“10 milyonuncu vətəndaşımız da “qaçqın” damğasıyla doğuldu...-Buna atəşfəşanlıq yaraşırmı?..”


“Ermənilərdən azad  edilmiş Şuşada birinci körpəmiz doğuldu!..”-Bizlər onda bayram edəcəyik..." 
“Əgər bu gün erməni əlindədirsə Şuşa, gərək varmı bu qədər təntənəyə, alqışa?!.”
 
Sultan Laçın


 Son günlərin şad xəbərinə hamımız sevinirik- 10 milyonuncu Azərbaycan vətəndaşı doğuldu. Qoy bu körpənin qədəmləri  bütün xalqımız, bütün türk, İslam dünyası üçün, bütün bəşəriyyət üçün xeyirli-uğurlu olsun. Özü də, bir yandan, diqqətəlayiqdir ki, həmin uşağın dünyaya gəldiyi ailə işğal altındakı torpaqlarımızdan köçkün olan ailənin övladıdır. O ailənin sevincinin həddi-hüdudu yoxdur... Biz də ürəkdən təbrik edirik həmin ailəni... Gün o gün olsun, Allah bizlərə təpər verib bir möcüzə etsin, həmin körpə böyüsün, doğum günlərini öz azad dədə-baba yurdunda qeyd edək...

Televiziyada, mediada, ictimai məkanlarda, metroda 10 milyonuncu sakinimizin dünyaya gəlişinin elan edilməsi də, bu münasibətlə ağacəkilmə kampaniyası da təqdirəlayiqdir... Bəli, qürur duyuruq, şadlanırıq ki,  on minlərlə şəhidi, 1 milyondan çox qaçqın-köçkünü olmasına rəğmən, xalqın xeyli hissəsinin maddi problemlər içində yaşamasına baxmayaraq,  Vətənimizdə insan artımı var... 

Amma kim nə deyir-desin, lap bəndənizi  “Azərbaycanın uğurlarına kölgə salmağa çalışan radikal müxalifətçi”, nə bilim, “destruktiv ünsür” –filan adlandırsınlar, ölkə vətəndaşı, özü də öz dədə-baba yurdunu  27-ci ildir ki, itirmiş bir vətəndaş olaraq bu olayı kütləvi konsertlərlə, atəşfəşanlıqla qeyd etməyi doğru saymıram... Bu, artıq gerçək hədləri aşmaqdır... Çünki biz hər bir addımı atanda düşünməliyik ki, bizim torpaqlarımızın 20 faizi, beşdə biri(!) əsrin üçdə birinə(!) yaxın bir müddətdir ki, işğal altındadır. Üstəlik, düz 31 ildir ki, 300 minə yaxın soydaşımız “Ermənistan” adlanan tarixi torpaqlarımızı tərk edib.  Axı bizə həftə səkkiz, mən doqquz, kütləvi konsert, atəşfəşanlıq  yaraşmır?.. Həmin ailə, onun qohum-əqrəbasının yığışıb şənlik etməsi normal sayıla bilər... Amma bütün ölkəni konsert məkanına döndərmək yaraşmır. Vallah-billah, yaraşmır... 

Və daha bir tutarlı məntiqi fakt da var ortalıqda: 10 milyonuncu vətəndaşımız da dünyaya öz  dədə-baba yurdundan uzaqda, torpağı erməni əlində olan bir “qaçqın” damğasıyla gəlib və hazırda Azərbaycanda, azı, 10 nəfərdən biri, ya Ermənistandan qaçqın, ya da Qarabağdan köçkündür.  Bəlkə bu da Allahın bir ibrətidir ki, nə qədər ki, qaçqınlarınızın sayı hələ də artmayıb, ayılın... İkincisi, ora-bura yozsaq da, fakt budur ki, 10 milyonluq  xalq 3 milyonluq hayın qarşısında girinc qalıb, torpaqlarını azad edə bilmir. Yəni, köhnə kişilər demiş, say çox,  sanbal yox... 
Vaxtilə vətəndaşı olduğumuz o boyda nəhəng SSRİ dünyanın 1/6-i zəbt eləmişdi, əhalisinin sayına görə ön cərgələrdə idi, ABŞ-a, Çinə, Avropaya meydan oxuyurdu, amma ildə cəmi bir neçə dəfə atəşfəşanlıq edirdi... Amma biz elə balaca bir bəhanə axtarırıq ki, on minlərlə pulu göyə sovuraq... O atəşfəşanlığa, konsertə xərclənən pulları elə həmin 10 milyonuncu övladımızın bank hesabına qoysaydıq, bundan yaxşı olmazdı..

Bundan əlavə, digər bir sual ortaya çıxır. Görək, həmin 10 milyon azərbaycanlının neçə milyonu gerçəkdən öz Vətənində yaşayır və onlardan nə qədəri yalnız halal maaşı, təqaüdü, ticarət, biznes gəliri hesabına, Rusiyaya, Türkiyəyə təpik döymədən, borca, sələmə, kreditə girmədən maddi cəhətdən xoşbəxt yaşayır?.. Rüşvət, korrupsiya haram alver, biznes hesabına yaşayanları hesaba almıyaq... Və hazırda 10 milyonumuzun neçə halal, rəsmən qeydiyyatdan keçmiş milyonçusu var?..

Əlqərəz, 30 ilə yaxındır özgə qapılarında, yataqxanada yaşayan Qarabağsız, Xankəndisiz, Xocalısız, Şuşasız, Laçınsız, Kəlbəcərsiz, Ağdərəsiz, Xocavəndsiz, Əsgəransız, Ağdamsız, Cəbrayılsız, Füzulisiz, Qubadlısız, Zəngilansız... köçkün bir vətəndaş, bir Allah bəndəsi olaraq heç kəsin xətrinə dəyməsin, bəndəniz hər dəfə kütləvi atəşfəşanlıq, konsert sədaları eşidəndə əsəbləri oyanır. Çünki hələ 2009-cu ildə yazdığım bir şeirdə dediyim kimi,  “Əgər bu gün erməni əlindədirsə Şuşa, gərək varmı bu qədər təntənəyə, alqışa?!.” Çünki biz vətənsevərlər üçün hər şeydən öncə yurddur, Qarabağdır... Elə yalnız Şuşanın yağı əlində qalması bunun mahiyyətini dərk edən vətəndaş üçün kifayətdir... 
Demirəm ki, büsbütün matəmə, bədbinliyə qapılaq... Hər kəs toy-düyününü etsin, teatra, tamaşaya, konsertə də baxsın... Və əgər torpaqları məhz indi azad edə bilməsək də, heç olmasa, planlı, operativ-sistematik vətənpərvərlik təbliğatı aparılsa,  telekanallarda, saytlarda cəmiyyətə bu dərəcədə arsızlıq, həyasızlıq, əxlaqsızlıq təlqini olmasa, küçələrə yarımlüt qız şəkilləri yerinə Qarabağa aid şüarlar vurulsa, yəni bütün dünya, baxan, gedən- gələn görsə, duysa ki,  bu xalq gerçəkdən torpağını istəyir, onda arada konsert, atəşfəşanlıq da etmək olar. Amma təkrar edirəm, mövcud durumda bizə kütləvi toy-bayram yaraşmır...

“Azad Qarabağda “qaçqın” damğası daşımayan ilk körpəmiz doğuldu”- Bəndəniz üçün, biz vətənprvərlər üçün əsil bayram  o xəbəri eşidəndə olacaq...

Sultan Laçın


Tarix: 9-04-2019, 21:24
Xəbəri paylaş





Xəbər lenti