qaçqın ailəsini butkadan küçəyə tökdülər
Azərbaycanda məcburi köçkün ailəsinə butkada yaşamağı da çox görüblər

Ölkədə qaçqın və köçkünlərə dövlət qayğısı olduğu halda Xələfovlar ailəsinin başına gətirilən müsibət və məmur harınlığı bu işlərə tam kölgə salıb. İndiyə qədər belə vandalizm, vəhşiliyin misli görünməmişdi.

Cahan.info-ya verilən məlumata görə, söhbət evsizlikdən məcbur qalıb “Azərsu” ASC-yə məxsus və istifadədə olmayan butkada məskunlaşmış Qarabağ qazisinin ailəsinin küçəyə atılmasından gedir.

Xələfov Əhməd Faiq oğlunun 50 yaşı var, 7 yaşlı oğlu Turan gələcəyin əsgəridir, hələ də məktəbə getmir.

Füzulinin Horadiz kəndi işğal olunanda məcburi köçkün kimi yurdundan çıxıb, amma qeydiyyata düşüb sənəd ala bilməyib.

O, 1991-1992-ci illərdə Qarabağ müharibəsinin könüllü iştirakçısı olub, 839-cu batalyonda vuruşub, qəlpə yarası alıb. Lakin Ə.Xələfov buna görə əlillik pensiyası da ala bilməyib.

1992-ci ildə Bakının Xətai rayonunda qeydiyyata düşüb. Əfsus ki, “Qaçqınkom”dan bu günə kimi heç bir yardım ala bilməyib.

Hazırda ürəyi xəstə olduğu üçün işləyə bilmir, həyat yoldaşı günəmuzd işləyir, günü 10 manat qazanmaqla evə çörək gətirməyə məhkum olub.

Xələfovlar bir neçə gün əvvəl Yeni Suraxanıda “Azərsu” ASC-yə məxsus istifadəsiz, suyu, qazı, işığı olmayan butkada məskunlaşıb. Köçkün ailəsi həmin yeri zibillərdən təmizləyib, girib içinə.

Amma gözü dönmüş və vicdan hissini itirmiş Qorxmaz Hüseynovun işçiləri məsələdən xəbər tutar-tutmaz düşməncəsinə hücuma keçiblər.

Onlar ailəni həmin butkadan çıxarıblar, əşyalarını çölə töküblər. Bu faktı təsdiqləyən fotolar da saytımıza ünvanlanıb. Qarabağ əlilinin ailəsi indi küçədə gecələyir, gedəcək yerləri yoxdur, bir qarın çörək tapmırlar.

Əhməd bilsəydi ki, vətən uğrunda sağlamlığını itirərkən ona övladı ilə butkada yaşamağı da çox görəcəklər, yəqin əlinə silah almazdı.

“Azərsu”nun əməkdaşları isə Əhməd erməni ilə vuruşanda kim bilir harda olublar. Onlar istifadəsiz bir butkadan ailəni küçəyə tökəndə vicdanları sızıldamayıb. Görəsən, onların ailəsi, uşağı yoxdur?

İndi bir sığınacağı olmayan qaçqın ailəsi küçədə gecələyərkən, həmin şəxslər və rəhbərləri Qorxmaz Hüseynov rahat şəraitində, yumşaq çarpasında yatırlar.

Bu ailəyə indiyə qədər “Qaçqınkom” tərəfindən hər hansı yardım olunmayıbsa, hörmətli sədr Rövşən Rzayevin şəkillərə diqqətlə baxmasını, bu insanların aqibətinə təcili reaksiya bildirməsini xahiş edirik.

Əhməd Xələfov məcburi köçkün və Qarabağ qazisi kimi evlə təmin edilməlidir. Eyni zamanda əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevdən onlara sosial yardım ayrılmasına, Qarabağ əlili kimi pensiya təyin olunmasına göstəriş verməsini xahiş edirik.

Eyni zamanda ürəyi xəsətə olan qazimizin müalicəsinə, övladının təhsil almasına, xanımının normal işlə təmin olunmasına diqqət göstərilməsi lazımdır. Bu insan vətəni hər şeydən uca tutub, canını fəda edib, indi nə qalmağa evi, nə yeməyi, nə övladına təzə geyim almağa pulu var...

Ümidvarıq ki, məsələyə rəsmi qurumlar operativ reaksiya verəcəklər və “Azərsu” ASC sədri Qorxmaz Hüseynov bu vicdansızlığı edənlərin kimliyini araşdırıb cəzalandırılmasına tapşırıq verəcək.

ASC-nin mətbuat xidmətinin mövqeyini dərc etməyə hazırıq