Bakının “B planı”, hərbi nazirin müharibə anonsu - TƏHLİL


Bakının “B planı”, hərbi nazirin müharibə anonsu
Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Dağlıq Qarabağ münaqişəsinin nizama salınması ilə bağlı növbəti görüşü ATƏT-in Minsk Qrupunun həmsədr ölkələrindən biri olan Rusiyanın paytaxtı Moskvada keçiriləcək. Moskva görüşünə Rusiyanın xarici işlər naziri Sergey Lavrovun da qatılacağı gözlənilir. Hazırda görüşün tarixi ilə bağlı danışıqlar aparılır.

Xatırladaq ki, Azərbaycan və Ermənistan rəhbərlərinin son Vyana görüşündə iki ölkə xarici siyasət başçıları səviyyəsində danışıqları davam etdirmək qərara alınıb. Ancaq Vyana müzakirələri bitər-bitməz, işğalçı ölkənin müdafiə naziri David Tonoyan ABŞ-dan təxribatçı bəyanat səsləndirib, Azərbaycanı yeni torpaq işğalı ilə hədələyib. Üstəlik, Ermənistanın baş naziri Nikol Paşinyan Tonoyanı müdafiə edib.

Doğrudur, Bakıdan bu bəyanata artıqlaması ilə cavab verilib. Ancaq erməni tərəfinin belə radikal və davakar ritorikası fonunda sülh danışıqlarının davamı məntiqsiz görünür. Bununla belə, sülhə kövrək ümidlər hələ ki tam itməyib.

*****

“Bir tərəfdən anlaşılandır ki, bu bəyanat daxili auditoriyaya hesablanıb. Ermənistan dərk eləməlidir ki, sən 30 ildir əlaqələrin pis olan qonşu ilə münasibətləri normallaşdırmağa cəhd etməlisən. Ermənilər deyirlər ki, diaspora bizə kömək edəcək. Hansı diaspor pul verib sizə? Hansı diaspor nümayəndəsi Ermənistana köçüb? Deməli, etibar yoxdur”.

Bu sözləri xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarı Zoqrab Mnatsakanyanla qarşıdakı Moskva görüşü ərəfəsində söyləyib. Nazir hesab edir ki, məhz erməni xalqını sülhə hazırlamaq lazımdır.

“Ermənilər deyir ki, ərazi əvəzinə sülh Ermənistan üçün qəbuledilməzdir. Hesab edirəm ki, bu, düzgün yanaşma deyil. Yaxşı, onda sülh qarşısında çiçəklənmə düşünün. Ermənistan 30 il qonşu ilə münaqişədən nə əldə edib? Onun vətəndaşlarına bunun nə faydası olub, görəsən? Ölkədə yoxsulluq səviyyəsi 40 faizdən yuxarı, perspektiv görünmür, demoqrafik vəziyyət fəlakət həddində, ən ağıllı kim varsa, baş götürüb qaçır... Azərbaycanla münasibətləri normalaşdırmadan erməni xalqının gələcəyi yoxdur”, - deyə o, haqlı olaraq qeyd edib.

Bununla belə, Azərbaycan XİN rəhbərinin nəzərincə, son Vyana görüşü münaqişənin sülh yolu ilə həllinin çətinliklə də olsa, mümkünlüyünü göstərib. Əks halda, yəni sülh danışıqlarının, atəşkəs rejiminin süni şəkildə uzadılması halında, əlbəttə ki, müharibə qaçılmazdır - gec ya tez. 3 il öncə işğalçı erməni qüvvələrinin təmas xətində törətdikləri təxribata cavab olaraq baş vermiş “4 günlük aprel” müharibəsi bu xüsusda Ermənistana ciddi xəbərdarlıq olmalıdır.

*****

“Aprel müharibəsi oyunçulardan birinin avantürist hərəkətləri fonunda regional təhlükəsizliyin nə dərəcədə kövrək olduğunu əyani nümayiş etdirdi”. “Yeni Müsavat” xəbər verir ki, bu sözləri rusiyalı şərqşünas-tarixçi İqor Pankratenko deyib.

