"Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə baxışı formalaşmayıb"

 

Elxan Şahinoğlu: "O, Strasburqdakı tribunadan istifadə edərək özünü yenidən "sülh çarçısı" kimi göstərməyə çalışdı"

"İrəvan qorxur ki, bir gün Ankara da Moskva ilə işbirliyi əsasında münaqişənin həlli prosesində rol almaq istəyəcək"

Rusif Məmmədsoy: "Paşinyan artıq Rusiya ilə əlaqələri möhkəmləndirib və Putinin şərtlərini yerinə yetirib"

Bugünlərdə Fransanın Strasburq şəhərində işgüzar səfərdə olan Ermənistanın baş naziri Nikol Paşinyan verdiyi sərsəm açıqlaması ilə yenidən gündəmi zəbt edib. Belə ki, bəyanatlarında və Ermənistanın müdafiə naziri David Tonoyanın şərhlərində hər hansı ziddiyyətin olmadığını vurğulayan Paşinyan Avropa Şurasının baş katibi Turbern Yagland ilə birgə mətbuat konfransında jurnalistlərin suallarına cavab verərkən bildirib ki, bu, olsa-olsa vəziyyətin təfsir olunması məsələsidir. Nəzərinizə çatdıraq ki, David Tonoyan bir neçə gün öncə Nyu-Yorkdakı erməni icmasının nümayəndələri ilə görüşü zamanı bəyan edib ki, "ərazi qarşılığında sülh" formulunu dəyişərək, onu "yeni ərazilərin işğalı üçün yeni müharibə" formulu ilə əvəzləyib: "Ermənistanın müdafiə naziri kimi deyirəm ki, mən "ərazi qarşılığında sülh" formulunu dəyişdirmişəm. Artıq biz bunun tam əksini edəcəyik, yəni "yeni ərazilər üçün yeni müharibə". Heç bir ərazi güzəşti olmayacaq. Qarşılıqlı kompromislər isə mümkündür". Nikol Paşinyan isə öz növbəsində, Strasburqda çıxışı zamanı Tonoyanın mövqeyini dəstəkləməklə, Ermənistana Azərbaycanın yeni ərazilərinin lazım olduğuna işarə edib.

Qeyd edək ki, gücdən istifadə etməmək və gücdən istifadə ilə hədələməmək ifadələrini səsləndirən Paşinyana cavab verən Azərbaycanın Xarici İşlər Nazirliyi Ermənistanın baş nazirinə beynəlxalq hüququn bu prinsipləri barədə maariflənmək məqsədilə ATƏT-in 1975-ci il Helsinki Yekun Aktı ilə tanış olmağı israrla tövsiyə edib: "Helsinki Yekun Aktının məlum 10 prinsipi arasında ikinci yerdə sadalanan "gücdən istifadə etməmək və gücdən istifadə ilə hədələməmək" prinsipi ilə bağlı qeyd olunur: "Dövlətlər qarşılıqlı münasibətlərində, eləcə də, ümumiyyətlə, beynəlxalq münasibətlərində hər hansı ölkənin ərazi bütövlüyü və siyasi müstəqilliyinə qarşı və ya BMT və hazırkı bəyanatın məqsədlərinə uyğun olmayaraq güc tətbiqindən və gücdən istifadə ilə hədələmədən çəkinəcəklər". "Bütün beynəlxalq ictimaiyyət Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünü tanıyır və BMT TŞ-nin 1993-cü il tarixli 4 qətnaməsində Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğu vurğulanaraq işğalçı erməni qüvvələrinin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxması tələb olunur. Gücdən istifadə olunmamasını təklif edən erməni baş nazirini bölgədə davamlı sülh, təhlükəsizlik və rifahın təmin olunması naminə öz ölkəsinin silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması istiqamətində beynəlxalq ictimaiyyətin tələblərinə uyğun olaraq təxirəsalınmaz addımlar atmağa çağırırıq", - Azərbaycanın Xarici İşlər Nazirliyi vurğulayıb.

