Ailə quranın evini yıxan, adını dərsliklərə salan, Qarabağ əlilini küçəyə atan
Bu günlərdə hər kəs məktəbli Elinanın intiharından danışarkən paralel olaraq gündəmdə Abşeron rayon icra başçısı İradə Gülməmmədovadır. 

Yox, yox, İradə xanım intihar etmir, sadəcə, əməlləri ilə insanları intihar həddinə çatdırmaqdadır.

Cahan.info xəbər verir ki, onun insanı intihara təhrik edəcək ilk addımı vətəndaşın toyuna bir gün qalmış evinin yerlə-yeksan olunub, başına uçurulmasıdır. Bu faktı jurnalist İlkin Pirəli ictimailəşdirdi.

O, yazdı ki, İradə xanım birbaşa prezidentin əleyhinə işləyir: “Təsəvvür edin ki, Saray qəsəbəsində aprelində 13-də toy mərasimi olacaq ailənin gününü qara gətirib, evini uçurdublar, yerlə-yeksan ediblər.

Belə vəhşilik olar? Gəlinin cehizi yeni gəlibmiş, divan, qablar qırılıb. Ailə 1999-cu ildən həmin evdə yaşayır.

Lap deyək ki, evin sənədləri qanuni deyil, bu, əsas vermir ki, evi dağıdasan. Əslində sənədlər də qaydasındadır. Ailə çadır istəyib, onu da verməyib, hazırda çöldə qalıblar.

Neçənci dəfədir, icra başçısı bu cür edir. O qadın nəzərə almalıdır ki, prezident İlham Əliyevin Abşerondakı nümayəndəsidir.

Vətəndaşda nifrət oyadacaq addımlar atmaq dövlət başçısına zərbə deyil, nədir bəs?!”

Mətbuat xidmətinin rəhbəri Seymur Qasımov saytımıza bildirib ki, rayon icra hakimiyyəti tərəfindən söküntü işləri aparılmır: 

“Rayonun Saray qəsəbəsində mənzilin sökülməsi isə məhkəmə icraçıları tərəfindən həyata keçirilib.

Belə ki, iki vətəndaş arasında olan mübahisəyə məhkəmdə baxılıb. İdiaçı Gülmalıyev Vahid Abbas oğlu ona aid olan torpaq sahəsinin Hüseynov Raqif Əjdər oğlu tərəfindən zəbt edilərək mənzilin tikildiyini önə çəkib və adıçəkilən şəxsi məhkəməyə verib.

Sözügedən mübahisəyə Abşeron Rayon Məhkəməsində baxılıb və 18.02.2015-ci il tarixində çıxarılmış qətnaməyə əsasən Hüseynov Raqif Əjdər oğlu tərəfindən inşa olunmuş qanunsuz tikintinin sökülməsi qət edilib”.

İ.Pirəli isə mətbuat xidmətinə cavab verib ki, icra məmurunun rayon icra hakimiyyətinin başçısının razılığı olmadan fərdi yaşayış evini, ticarət obyektini sökə bilməzdi: 

“İcra məmurlarının öhdəsində yüzlərlə iş var, niyə icra etmirlər? Çünki edə bilmirlər. Adamlar 1999-cu ildən orada yaşayırlar, indi yadınıza düşüb?

Prezidentin sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı fərmanı harda qaldı bəs?

Bİnanın adi vaxtda sökülməsinə bu cür reaksiya olmazdı vicdansızlıq edib toya bir neçə gün qalmış sökməsəydilər...

Cinayət törətməyiblər ki, 1 həftə gözləyəndə nə olacaqdı ki? Təbii ki, vəhşilik sərhəd tanımır.

Siz qanunla işləyirsiniz, bilirik, bir müddət öncə də jurnalist Hacı Zeynalovun da Saray qəsəbəsində sənədli evini sökmüşdünüz, amma sonradan sözünüzü yediniz, mətbuat üstünüzə gəldi deyə, dəymiş ziyanı ödədiniz.

Bütün hallarda normal işləmək lazımdır, siz orada prezidenti təmsil edirsiniz, beləmi xidmət edirsiniz?”

