqında danışmaq hələ çox tezdir; əsl azad ölkələrin cərgəsində yer almaq üçün haylara hələ çox tər tökmək lazım gələcək,- əlbəttə ki, buna qədər “məxməri inqilab” tamamilə çöküb, restavrasiya ilə əvəz olunmasa...

Üstəlik, Nikol Paşinyan daha çox oxlokratı və tiranı xatırladır, nəinki müsair demokratiya liderlərini. Həm də digər obyektiv səbəblər var ki, onlar əvvəlki avtoritarizmin bərpası üçün münbit zəmin kimi çıxış edir; məsələ bundadır ki, inqilab sosial-iqtisadi problemləri də həll etməlidir.   

Amma Paşinyan hələki bu problemlər ətrafında atılıb-düşməklə məşğuıdur və onları həlli üçün lazım olan açarı lazım olmayan yerdə axtarır: Ermənistanın iqtisadiyyatının ciddi şəkildə de-politazisiya olunmağa ehtiyacı var, əsl bazar münasibətləri bərqərar olunmalı və ölkə regionun iqtisadi həyatına inteqrasiya olunmalıdır, qonşu dövlətlərlə, ən əsası da Azərbaycan və Türkiyə ilə münasibətlərə yenidən baxılmalıdır.

Amma erməni baş naziri hələki bunlar haqda düşünmək belə istəmir və “iqtisadi dirçəliş və tərəqqi eleksirini” bir Allah bilir ki, haralarda və kimlərin qəbulunda axtarır! Bəli, belə məlum oldu ki, avropalılar ona kredit vəd ediblər, amma krediti həm də qaytarmaq lazımdır. Hələliksə inqilabi baş nazir maliyyə problemlərini oliqarxalrın ekspropriyası yolu ilə həll edir. Amma iqtisadiyyat da, sosial sfera da daha davamlı və ciddi maliyyə “inyeksiya”ları tələb edir.

Paşinyan onları tapacaqmı? Çətin ki! Ona görə də əvvəlki avtoritar idarəçiliyə qayıtmaq qaçılmaz görünür: indiki halda Paşinyan Qarabağ problemində güzəştlər haqqında ümumiyyətlə düşünmür, region dövlətlərilə normal münasibətlər qurmağa tələsmir. Odur ki, başqa bir alternativ ehtimal olunmur; hətta inqilablar ciddi problemlərlə üzləşəndə sərtləşməkdən savayı çıxış yolu görmürlər; bir də görürsən ki, mediaya senzura tətbiq olunur, seçkilər təxirə salınır və opponentlər həbsə atılır...          

Bəli, gürcülərin “qızılgül inqilabı”nın lideri M.Saakaşvili vaxtilə bir çox problemlərin həllində xeyli irəliləyə bilmişdi, amma həm də ona görə ki, onun yanında Azərbaycan vardı, hansı ki, Qərb qonşusuna onu təkcə perspektivli və rentabelli enerji layihələrinə qoşmaqla dəstək vermirdi, onu sözün lap birbaşa mənasında himayə edirdi.

Məhz buna görə Saakaşvili daim deyidi ki, mən dəstəyi okeanın o biri tərəfində axtardım, amma onu Bakıda tapdım. Paşinyana da eyni dəstək təklif və vəd olunur, amma o, stol arxasına keçib problemləri müzakirə etməkdən, onları həll etməkdənsə müxtəlif siyasi və diplomatik bilməcələr fikirləşməklə məşğul olur. Əslindəsə bu gün gündəmdə bir bilməcə var: bu yolla kasıb və asılı ölkə olan Ermənistanda demokratiya və azadlıq qalib gələ bilərmi?..

Hüseynbala Səlimov
Tarix: 23-03-2019, 14:02
Xəbəri paylaş





Xəbər lenti