Söz ki ağızdan çıxdı, oldu uçan quş...


Siyasət elə bir mərətdir ki, onunla ciddi-ciddi məşğul olan kəs gərək hər bir sözünün dalını-qabağını fikirləşsin, son illər patavalı şəkildə leksikonumuza daxil olmuş ifadə ilə desək, quşlamasın.

(Əslində, bu ifadə məntiqə söykənir: necə ki, quşu qəfəsdən, əlindən buraxarsan, pırr eləyib uçar və tuta bilməzsən, söz də elədir, ağzından dırr eləyib uçdusa, sonradan “bayy” eləməyin xeyri yoxdur, qaytarmaq mümkün deyil).

Özü də əldən uçan quşla, ağızdan çıxan sözün yaratdığı situasiyalar fərqlidir. Birinci uçub gözdən itir, o birisi uçanda uzaqlaşmır, yüzlərlə, minlərlə adam o sözü tutub gətirir, siyasətçinin gözünün qabağında oynadırlar.

Bizim ölkədə bu xüsusilə həssas məsələdir. Bu ölkənin broyler (quşçuluq) fabriklərində xüsusi “quştutan” ştatı olduğu kimi, mediasında, sosial şəbəkələrində də xüsusi “sözöynadan”, “sözdən söz çıxaran” adamlar var. Onların işi-gücü gün ərzində “quşlayan” siyasət adamlarının, ictimai xadimlərin ağızlarından çıxan sözü tutub camaatın müzakirəsinə təqdim etməkdir.

Bu səbəbdəndir ki, bəzən “söztutan”ların əli boşda qalanda giley dolu statuslar yazırlar: “Eh, bu gün quşlayan deputat olmadı”, “Yeni biri çıxıb ağzından ”quş" buraxsaydı, müzakirə edərdik", “Nə təhər hamısı da ağıllanıb e, quş buraxan yoxdur” və s. və i.a.

Amma bu o demək deyil ki, Feysbuk qeybətxanası boş qala bilər. Əsla. Mütləq kimdəsə bir qüsur tapılacaq. Heç nə olmasa belə, bir də görürsən, kiminsə adından nəsə yazdılar və o adamın gerçəkdən belə bir sz deyib-demədiyini dəqiqləşdirməyən yüzlərlə adam bu polemikaya qoşuldu...

Ona görə də siyasət adamları gərək status yazanda, çıxış edəndə çox ehtiyatlı olsunlar. Bura trollar ölkəsidir, daima ayıq-sayıq, sərvaxt olmaq lazımdır. Hamı özünü sərhəd qəsəbələrində, hərbi hissələrdə divara vurulan “ayıq ol, düşmən dinləyir” xəbərdarlığı oxuyurmuş kimi hiss etməlidir.

Bax, 4-5 gün qabaq Türkiyədə keçirilən bələdiyyə seçkilərində İstanbul şəhərindən namizədliyi irəli sürülmüş Binəli Yıldırım rəqibi ilə təxminən bərabərə qalanda, yəni mer seçilə bilməyəndə bir çoxları kimi ReAL partiyasının sədri İlqar Məmmədov da ümumi müzakirələrə qoşulmuş və belə bir məzəli status yazmışdı ki, Binədə türmədə yatdığı vaxt hər dəfə ildırım çaxanda “Binəli Yıldırım gəldi” deyə bir-birilə zarafatlaşırmışlar.

Neçə gündür çoxsaylı ictimai-siyasi fəallar yapşııblar bu söz-"quş"un quyğurundan, o tərəfə çəkirlər, bu tərəfə dartırlar, sözün lələyini, tükünü didib-didişdirirlər.

İndi nə var ki burada? Söhbət “Binə” və “ildırım” sözünün keçdiyi xəfif bir zarafatdan, məlum məkanda məşhur siyasət adamını yada salan təbiət hadisəsinə yumoristik münasibətdən gedir. Hər birimiz ildə yüzlərlə o cür yaxşı alınan və alınmayan zarafatlar edirik.

Ancaq FB istifadəçiləri bunu İlqar Məmmədovun intellektinin, yumor hissinin, hətta siyasi hazırlığının, liderlik keyfiyyətinin göstəricisi hesab edir, ironik statuslar, şərhlər yazırlar.

Hiss olunur ki, bütün bunlar bəhanədir. Adam nə desə belə, hoydu-hoyduya götürəcəkmişlər, Allah qismətlərini yetirib.

Bu da bir daha onu göstərir ki, siyasətçilər bacardıca az danışmalı, az yazmalıdırlar. Çünki minlərlə göz zillənib onların dodağını oxuyur. (Xüsusi dodaqoxuyan adamlar da var, 1 kilometr uzaqdan durub binoklla baxır, iki söhbət edən adamın bir-birilə nə danışdığını müəyyən edirlər).

Bir də gərək siyasətçi hissə qapılıb yekə-yekə danışmasın. Martın sonlarında İzmirdə bir qəsəbə meri postuna namizəd mitinqdə çıxış edəndə deyib ki, rəqibi ondan bir səs artıq alsa, İzmirdən köçəcək. Seçki gecəsi məlum olub ki, rəqibi həmin namizəddən 7 min səs artıq alıb. İndi adamın rəqibləri, jurnalistlər, seçicilər dirəşiblər ki, haydı, köç get bu şəhərdən.

Halbuki o namizəd cümləsini belə qura bilərdi: “Rəqibim məndən bir səs artıq alsa, əlini sıxıb təbrik edəcəm”. Vəssalam. Qızışıb yekə-yekə danışanda adamın sözünü özünə yedirdirlər, qalır çabalaya-çabalaya.

Uzun sözün kəsəsi, çünki oldun siyasətçi, sözünü ağzında bişir, hər dəqiqə nəsə demə, hissə qapılma. Belə eləməsən, hoydu-hoyduya götürülməyin qaçılmazdır. Bu peşə çox mərət peşədir.

Samir SARI
Tarix: 6-04-2019, 10:04
Xəbəri paylaş





Xəbər lenti