İ.Gülməmmədovanın ev qurmaq istəyənlərin evini başına yıxması onun ilk belə hegemonluğu deyil.

Abşeronun “kraliçası” özünü 1-ci ledi  kimi aparır və Abşeron İH başçısı özünün şəkli olan məktəbli kitabçalarını təhsil ocaqlarına paylamaqda davam edir.

Ona izah edən olmayıb ki, İradə xanım, siz dövlət rəhbərliyində təmsil olunmursunuz, Azərbaycan tarixində adını keçmir, məktəblilər onlara paylanan kitabçaları açanda niyə sizin şəklinizi görməlidirlər?

Bundan qabaq Qarabağ döyüşçüsü Fuad Ələkbərov daşı daş üstə qoyub özünə yuva tikə bilməmişdi. Onu küçəyə atan, evsiz qoyan, döyən RİH nümayəndələrinə etiraz olaraq evinə od vurub yandırmışdı. Bu faktı əks etdirən video sosial şəbəkələrdə böyük qəzəblə qarşılanmışdı.

Ancaq bu, ilk Qarabağ əlili deyil ki, İ.Gülməmmədovanın qəzəbinə tuş gəlməsin. Qarabağ əlili Səyyaf Bayramov İ.Gülməmmədovanın əmri ilə mülki geyimli iki nəfər tərəfindən qanına qəltan edildiyini söyləyirdi.

Onun sözlərinə görə, kanteyneri dağıdılıb, yaşamağa bir sığınacağı yoxdur və evsiz-eşiksiz qalması ilə bağlı etdiyi müraciətin axırında icra başçısı tərəfindən cəzalandırılıb.

Bu hadisələr bir daha sübut edir ki, Abşeron RİH ev tikintisini alverə çevirib. Onun istəyi ilə ev tikmək istəyən vətəndaş bir mərtəbə üçün 5000- 10000 manat rüşvət verməlidir.

Bu istəyə tabe olmayan vətəndaşın evinin daşı-daş üstə qalmır. Xanım icra başçısının qanunsuz əmri ilə evinin damını vurmaqda olan vətəndaşın evi bir saata sökülür.

Abşeron rayonunun Qobu, Masazır, Hökməli, Saray, Mehdiabad, Digah, Aşağı Düzdək qəsəbələrində ev tikmək istəyən şəxslər yalnız lazım olan pulu ödədikdən sonra tikintiyə başlaya bilərlər. Məbləğ isə tikilinini mərtəbələrinin sayından asılı olaraq 3-10 min manat arasında dəyişir.

Məsələn, bir nümunəni da yada salaq: təkcə, Qarabağ əlilləri deyil, hamının başına bu müsibətin gətirildiyini oxuyaq.

2016-cı ildə Gülyanaq Əsgərova bildirirdi ki, Masazırda torpaq sahəsi alıb, özünə ev tikməyə başlayıb.

Tikili yarıya çatanda icra nümayəndəsi peyda olub. Tikinti işlərini dayandırıb, yarımtikilini isə sökdürüb.

“İcra nümayəndəsi gəldi, dedi, “özbaşınasan ki, burda ev tikəsən?” Dedim, “axı, hər sənədim var, icra hakimiyyəti də eskiz layihəmi təsdiqləyib.

Mən baş memara zəng vurdum, dedim, “bəhanə elədiniz ki, möhür yoxdur, onu da vurdurduq.

İndi nə istəyirsiniz?” Dedi, “bilirsiz, orda icranın da haqqı var idi. Onu verməmisiniz. Səhər saat 09:00-da 3 min 500 manat gətirin, söhbət bağlansın”.

Məlumatlara görə, İ.Gülməmmədovanın tikinti işlərində müavini Fuad Cəbrayılov, baş memar Akif Əliyev, mühəndis Abdun Dadaşov aparıcı fiqurlardır. Hər halda prezidentin apardığı kadr islahatları Abşeronda da öz təsirini göstərəcək.

Bu faktlarla bağlı RİH-nin mövqeyini dərc edə bilərik.