Sərkisyanın, yoxsa Paşinyanın Ermənistanı ilə müharibə asandır? - TƏHLİL


Sərkisyanın, yoxsa Paşinyanın Ermənistanı ilə müharibə asandır?
Dağlıq Qarabağ məsələsində nə qədər ki, sülh sazişi imzalanmayıb, müharibə ehtimalı qalır. Müharibənin hər an başlaya biləcəyini bu yaxınlarda Azərbaycanın müdafiə naziri şəxsən bəyan edib. Azərbaycan dövləti və xalqı öz ərazi bütövlüyünü bərpa etməyə hazırdır və bunda israrlıdır.

Bu baxımdan danışıqlar real nəticələr verməsə, müharibə təhlükəsinin yaranacağını hər kəs etiraf edir. Erməni tərəfinin mövqeyindən də belə görünür ki, onlar Azərbaycan ərazilərini işğal etdikdən və orada etnik təmizləmə apardıqdan sonra torpaqlarımızı qaytarmaq niyyətində deyillər. Bunun məntiqi davamı isə müharibənin çox real olduğunu göstərir.

Ekspertlərə görə, vasitəçilər də ayrı bir yola imkan saxlamırlar. Onlar real addımların yerinə imitasiyaya bənzər danışıqlar təşkil etməkdə maraqlıdırlar. Bu danışıqlar isə heç bir əhəmiyyəti olmayan görüşlərdən ibarətdir. Bəs Azərbaycan üçün başçısı Serj Sərkisyan olan Ermənistanla, yoxsa Nikol Paşinyan olan Ermənistanla müharibə etmək daha asandır?

Hərbi-siyasi ekspert Ramil Məmmədli “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, təcrübəli dövlət başçısının olduğu ölkə ilə müharibə aparmaq daha çətindir: “Bu mənada Serj Sərkisyanın imkanları Nikol Paşinyandan daha yüksəkdir. Amma gəlin görək, Sərkisyanın rəhbərliyi dövründə Ermənistan ordusunun döyüş hazırlığı hansı səviyyədə idi. Biz bunu 2016-cı ilin aprel ayında Azərbaycan ordusunun apardığı hərbi əməliyyatlar sayəsində gördük və analiz etmək imkanımız oldu. Yəni Sərkisyan da xələfindən fərqli olaraq, dövlət idarəçiliyində təcrübəli olmasına baxmayaraq, heç də ermənilərin ümidini doğrulda bilmədi. Demək, burada əsas fərdlər yox, hərbi qüvvələrin peşəkarlığıdır. Nikol Paşinyana gəldikdə isə onu deyə bilərəm ki, o, hakimiyyətdə olduğu 1 il ərzində yalnız rəqiblərini həbs etdirməsi ilə gündəmə gəlib. Ermənistan ordusunda köklü hər hansı bir dəyişikliyin aparılması müşahidə edilmir. Çünki erməni cəmiyyəti orduda hələ də özbaşınalığın hökm sürdüyünü bəyan edir. Bir sözlə, Azərbaycan ordusunun imkanları istər Serj Sərkisyan, istərsə də Nikol Paşinyan Ermənistanının ordusu üzərində qələbə çalmağa imkan verir”.

Ekspert vurğuladı ki, müharibə başlayacağı halda Ermənistanın Azərbaycan ordusu qarşısında uzun müddət tab gətirmək imkanı yoxdur: “Azərbaycan ordusunun şəxsi heyəti, silah arsenalı, büdcəsi Ermənistan ordusunun bu imkanlarından dəfələrlə böyükdür. 2019-cu il üçün 3 milyard 37 milyon manat müəyyən edilib ki, bu da kifayət qədər sanballı göstəricidir. 2019-cu ildə Ermənistanın hərbi büdcəsi 625 milyon dollardır. Bu il ”Global Firepower" Azərbaycan ordusunu hərbi qüdrətinə görə 137 ölkə arasında 52-ci yerə layiq görüb ki, bu da Cənubi Qafqaz orduları arasında ən güclüdür. Ermənistan bu siyahıda 96-cı yerdədir. İndi ordumuzun arsenalında irimiqyaslı döyüş əməliyyatlarını həyata keçirəcək silah-texnika bazası tam formalaşıb. Bu imkan verir ki, Azərbaycan ordusu Qarabağda döyüş əməliyyatları başlayarsa, Ermənistan ordusunun dərinlikdə yerləşən dayaq məntəqələrini, qərargahlarını, əməliyyat idarəetmə mərkəzlərini qısa zamanda məhv etsin. Burada söhbət təmas xəttindəki Ermənistan ordusunun müdafiə xəttindən yox, daha uzaq məsafədə düşmən hədəflərinin məhv edilməsindən gedir. Yəni bu, o deməkdir ki, ordumuzun imkanları düşmən bölmələrini qoşunlarımızla üz-üzə döyüşə girmədən məhv edilə biləcək. Bundan başqa, Azərbaycan ordusunun Naxçıvandakı bölmələri Ermənistana daha ağır zərbə vurmaq imkanına malikdir. Ermənistan isə hazırkı iqtisadi və siyasi vəziyyəti ilə Azərbaycanla iki cəbhədə müharibə aparmaq imkanına malik deyil. Ermənistanda kimin hakimiyyətdə olması bu vəziyyəti dəyişmir".
 
Tarix: 18-04-2019, 09:20
Xəbəri paylaş





Xəbər lenti