"Tonoyanın son çıxışları Nikol Paşinyan hakimiyyətinə qarşı yönəlmiş və onun gələcək siyasi karyerası üçün hesablanmış hiyləgər planın bir hissəsidir"

Bu arada, onu da bildirməliyik ki, Ermənistanın müdafiə naziri bugünlərdə təkrarən Azərbaycanın yeni ərazilərinin işğal ediləcəyi barədə hədələyici bəyanatla çıxış edib. Belə ki, "Mediamaks" agentliyinə müsahibəsində "rəqibin arxa cəbhəsinə keçib xaos yaratmağa" hazırlaşan hücum bölmələri barədə danışan David Tonoyanın sözlərinə görə, əgər Azərbaycan hərbi əməliyyatlara başlasa, o zaman erməni silahlı qüvvələri təkcə B nöqtəsinə deyil, C, D, E nöqtələrinə də zərbə endirəcək: "Təxribat halında biz düşmənlə onun ərazilərində üzləşəcəyik. Söhbət standart addımlardan getmir, zərurət yarandıqda bizim hücum qruplarımız düşmənin arxa cəbhəsində xaos yarada bilər. Əgər Azərbaycan hərbi əməliyyatlara başlasa o zaman erməni silahlı qüvvələri təkcə B nöqtəsinə deyil, C, D, E nöqtələrinə də zərbə endirəcək. Ermənistanda adamlar hərdən Azərbaycanın informasiya məkanının təsiri altına düşürlər. Azərbaycana elə gəlir ki, qələbələr və ərazilər haqda söhbətlərdə inhisarçılığa malikdir. Belə monopoliyalar onlarda artıq yoxdur və olmayacaq".

Tonoyanın müsahibəsinə cavab verən Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Vaqif Dərgahlı isə hesab edir ki, Ermənistan müdafiə nazirinin səsləndirdiyi növbəti sərsəm fikirlər heç bir normal məntiqə sığmayan, anormal düşüncəli şəxsin sayıqlamasına bənzəyir: "Ermənistan hakimiyyətini təmsil edən bu şəxsin beynəlxalq terrorçulara bənzər tərzdə çıxış etməsi, bu məntiqlə davranaraq dinc əhaliyə qarşı açıq-aydın təhdid dolu fikirlər səsləndirməsi xaosun məhz rəsmi Yerevanın hazırkı rəhbərliyində mövcud olduğunu sübut edir. İşğalçı ölkənin müdafiə nazirinin son çıxışları Nikol Paşinyan hakimiyyətinə qarşı yönəlmiş və David Tonoyanın gələcək siyasi karyerası üçün hesablanmış hiyləgər planın bir hissəsidir. Ermənistan rəsmilərinin müharibə hədəsi ilə dolu səsləndirdikləri təhdidləri ciddi qəbul etməyən Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etmək üçün döyüşə tam hazırdır".

Erməni general belə, David Tonoyanı səriştəsizlikdə və özünü gülünc vəziyyətə salmaqda günahlandırıb

Yeri gəlmişkən, qeyd etmək lazımdır ki, bu gün Ermənistanda Nikol Paşinyan və David Tonoyanı ittiham edənlərin, onların siyasi cəhətdən savadsız olduqlarını bəyan edənlərin sayı heç də az deyil. Məsələn, Ermənistanda bir il əvvəl "məxməri inqilab"ın yaratdığı eyforiyanın artıq sona çatdığını vurğulayan erməni general Arkadi Ter-Tadevosyanın sözlərinə görə, ölkədə keçirilən aksiyalarda narazı vətəndaşlar məyus olduqlarını tez-tez dilə gətirirlər: "Hətta Paşinyan hakimiyyətinə dəstək verən qüvvələr də onun siyasətini və komandasını sərt tənqid etməyə başlayıblar". Bununla yanaşı, David Tonoyanı səriştəsizlikdə günahlandıran Ter-Tadevosyan Ermənistanın müdafiə nazirinə bu cür bəyanatlarla özünü gülünc vəziyyətə salmamağı məsləhət görüb: "Ermənistanın müdafiə naziri ölkənin ictimai televiziyası vasitəsilə çıxış edərək böyük fikirlər səsləndirir, hərbi əməliyyatlardan danışır. Bu, onun təcrübəsizliyindən və səriştəsizliyindən irəli gəlir. Əgər sənin xarici diplomatiyan istənilən səviyyədə deyilsə, hansı hərbi əməliyyatlardan danışmaq olar? İkincisi, bu gün Ermənistan ordusu hücum əmrini yerinə yetirmək gücündə deyil. Mən Tonoyana məsləhət görərdim bu cür bəyanatlarla özünü gülünc vəziyyətə salmasın. Bu yaxınlarda Meğridəki Aqarak batalyonunda nələrin yaşandığı hamınıza bəllidir. Bunlar sadəcə qığılcımdır".

