Bakı Beynəlxalq Avtovağzalı yenidən quruldu, ortaya tamam fərqli mənzərə çıxdı


Bu və ya digər şəhər haqqında ilk təəssürat həm də  avtovağzaldan formalaşır desək, yəqin ki, yanılmarıq. Çirkli, uçulub-dağılmış avtovağzal heç də uğurlu səfər vəd etmir. Əgər gözoxşayan təmizlik, rahatlıq və gülərüz personalla qarşılaşırıqsa, bu ilk dəfə getdiyimiz  şəhər haqqında xoş xatirələrin başlanğıcı ola bilər. Eynilə Bakı Beynəlxalq Avtovağzal Kompleksində (BBAK) olduğu kimi.

Kompleksə səfərimiz yeni nəqliyyat qovşağının istifadəyə verilməsi ilə üst-üstə düşür. Qovşağın yaradılmasında məqsəd ölkəmizə gələn  turistlərin, eləcə də regionlardan paytaxta gələn vətəndaşların təhlükəsizliyini və rahatlığını təmin etmək, avtobusların, minik avtomobillərinin hərəkətini nizamlamaqdır.

Bizi komplekslə tanış edən BBAK-ın mətbuat xidmətinin rəhbəri Pərvin Məmmədovanın sözlərinə görə, 2017-ci ildən inşasına başlanılan nəqliyyat qovşağı 50 min kvadratmetr ərazini əhatə edir. Minik avtomobilləri, beynəlxalq, müntəzəm və qeyri-müntəzəm ictimai nəqliyyat vasitələri əhalinin rahatlığı məqsədi ilə vahid məkanda yerləşdirilib.


“Əvvəllər sərnişinlər pərakəndə şəkildə avtobusdan enirdilərsə, artıq bütün avtobusların gəliş nöqtəsi bir məkandadır. Eyni zamanda, nəqliyyat vasitələrinin girişi və çıxışı, nəqliyyat və piyada axınları bir-birindən ayrılıb ki, bu da təhlükəsizlik üçün çox önəmlidir. Artıq Sumqayıt avtostansiyası da qovşaq ərazisində fəaliyyət göstərir”,- deyə P. Məmmədova bildirir.

Avtovağzal rəsmisi ilə söhbətimizi nəqliyyat qovşağında davam etdiririk. Pərvin xanım bizi avtovağzaldakı müasir ictimai iaşə obyektləri, gözləmə zalı, fərdi avtomobillər üçün parkinq yeri ilə əyani şəkildə tanış edir. Kompleksdə dispetçer və bilet satış məntəqəsi, gözləmə zalları, müasir standartlara cavab verən telekommunikasiya, poçt xidmətləri ilə yanaşı, maliyyə, eləcə də aviabilet satışı və turizm xidmətləri göstərən yeni "Şəbəkə" xidmət mərkəzi fəaliyyət göstərir.

Avtobusdan enən sərnişinlər 4 körpü vasitəsilə həm perronlara, həm də ticarət mərkəzinə keçid edə bilirlər. Amma qabaqcadan satış kassaları nəqliyyat qovşağında da mövcuddur.

Nəqliyyat qovşağında sürücülər də nəzərə alınıb. Burada sürücülərin rahatlığını təmin etmək üçün hostel fəaliyyət göstərir. Yaxın günlərdə isə ictimai WiFi şəbəkəsinin fəaliyyətə başlaması nəzərdə tutulub.

Avtovağzalda ən çox diqqət çəkən məqamlardan biri də təmizlikdir. İstər gözləmə zalları, istərsə də qovşaq ərazisindəki dayanacaqlar təmizliyi ilə göz oxşayır. Öyrənirik ki, qovşaqda gün ərzində bir neçə dəfə təmizlik xidməti göstərilir. Burada şəhərlərarası, beynəlxalq reyslər, Sumqayıtdan gələn marşrut avtobusları və taksilər üçün xüsusi nişanlanmış zonalar ayrılıb.

Nəqliyyat qovşağı və yenilənmiş avtovağzalla bağlı sərnişinlərin də fikriləri müsbətdir. Ərazidə olduğumuz zaman Sumqayıt-Bakı reysi ilə marşrutdan enmiş sərnişinlərlə söhbətləşirik. Məlum olur ki, son illər ərzində ilk dəfədir ki, rahat gediş-gəlişin nə olduğunu hiss edirlər. Əlində iri bağlamalar olan bir sərnişin isə yük arabaları ilə bağlı xidməti çox bəyəndiyini deyir. İndiyə qədər istifadə olunmayan bu xidmətə müəyyən edilmiş məbləğ qarşılığında yüklərin avtovağzalın istənilən hissəsinə daşınması daxildir. Sərnişinləri razı salan həm də qovşaq ərazisində tez-tez rast gəlinən məlumat lövhələri, nişanlar və istiqamətlər və digər sualları cavablandırmaq üçün ayrılmış xüsusi geyimdə işçilərdir.

