Tahir Kərimli: Əgər onların içərisində bir faiz də sülhə meylli deyilsə, hansı sülhdən danışmaq olar?”


Milli Məclisin plenar iclasında çıxış edən deputat Tahir Kərimli Azərbaycanla Ermənistan arasında gedən danışıqlardan bəhs edərkən narahatlığını ifadə etdi.

O, son görüşlərdə xalqlar arasında sülhün yaradılması, jurnalistlərin qarşılıqlı səfərlərinin təşkili ilə bağlı razılaşmaya toxundu: “Mən bu məsələni başa düşə bilmirəm. Bəzən arqument gətirirlər ki, faşist Almaniyası ilə SSRİ bir-biri ilə barışdı. Məsələ ondadır ki, faşizmi aparıb öz yuvasına kimi qovladılar. Ona təslim aktı imzalatdırdılar, ondan sonra sülh danışıqları oldu. Bu qədər insanlarımız şəhid olub, yaralıdır, qırılıb-batıb. Belə olan təqdirdə hansı sülh danışıqlarına getmək olar?! Azay müəllim də dedi, artıq bütün beynəlxalq təşkilatlarda erməni tərəfi hücuma keçib. Ona görə də xalqları sülhə hazırlamaq nə deməkdir, təslimçiliyə hazırlamaq deməkdirmi, mən başa düşə bilmirəm. Biz öz rəhbərimizə, öz hökumətimizə inanmışıq. Biz inanmışıq ki, Azərbaycan heç vaxt öz torpaqlarını güzəştə getməyəcək, suverenliyimizdən heç vaxt kənara çıxılmayacaq, ərazi bütövlüyümüz bərpa olunacaq. Ermənistan rəhbərliyi deyir ki, bacarırsınız, gəlin, torpaqlarınızı alın, bir qarış da torpaq verməyəcəyik, siz qorxaqsınız. Onlar bizi təhqir edirlər. Əgər onların içərisində bir faiz də sülhə meylli deyilsə, hansı sülhdən danışmaq olar?”

T.Kərimli dedi ki, bu konsepsiyanı dəyişmək lazımdır: “Birmənalı şəkildə ərazi bütövlüyu sözünü işlətmək lazım deyil. Elə birbaşa demək lazımdır ki, Azərbaycan unitar dövlətdir, Dağlıq Qarabağ da onun tərkib hissəsidir”.

Komitə sədri Siyavuş Novruzov isə dedi ki, Azərbaycan prezidenti bütün görüşlərdə Azərbaycanın ərazi bütövlüyünün müzakirə predmeti olmadığını bəyan edib və bu mövqe bütün sənədlərdə əksini tapıb.//Musavat.com//




Tarix: 23-04-2019, 13:33
Xəbəri paylaş





Xəbər lenti