"Paşinyan münaqişənin həllinin birinci Ermənistan xalqının maraqlarına uyğun olması vacibliyini önə çəkir"

ÐаÑÑинки по запÑоÑÑ Elxan ÅahinoÄlu

Beləliklə, "Hürriyyət" xəbər verir ki, mövzu ilə bağlı mövqeyini bildirən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bu qənaətdədir ki, Nikol Paşinyanın aprelin 11-də AŞPA-dakı çıxışı onun növbəti hiyləgər gedişidir: "O Strasburqdakı tribunadan istifadə edərək özünü yenidən "sülh çarçısı" kimi göstərməyə çalışdı. Demək istədi ki, guya o sülh istəyir, qarşı tərəf isə müharibəyə can atır. Bu, Paşinyanın növbəti hiyləgər gedişidir. İki dünya müharibəsi görən, dağılan və yenidən qurulan Avropa bu gün pasifist olduğundan sülhdən danışan istənilən lideri dinləməyə hazırdır. Ancaq gərək Strasburqda Paşinyanı dinləyənlərdən kimsə onu sual yağışına tutaydı ki, "necə sülh?", "işğala son qoyan ədalətli sülh, yoxsa bölgəni növbəti müharibəyə sürükləyən sülh?" və s."

Paşinyanın kreativ görünməyə çalışdığını deyən politoloq bildirib ki, o, Strasburqdakı çıxışında bu strategiyasını davam etdirdi: "Məsələn, dedi ki, Ermənistanda xalqın inqilab yolu ilə qurduğu demokratik hökumət Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni nəfəs gətirib. Nədir bu yeni nəfəs? Birincisi, Paşinyan Azərbaycan prezidenti İlham Əliyevlə görüşlərini müsbət adlandırdı, ancaq əlavəsini də unutmadı: "Gərək iki ölkənin cəmiyyətləri arasında da dialoq başlasın ki, biz xalqlarımızı müharibəyə deyil, sülhə hazırlayaq". Bu, Paşinyanın növbəti hiyləgər açıqlamasıdır. Beynəlxalq təşkilatların və Minsk Qrupu həmsədlərinin istənilən bəyanatında və birgə açıqlamasında eyni cümlə yer alıb və Paşinyan həmin cümləni olduğu kimi təkrarlayıb. Paşinyan sosial şəbəkələrin dialoq meydanına çevrilə biləcəyini də vurğulayıb. İkincisi, Paşinyan son zamanlar münaqişənin həllindən danışarkən belə bir cümlə işlədir və bunu Strasburqdakı çıxışında da təkrarladı: "Münaqişənin istənilən həll variantı Ermənistan xalqının, Dağlıq Qarabağ xalqının və Azərbaycan xalqının maraqlarına uyğun olmalıdır". Göründüyü kimi, o münaqişənin həllinin birinci Ermənistan xalqının maraqlarına uyğun olması vacibliyini önə çəkir. Bu, əslində Dağlıq Qarabağın Ermənistan tərəfindən işğal oldunduğunun sübutudur. Gərək, yenə də kimsə Paşinyanın bu cümləsiylə bağlı ona sual verəydi ki, "niyə münaqişənin həlli birinci növbədə Ermənistan xalqının maraqlarına uyğun olmalıdır?" Paşinyan ədalətli görünsün deyə cümləsinin sonunda Azərbaycan xalqının da adını çəkir və bunu belə izah edir: "Bu, əslində bizim tərəfdən cox cəsarətli cümlədir". Yəni Paşinyan "münaqişənin həlli həm də Azərbaycan xalqının maraqlarına uyğun olmalıdır" açıqlaması ilə sanki böyük güzəştə getdiyini vurğulmağa çalışır və eyni yanaşmanı rəsmi Bakıdan gözlədiyini bildirir. Paşinyana görə rəsmi Bakı da oxşar səpkili açıqlama verməlidir: "Münaqişənin həlli Azərbaycan xalqının, Dağlıq Qarabağ xalqının və Ermənistan xalqının maraqlarına uyğun olmalıdır". Bizim açıqlamamız belə ola bilər: "Azərbaycanın ərazi bütövlüyünü ehtiva edən həll yolu bölgədə yaşayan bütün xalqların maraqlarına uyğun olacaq və bu bölgədə sülhün, sabitliyin və inkişafın əsasını qoyacaq".

