Bakı “göydələn”ləri: Minlərlə insanın həyatı necə qorunur?


Bakı “göydələn”ləri: Minlərlə insanın həyatı necə qorunur?

Ötən gün Bakının Nizami rayonunda “Diqlas” Ticarət Mərkəzində baş verən güclü yanğın ölkə gündəmini dəyişdi.

Sözügedən yanğın nəticəsində 1000-ə yaxın dükan içindəki mallarla birlikdə külə dönüb. Sahibkarlara dəyən ziyanın miqdarı isə, təxminən, 200 milyon manata yaxın olduğu deyilir. Yanğının bu cür geniş yayılmasının səbəbi kimi obyekt rəhbərliyinin yanğın təhlükəsizlik qaydalarına ciddi nəzarət etməməsi göstərilib. 

Ticarət mərkəzinin heç bir mərtəbəsində yanğınsöndürmə sistemləri olmayıb. Rəsmi məlumatda yanğının söndürülməsi üçün suyun iki kilometr məsafədən gətirildiyi də bildirilib.

"Yanğın təhlükəsizliyi haqqında" Qanuna görə, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinə riayət olunmasına nəzarəti təmin edən orqan Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətidir. Ölkəmizdə mütəmadi olaraq arealı geniş olan yanğın hadisələri qeydə alınıb. Hələ 2015-ci ilin may ayının 19-da paytaxtdakı yaşayış binasında baş verən yanğından sonra bir sıra təhlükəsizlik məsələlərinə riayət olunmadığı ortaya çıxmışdı. 

Hadisədən sonra məlum olmuşdu ki, həmin yaşayış binasında yanğın təhlükəsizliyi ilə bağlı tədbirlər görülməyib. Binalarda yanğın zamanı ehtiyat çıxışların, tüstü bacalarının, bloklarda nəzərdə tutulan su xətlərinin nə dərəcədə işlək olub-olmaması ciddi müzakirə obyektinə çevrildi. 

Xatırladaq ki, Azadlıq prospektindəki yanğın zamanı həlak olan 15 nəfərin əksəriyyəti məhz tüstüdən boğulmuşdu. Hadisə nəticəsində 64 nəfər isə yaralanmışdı. Yanğının başlamasına ilkin versiya kimi binanın üzərinə çəkilmiş penoplas üzlüklər göstərilirdi. Bu gün də paytaxtda mövcud çoxmərtəbəli binaların əksəriyyətində ehtiyat yanğın çıxışları yoxdur. Bəzi binalarda yanğınsöndürən balonlar olsa da, həmin qurğu işlək vəziyyətdə deyil. Sovet vaxtı tikilən binaların həyətində əlavə kiçik binalarda yanğına qarşı ehtiyat vasitələri ilə təchiz olunurdu. Binaların eyvanlarından yanğın keçidi qoyulurdu, bəzilərində yanmasın deyə, çöldən dəmir pilləkənlər var idi.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev “Cümhuriyət” qəzetinə bildirib ki, standartlara uyğun tikilən binalar dövlət qeydiyyatına alınır və orada yaşamağa icazə verilir: “Hansı binalarda ki, tikinti normalarına, təhlükəsizlik standartlarına əməl olunursa, eləcə də tikintidə istifadə olunan materiallar standartlarına cavab verirsə, həmin binalar dövlət tərəfindən qeydiyyata alınır və yaşamaq üçün icazə verilir. Amma bir sıra binalar var ki, onların tikintisində bu qaydalar nəzərə alınmayıb. 

Tək ehtiyat çıxışı yox, binaların həyətində parklanma, ehtiyat yanğın su çəni, hər mərtəbədə nəzarət müşahidə kameraları, o cümlədən siqnalizasiya avadanlıqları, tüstüyə qarşı müdafiə sistemi, bütün mərtəbələri yanğın dolabları ilə təchiz olunan binalar bütün təhlükəsizlik standartlarına əməl olunaraq inşa edilən mənzillərdir. Bu kimi məsələlərdə insanlar da diqqətli olmalı, öz həyatlarını təhlükə altına atmamalıdırlar. Əgər kimsə ev alırsa və yaxud bizneslə məşğul olmaq üçün mənzil kirayə götürürsə, təhlükəsizlik normalarına cavab verən plazalara üstünlük verə bilərlər. Bu cür plazalardan obyekt kirayə götürən və yaxud mənzil alan şəxs ən azından arxayın olur ki, burada təhlükəsizlik normalarına əməl olunur”.

Ekspert hazırda paytaxta bəzi binalarda hətta lift üçün ehtiyat generatorların olmadığını da diqqətə çatdırıb: “Bu cür yaşayış obyektlərində işıq sönsə, binaya girən şəxs liftin içərisində qalmağa məhkumdur. Amma buna baxmayaraq, həmin binada yaşayış var. Binanın həyətində ehtiyat su çəni belə yoxdur, olanlar da işlək vəziyyətdə deyil. Adi bir fövqəladə vəziyyətdə binanın həyətinə girmək mümkün olmalıdır. Xüsusən axşam vaxtı parklama ərazisi olmayan hündür mərtəbəli binalarda eksperiment aparılsa, həmin əraziyə girməyin müşkül məsələ olduğunu görmək olar. Fövqəladə hadisə vaxtı yanğınsöndürən maşınlarının həmin əraziyə necə daxil olması sual olaraq qalır”.

Yeganə Oqtayqızı


Tarix: 30-03-2019, 14:19
Xəbəri paylaş





Xəbər lenti