BBAK rəsmisi Pərvin Məmmədova onu da deyir  ki, qovşaqla bərabər kompleksin özündə də təmir işləri aparılıb. Əvvəllər işləməyən liftlər, eskalatorlar yenilərilə əvəzlənib.

Avtovağzalı sərnişinlər üçün rahat və əlçatan edən həm də kassaların yeridir. Kompleksin ucqar küncündə yerlən kassalar artıq gözləmə zallarının düz qarşısında quraşdırılıb.

Xidmətlə tanış olmaq üçün kassalara yaxınlaşırıq. Günün ikinci yarısı olduğundan o qədər də çox sərnişin gözə dəymir. P.Məmmədova deyir ki, avtovağzaldan istər şəhərlərarası, istərsə də beynəlxalq reyslər üçün biletləri avtovağzal.az saytına daxil olmaqla onlayn da almaq mümkündür. Biletlər 10 gün əvvəlcədən satışa çıxarılır və yola düşməyə 30 dəqiqə qalmışa qədər onu kağız biletə çevirmək olar. Nəticədə indi kassalar qarşısında uzun-uzadı növbələrə də ehtiyac qalmır. Avtovağzala gəlmək imkanı olmayan sərnişinlər isə bileti "Silkway" turizm şirkətinin Nizami küçəsində yerləşən şöbəsindən əldə edə bilərlər.

Kompleks ərazisində bir yenilik də elektron monitorların quraşdırılması ilə bağlıdır. Əvvəllər sərnişinlər kassirdən və ya sürücüdən gedəcəkləri istiqamət, yerlər haqqında məlumat alırdılarsa, artıq bütün lazımı informasiya kassaların üzərində yerləşdirilən həmin lövhələrdə qeyd olunub.

“Sərnişinlər kassaların üzərində quraşdırılmış monitorlarda istiqamətin adı, biletin qiyməti, məsafə, marşrut avtobusunun hansı perrondan yola düşməsi, avtobusun dövlət qeydiyyat nişanı, yola düşəcəyi tarixi, tutumu və hazırda nə qədər boş yer qaldığını öyrənir. Sərnişinə düşən iş ancaq kassadan bileti alıb yerinə əyləşməkdir. Bu həm onların sırada gözləyib kassirə sual verməsinin, həm işçi, həm də sərnişin üçün vaxt itkisinin qarşısını alır”, - BBAK rəsmisi qeyd edir.

Məlum olur ki, yeni qovşağın yaradılması ilə bərabər kompeksin özündə də bir sıra yenidənqurma işləri aparılıb, yanğından mühafizə, işıqlandırma, havalandırma sistemləri, təhlükəsizlik kameraları tamamilə yenilənib. Ərazidə 93 nömrədən ibarət beşmərtəbəli "Baku Crossway Hotel"i də fəaliyyət göstərir.

Müsahibimizdən öyrənirik ki, BBAK ərazisində iki pilot layihənin həyata keçirilməsi nəzərdə tutulub. Nəqliyyat qovşağında Almaniyanın "SAP" şirkəti ilə birgə həyata keçirilən pilot layihə çərçivəsində "SAP" texnologiyalarının əsasında yaradılmış unikal sistem nəqliyyat vasitələrinin texniki statusunu, sürücülərin sağlamlıq vəziyyətini, həmçinin şəhərlərarası və beynəlxalq avtobusların salonundakı vəziyyəti müəyyən etməyə imkan verir.

Sistem mərkəzdən idarə olunur və hər hansı nasazlıq baş verdikdə dispetçer tərəfindən dərhal reaksiya verilir. "Cisco" şirkəti ilə reallaşdırılan pilot layihə isə yaxın gələcəkdə yerli və beynəlxalq daşımaların idarə olunmasının təkmilləşdirilməsi, nəqliyyat xidmətlərinin keyfiyyətinin daha da artırılması, o cümlədən təhlükəsizliyin yüksək səviyyədə təmin olunması üçün imkan yaradacaq. Bu pilot layihə nəticədə bütün Avtovağzal Kompleksinin rəqəmsallaşdırılması nəzərdə tutulub.

Kompleks ərazisində nəhəng yaşıllıq sahəsinin olması da diqətimizdən yayınmır. Öyrənirik ki, burada təxminən 8500 kvadratmetr ərazidə yaşıllaşdırma və abadlıq işləri aparılıb, 2000-dən çox ağac əkilib. Bu mənzərə kompleksin mərkəzindəki məşhur qırmızı eskalatorla yuxarı qalxanda daha aydın görünür. Bir sözlə, kompleks indiyə qədər avtovağzal  haqqında mövcud olan streotipləri alt-üst edir. 

Tarix: 19-04-2019, 21:30
Xəbəri paylaş





Xəbər lenti