İrəvanın savaş blefi: Paşinyan güzəştə məcbur olacaq


İrəvanın savaş blefi: Paşinyan güzəştə məcbur olacaq

Bir neçə gün öncə Ermənistanın müdafiə naziri David Tonoyan təhrikçi xarakter daşıyan açıqlama ilə çıxış edib. 

O, münaqişənin sülh yolu ilə həllinə qarşı çıxaraq növbəti dəfə təxribat yaradacaq bəyanat verib. David Tonoyan Nyu York şəhərinin erməni diasporunun nümayəndələri ilə görüşdə “Ərazilər əvəzinə sülh formatını dəyişərək yeni ərazilər uğrunda yeni müharibə prinsipinə üstünlük verəcəyik, biz hücum bölmələrinin sayını artıracağıq ki, döyüş əməliyyatlarını düşmən ərazisində apara bilək” kimi fikirlər işlədib.

Xatırladaq ki, Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan martın 29-da Avstriyanın paytaxtı Vyanada görüşüblər. Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan David Tonoyanın bu açıqlamasına qismən bəraət qazandırıb. O, bildirib ki, əgər D.Tonoyan səsləndirdiyi açıqlamaya əks fikir bildirsəydi, onu dərhal vəzifəsindən kənarlaşdırardı. 

Ermənistanın müharibə siyasəti yenidən Aprel döyüşlərinin təkrarlanmasına səbəb ola bilər. Bu isə Ermənistanın məğlubiyyəti, Paşiyanın isə məhvi deməkdir. Ona görə, Paşinyanın güzəştə getməkdən başqa çarəsi yoxdur. Ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərov “Cümhuriyət” qəzetinə bildirib ki, Ermənistanı güzəştə ancaq Azərbaycan məcbur edə bilər: 

“İşğalçı dövlətin Müdafiə naziri hədə ilə çıxış edib. Amma təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupundan, ümumiyyətlə, səs-soraq yoxdur. Onlar bir daha öz mövqesizliyini  ortaya qoydular. Ona görə ki, onlar 20 ildən artıqdır ki, Ermənistanın maraqların müdafiə edirlər, İrəvanın işğalçı  siyasətini davam etdirməsinə şərait yaradıblar. Vaşinqtonda səsləndirilən sonuncu bəyanat da bir daha onu sübut etdi ki, ATƏT-in Minsk Qrupunu ləğv etmək lazımdır. Ümumiyyətlə, onları Azərbaycana buraxmamaq lazımdır. Əgər onlar həqiqətən də beynəlxalq çaplı diplomat olsaydılar, David Tonoyana və Nikol Paşinyana sərt təpki göstərərdilər. Söhbət işğal altında olan ərazilərin boşaldılmasından getməlidir, amma onlar yeni ərazi iddiası irəli sürür. Deməli, ATƏT maraqlıdır ki, münaqişə yenidən qızışsın və illərlə özlərinə yem yeri tapsınlar. Azərbaycan bir az qətiyyət göstərməlidir. Azərbaycanın Silahlı Qüvvələri hazır vəziyyətdə olmalıdır. Yəqin ki, Ermənistan Azərbaycan prezidentinin ötən gün verdiyi mesajları eşidib. Azərbaycan heç bir halda güzəştə getməyəcək. İnanıram ki, Qarabağ münaqişəsinin həlli Azərbaycan zabitinin və əsgərinin çiynindədir”.

Ekspert qeyd edib ki, ATƏT-in Minsk Qrupunda xristian təəssübkeşliyi var:

“Bəziləri bu təəssübkeşliyi dilə gətirməyə ehtiyat edirlər. Faktiki olaraq ATƏT-in Minsk Qrupu xristian dövləti olan Ermənistanın maraqlarını müdafiə edir. Belə olan halda adı ilə çağırmaq lazımdır. Ermənistan tərəfinə heç bir güzəşt olmayacaq. Paşinyan Vyanadan qayıdan kimi, dərhal Moskvaya hesabat verib. Ondan məlumat alan Putin dərhal əlaqəyə girib Azərbaycan prezidentinin məsələyə münasibətini öyrənir. Rəsmi Moskva Ermənistana havadarlıq edir. Ermənistan da öz həyasızlığını və işğalçılıq siyasətini davam etdirir”.//Cebhe.info//


Tarix: 4-04-2019, 16:03
Xəbəri paylaş





Xəbər lenti