Paşinyan sələflərindən daha hiyləgər, daha təhlükəli çıxdı - REALLIQ...

 Vyana görüşü tarixə keçdi, xüsusi nəticələri ilə fərqlənmədi  və ya xəsisliklə verilən açıqlamalar, bəyanatlar belə bir təsəvvür yaratdı. Siyasətdə bu tip görüşlərin məxvilik sürəsi uzun çəkmir, əvvəl şaiyə şəklində yayılsa da, sonra  həqiqət qram-qram üzə çıxır. Ermənistan baş naziri Nikol Paşinyan hakimiyyət təcrübəsinin imkan verdiyi qədər- 9 gündən sonra görüşün əsas prinsipləri və nəyin müzakirə olunduğu haqqında açıqlamalar verdi.

Paşinyanın dediklərindən məlum olur ki, danışıqlar formatının müzakirəsi görüşün əsas məqsədi olub. Ermənistanın baş naziri “Erkrap” könüllülər ittifaqı qarşısında çıxışında belə deyib: 
“Hərtərəfli sülhün və sabitliyin yaranması Qarabağ münaqişəsində bir və ya iki tərəfin məsuliyyəti ola bilməz, bu məsuliyyət münaqişənin hər üç tərəfinə aiddir, bu məsuliyyəti münaqişənin hər üç tərəfi bərabər bölüşür.  Bu ümumi məsuliyyyətdir, birgə işdir. Və məhz bu sualları, bu ideyanı mən 29 martda Vyanada İlham Əliyevlə görüş zamanı müzakirə etdim”.
 
Paşinyanın sonra dediyi fikirlər də diqqət cəlb edir, amma Vyana görüşündə onun dediyi kimi yalnız format məsələsi müzakirə olunubsa bir sıra suallar yaranır. Paşinyan Marsdan, Aydan gəlməyib ki, 30 illik Qarabağ münaqişəsindən xəbəri olmaya və problemin mahiyyətini bir kənara atıb, bütün görüşü üçüncü tərəfin danışıqlarda iştirakının vacibliyinə  həsr etmiş olsun. Paşinyan format məsələsini oraya atmaqla yerini möhkəmlədir və özündən əvvəlki erməni rəhbərləri kimi zamanı uzatmaqla məşğuldur, çünki zamanın uzanması yalnız işğalçının xeyrinədir. Bu erməni siyasəti, 25 ildə çox ehtimal ki, Azərbaycan tərəfinə də məlumdur. Ona görə “ehtimalla” qeyd edirik ki, bilə-bilə yenə erməni toruna düşmək ortadadır. Elə isə, nədən düşmənə bu qədər imkan verilir? 

Ümumiyyətlə, istər dövlət başçılarının, istər nazirlərin görüşündə bu illər ərzində məsələ konkret qoyulmayıb:  torpaqlar işğal ediləndən sonra atəşkəs imzalanıb ki, sülh danışıqları ilə işğala son qoyulsun. Sülh danışıqlarında 25 il ərzində heç nə alınmır. O zaman bu nə deməkdir ki, mən havadarlarımın köməyi ilə müharibə edib torpaqları tuturam, sonra sən tərpənmə, torpağını işğaldan azad etmə, gəl çoxlu-çoxlu danışaq, baxaq görək nə qərara gəlirik. Bu danışıq yox,  fırlanqacdakı dələ kimi tələyə düşməkdir. Qarabağ sülh danışıqları Azərbaycan xalqının düşdüyü tələdir. Tələdən əziyyət çəkib çıxarlar, tələni dağıdıb çıxarlar, yoxsa tələyə salanla yüksək materiyadan danışmazlar.
 
“Mən martın 12-də Ermənistan və Arsaxın Təhlükəsizlik Şuralarının birgə iclasında sülhə nail olmağımızın versiyasını səsləndirdim. Vyanada aparılan danışıqlar əsnasında  məhz bu əsas müzakirə mövzusu oldu. Bununla əlaqədar müəyyən yanlış anlaşma var ki, ona aydınlıq gətirmək istəyirəm. Dağlıq Qarabağ yalnız 1998-ci ildən deyil, sonra da danışıq prosesində iştirak edib. 1998-ci ildən sonra danışıqlarda Ermənistanı Robert Koçaryan və Serj Sarkisyan təmsil edib.Bunlar da mahiyyətcə Qarabağı təmsil ediblər. Buna görə də onların tamhüquqlu mandatı olub” - Paşinyan çıxışında belə deyib.

Bunun söz oyunu olduğu açıq görünmürmü, guya əvvəlki erməni dövlət başçıları Qarabağdan olduqlarına görə onlar Qarabağı təmsil edib, Qarabağ da danışıqlarda iştirakçı olub. Əgər Vyana görüşündə həqiqətən müzakirə bu istiqamətdə gedibsə, doğrudan da xüsusi əhəmiyyətdən danışmağa dəyməz. 

Vyana görüşündə Paşinyan heç Madrid prinsipləri haqqında “aydın cavab alamadığını” da bildirib. Elə bu”etiraf”la Paşinyan yalan danışıdığını, məqsədinin danışıqları uzatmaq olduğunu açıq göstərib, çünki “Madrid prinsipləri”nin tərəfdarı kimi hələ hakimiyyətə gəlməzdən əvvəl xeyli uzaqgörənlik edib, referendumla Qarabağın müstəqilliyinə nail olacağını söyləmişdi.

Paşinyan sələflərindən daha hiyləgər, daha təhlükəlidir. Onun Vyana görüşünə münasibəti bu xarakterin tərkib hissəsidir. Nəzərə almaq lazımdır.
 
Moderator.az-ın analitik qrupu
Tarix: 8-04-2019, 21:47
Xəbəri paylaş





Xəbər lenti