"Münaqişənin həllini sürətləndirəcək qərarları başqaları verməlidir"

Ermənistanın baş nazirinin Strasburqdakı çıxışının sonrakı hissəsində AŞPA-ya da daş atdığını qeyd edən Elxan Şahinoğlunun sözlərinə görə, əgər adıçəkilən qurum Paşinyanın dediyini etsə, o zaman gərək bütün ölkələrdəki separatçı bölgələrin inkişafına dəstək versin: "Sən demə, Paşinyanın sözlərinə görə 2016-cı il aprel müharibəsinə həm də həmin ilin qış sessiyasında bu beynəlxalq təşkilatda müzakirələr səbəb olub. Bəli, həmin il AŞPA-da Azərbaycanın ərazi bütövlüyünü vurğulayan qətnamə qəbul edilib. Paşinyan başqa sözlə, demək istəyir ki, rəsmi Bakı həmin qətnaməyə əsaslanaraq hücum əməliyyatına başlayıb. Məsələ burasındadır ki, beynəlxalq təşkilatların Qarabağla bağlı bütün qətnamələri Azərbaycanın lehinədir və Azərbaycan ordusu bu qətnamələrdən istənilən birinə istinad etməklə hücum əməliyyatına başlaya bilər. Paşinyanın AŞPA-dan başqa bir narazılığı da var idi: "AŞPA Dağlıq Qarabağın demokratik institutlarının və vətəndaş cəmiyyətinin inkişafı üçün heç nə etmir, Strasburqun Dağlıq Qarabağdakı qeyri-hökumət təşkilatlarına dəstəyi sıfırdır". AŞPA Paşinyanın dediyini etsə, gərək bütün ölkələrdəki separatçı bölgələrin inkişafına dəstək verə. Bu AŞPA-nın siyasi fəlsəfəsinə ziddir. Çünki Avropanın özünün dağılmasını sürətləndirər. Dördüncüsü, Paşinyan Strasburqda dedi ki, Dağlıq Qarabağ münaqişəsi yalnız Minsk Qrupunun 3 həmsədr formatı çərçivəsində müzakirə olunmalıdır. Paşinyan 3 həmsədr ölkənin vəziyyəti dəqiq bildiyini iddia etdi. Ermənistanın baş nazirinin qorxusunu anlamaq olar. Türkiyə-Rusiya münasibətləri son illər strateji xarakter alır və İrəvan qorxur ki, bir gün Ankara da Moskva ilə işbirliyi əsasında münaqişənin həlli prosesində rol almaq istəyəcək".

Politoloqun fikrincə, Nikol Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həllinə baxışının formalaşmadığı Strasburqdakı çıxışından bir daha aydın oldu: "Paşinyanın sözü budur ki, "gəlin sülhdən danışaq, söhbət edək, fikir mübadiləsi aparaq, dialoq quraq, lazım gəlsə Sərsəng su anbarından birgə istifadə edək, ancaq münaqişənin konseptual həlli mənlik deyil". Bunların hamısı 1990-2000 illər arasında olub, cəmiyyətlər arasında dialoq da yüksək səviyyədə idi, Bakıda və İrəvanda birgə konfrans və seminarlar da keçirilirdi, qeyri-hökumət təşkilatları hətta birgə layihələrdə iştirak edirdilər. Ancaq bütün bunlar münaqişənin həllini yaxınlaşdırmadı. Çünki münaqişənin həllini sürətləndirəcək qərarları başqaları verməlidir".