“Üstəlik, aydın oldu ki, Azərbaycan-erməni konflikti minası illər ötdükcə paslanmır, yalnız daha təhlükəli olur. Bakı növbəti dəfə əmin oldu ki, Azərbaycanın və regionun təhlükəsizliyinin təminatçısı onun özünün hərbi potensialının möhkəmlənməsidir - hansı hərbi qüdrət ki, erməni təcavüzünü qeyri-mümkün edir. İrəvana gəlincə, ümid edirəm ki, onun üçün iki məqam artıq aydın olmalıdır. Birincisi, Bakıya qarşı onun heç bir blitskriqi (ildırımsürətli müharibə - red. ) prinsip etibarilə mümkün deyil. İkincisi, beynəlxalq səviyyədə ”Azərbaycanın aqressiyasına qarşı özünümüdafiə" nağılları artıq keçmir və dünya ictimaiyyəti İrəvanın avantüralarını bir çox səbəblərdən əsla dəstəkləmək niyyətində deyil", - deyə o qeyd edib.

Bununla belə, tarixçi-şərqşünasa görə, hər iki münaqişə tərəfi özləri üçün belə bir ümumi nəticə çıxarmalıdır: “Mənim fikrimcə, bu da ondan ibarətdir ki, işğal altındakı ərazilər məsələsinin hər hansı şəkildə həlli üçün həmin o ”dünya ictimaiyyəti" və özünü tərəflərdən hər hansı birinin müttəfiqləri kimi göstərən dövlətlər əsla hansısa ciddi addım atmaq fikrində deyillər. Onlardan ötrü bu, heç də birinci dərəcəli problem deyil. Onlar Dağlıq Qarabağ məsələsini həll eləməyi yox, dondurmağı üstün tuturlar. O ümidlə ki, hər şey hansısa formada öz-özlüyündə “sakitləşəcək”. Əlbəttə ki, bu, dəvəquşu mövqeyidir. Ancaq reallıqda mövcud olan budur və hələlik başqa yanaşmalar nəzərdən keçirilmir".

*****

İstənilən halda Azərbaycan Qarabağ məsələsinin həlli üçün “B variantı”nı - torpaqların güc yolu ilə azad edilməsi variantını həmişə gündəmində saxlayır. Bunu keçən həftəsonu Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri, general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə keçirilən xidməti müşavirə bir daha təsdiqləyir. Müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbi hissələrə səfərlərini və aprel döyüşlərinin nəticələri ilə bağlı səsləndirdiyi fikirləri xatırladan müdafiə naziri ordu qarşısında qoyulan son tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırıb. O, döyüş hazırlığı planına uyğun olaraq, xüsusilə gecə vaxtı, döyüş şəraitinə, real əraziyə uyğun keçirilən təlim və məşqlərin intensivliyinin artırılması, şəxsi heyətin döyüş hazırlığı səviyyəsinin, bölmələrin döyüş qabiliyyətinin yüksəldilməsi, birlik və birləşmələrin silah, döyüş və xüsusi texnikasının yay mövsümündə istismar rejiminə keçidinə hazırlığın təşkili ilə bağlı müvafiq vəzifəli şəxslərə tapşırıqlar verib.

Ermənistanın hərbi-siyasi rəhbərliyinin son zamanlar səsləndirdiyi məsuliyyətsiz çıxışlarına toxunan Zakir Həsənov bunun cəbhə xəttində gərginliyin artmasına səbəb olacağını qeyd edib. Müdafiə naziri plana uyğun olaraq keçirilən bütün təlimlərin genişmiqyaslı hücum əməliyyatlarının aparılması məqsədinə xidmət etdiyini bildirib. O, bütün səviyyələrdən olan komandir və rəis heyətinə düşmənin fəaliyyətinin daim müşahidə edilməsi, hərəkətinin nəzarətdə saxlanılması, onun törədə biləcəyi istənilən təxribata qətiyyətli cavab vermələri və hər an aktiv döyüş əməliyyatlarının başlanmasına hazır olmaları barədə konkret göstərişlər verib.
\\musavat.com\\ 
Tarix: 8-04-2019, 10:34
Xəbəri paylaş





Xəbər lenti