Dil bombaları


(28 aprel öncəsi düşüncələr)

Rusiya, indiki halda Putin rejimi rusdilli əhali kartından, bu gec partlayan müddətli bombadan ətraf aləmdəki çox xalqlara qarşı istifadə edibdir. Hazırda Ukraynanın qərbində - Luqansk və Donetsk tərəflərdə yaşayan rusdillilərə Rusiya pasportu verilməsinə başlayıblar. Krım da ki, ta əldən gedib. Ukrayna bunu başa düşdüyü üçün yeni bir qanun qəbul elədi və rus dilinin rəsmən ikinci dövlət dili kimi bir şey olmasına son qoydular. Bu qanun rus dilinin televiziyadan məktəbə, qəzetdən saytlara qədər hər yerdə məhdudlaşdırılmasını tələb edir. Ana dili haqda bu yeni qanunda hətta krım tatarlarının dili rus dilindən daha çox səlahiyyətlərə malikdir. Gör Rusiya Ukraynaya necə dağ çəkibdir...

Yeri gəlmişkən, bu rusdilli minasının basdırıldığı, bəzən partladığı ərazilərə Moldovada Dnestryanı adlı oyuncaq rejimi, Baltikyanı tərəfdə Kalininqradı, Şimali Qafqazda cürbəcür balaca dövlətcikləri göstərmək olar. Orta Asiyada, konkret Qazaxıstanda da belə bomba var idi, ancaq maraqlıdır ki, Nursultan Nazarbayevin prezidentlik elədiyi 30 il ərzində rusdilli əhali elə 30 faizəcən azalıbdır. 90-ların əvvəlində 60 faiz imişsə, indi 30 faizə yaxın qalıbdır. O cümlədən, Qazaxıstanın və yanılmıramsa Özbəkistanın da tam latın qrafikalı əlifbaya keçmək qərarları əslində kiril əlifbası üzərindən bölgəni mədəni-siyasi işğal edən rus dilini aradan qaldırmağa yönəlib.

Bəs bizdə necədir? Bax, burda Kərəmi ağlamaq tutur. Bizdə rus dilinin rəsmi dövlət statusu olmasa da, az qala ana dilimizdən üstün tutulur. Camaat uşaqlarını kütləvi şəkildə rus sektoruna basır, özləri rusca iki söyüşdən başqa bir şey qanmasalar da. Rusiya Federasiya şurası kimi hətta rusların özlərinin bambılı bir idarə saydıqları qurumun sədri isə Bakıya gəlib bizə imla yazdırmaq istəyir.

Əlbəttə, mənəvi məsələlər də bazar iqtisadiyyatı qanunlarına tabedir. Hələ Napoleon vaxtilə deyibdir ki, insanları hərəkətə gətirən iki şey vardır, bunların biri şöhrətpərəstlikdirsə, ikincisi maddi maraqdır. Azərbaycan camaatının rus dilinə, təhsilin rus sektoruna marağının məhz iqtisadi köklərinin olduğunu düşünürəm. Əgər bu saat iki milyona yaxın azərbaycanlı Rusiyanın ucsuz-bucaqsız çöllərinə səpələnib iş tapmağa məcbur qalıbsa, vətəndəki arvad-uşağı ordan göndərdiyi pulla dolandırırsa, nədən burda qalanlarda rus dilinə maraq olmasın? Camaat gizli, altşüur formasında da olsa fikirləşir ki, qoy uşaq heç olmazsa yekələndə gedib şimalda iş tapıb nəsə qazana bilsin, buralara bir ümid yoxdur. O cümlədən, Türkiyə təhsil sektorunu bütünlüklə “fetoçular” adıyla damğalayıb burdan qovduq, onun yerinə rus sektoru gəlməli idi.

Mən sizə öz proqnozumu verim. Vaxt gələcək, burda rusdilliləri qorumaq adı ilə Putin Bakıya qoşun yeridəcəkdir. Elə bilirsiniz nağıl yazıram? Zarafat edirəm? O zaman Ukraynanın tarixindən dərs alın. Əgər bunlar öz slavyan qardaşlarının başına o cür oyunlar açdılarsa, bizi heç adam yerinə qoymayacaqlar, əmin ola bilərsiniz.

Bizdə rus dilinin rolu məsələsi qədim tarixə malikdir. Açırıq “Molla Nəsrəddin” jurnalının 14 aprel 1906-cı il tarixli nömrəsini. “Bizim ”obrazovannı"lar" adlı yazını oxuyuruq: “...Axırı bir gün dostumdan soruşdum, mən ölüm, mənə sözün doğrusunu de görüm, sən ki otuz səkkiz il müsəlman içində tərbiyə tapıbsan, xəta olmadı ki, bir az rusca oxudun. Nə səbəbə sən mənimlə heç müsəlmanca danışmaq istəmirsən? Yoldaşım mənə rus dilində belə cavab verdi: ”İsluşay, kak-to, istıdno koqda abrazovannı çelovek po-tatarski qovorit" (yəni abrazovannının müsəlmanca danışmağı eyibdir). Çox sağ ol, rəfiqim, mən bunu bilmirdim". Jurnalın 5 may 1906-cı il nömrəsindəki söhbət isə lap baltanı kökündən vurur, düşünürəm indi lap aktualdır: “Müştərilərimizin cümləsi müsəlmandır. Qəribə burasıdır ki, dünən ittifaqən rus tanışlarımızın birisi idarəmizdə abunə dəftərinə baxıb təəccüblü mənə dedi: Molla Nəsrəddin, nə çox rus və polyak müştəriləriniz var? Dedim, balam, heç biri də yoxdur. Aşnam abunə kitabını qabağıma itələyib dəxi artıq təəccüb ilə dedi: Bə bu ”oflar" və “iski”lər məgər müsəlman adlarıdırlar? Gördüm ki, həqiqət aşnam doğru söyləyir və dedim: Əzizim, heç ürəyini sıxma, bunlar ötüşər..."

Ötüşmür, Mirzə.

Zamin HACI
Tarix: 27-04-2019, 10:26
Xəbəri paylaş





Xəbər lenti