"Paşinyan hər addımda Putinlə hesablaşmağa məhkumdur"

ÃÂðÃÂÃÂøýúø ÿþ ÷ðÿÃÂþÃÂàRusif MÃÂmmÃÂdsoy

"Hürriyyət"in məlumatına görə, siyasi şərhçi Rusif Məmmədsoy isə bu qənaətdədir ki, Nikol Paşinyan artıq hakimiyyətə gələrkən Qərbə meyl və Rusiyanın təsirinin azaldılması ilə bağlı vədlərinin mümkünsüz olduğunu anlayır: "Ermənistanın baş naziri Avropa Şurasının baş katibi Turbern Yagland ilə birgə mətbuat konfransında deyib ki, "bəyanatlarında David Tonoyanın şərhləri arasında hər hansı bir ziddiyyət olduğunu düşünmürəm". Bildiyimiz kimi, Ermənistanın müdafiə naziri David Tonoyan Nyu-Yorkda erməni icması ilə görüşdə Azərbaycandan yeni ərazilər almaqla bağlı bir sıra fikir səsləndirmişdi. O zaman "sülhsevər" Paşinyanın bu açıqlamasını necə başa düşək? Paşinyan artıq anlayır ki, o hakimiyyətə gələrkən iddia etdiyi Qərbə meyl və Rusiyanın təsirinin azaldılması ilə bağlı vədləri mümkünsüzdür. Vyana görüşündən dərhal sonra Rusiya prezidenti Vladimir Putinlə danışığı da buna sübutdur. İstənilən halda, Paşinyan hər addımda Putinlə hesablaşmağa məhkumdur. Bu zaman belə bir sual ortaya çıxır ki, Paşinyan nəyə güvənib bu ifadəni işlətdi?"

"Bundan sonra Azərbaycan tərəfinin təzyiqinin daha da artacağı şübhəsizdir!"

Siyasi şərhçinin sözlərinə görə, artıq Paşinyan Rusiya ilə əlaqələri möhkəmləndirib və Putinin şərtlərini yerinə yetirib: "Bunun əksini etmək onsuz da Paşinyan üçün olduqca qəliz idi. Çünki həm Rusiya, həm daxildəki separatçı qüvvələr, həm də Azərbaycan tərəfinin təzyiqi ilə üzləşmişdi. Bu səbəbdən Nikol Paşinyan da digərləri kimi bu ənənəni davam etdirəcək. Digər maraqlı məqam isə aprel ayının 15-də Azərbaycan və Ermənistan rəsmiləri arasında Rusiyada görüş keçiriləcək. Həmin görüş zamanı şübhəsizdir ki, Paşinyanın bu fikri dilə gətiriləcək. Hər çıxışında sülh danışıqlarında Azərbaycanı "günahkar" bilən baş nazir bu açıqlamanın sonrasını fikirləşmədimi? Düşünürəm ki, bu bəyanatın daha bir neçə səbəbi var. Birincisi, Rusiyaya arxalanmaq. İkincisi, Paşinyan başa düşür ki, o bu sualın qarşısında "Xeyr, Tonoyan bu ifadəni düzgün işlətməyib" deyə bilməzdi. Çünki bu zaman da onun legitimliyi şübhə altına düşərdi. Üçüncüsü, qondarma "erməni soyqırımı"nın ildönümü yaxınlaşır. Bu mənada, bu çıxışlarla milliyətçilərin də dəstəyini almağa çalışır. Çünki hazırda Avropada onlara Fransa kimi hegemon dövlət havadarlıq edir. Nəhayət, bu çıxışda əsas səbəblərdən biri də daxildəki separatçı qüvvələrlə bağlıdır. Belə ki, Paşinyan onlardan olduqca ehtiyat edir. Bu mənada, bu çıxışı bir növ məcburiyyət də ola bilər. Bununla da Paşinyan əslində təzyiqlərin bir qədər azalacağını ümid edir. Daha dəqiq desək, Paşinyan "time out" götürdü. Lakin bundan sonra Azərbaycan tərəfinin təzyiqinin daha da artacağı şübhəsizdir!"

Vazeh BƏHRAMOĞLU, Hurriyyet.org

Tarix: 13-04-2019, 22:03
Xəbəri paylaş





Xəbər lenti