İtirlimiş (İçəri) şəhər və Qala divarlarının qəm pəncərəsindən görüntüləri


Milli Şuranın sədri Cəmil Həsənli

Bu gün Tofiq Yaqublu bəyin İçərişəhərin, Qala divarlarının dağıdılması ilə bağlı yazdığı kiçik yazı bəzi məsələləri mənə xatırladı. İçəri şəhər və Qala divarları ilə bağlı baş verənlər yeni deyil. Gəlin Sizə tarixi İçəri şəhərin, düşmən hücumlarına sinə gərmiş Qala divarlarının son iki əsrlik qəmli hekayəsini nəql edək, bu dağıntının bir az tarixçəsinə diqqət yetirək.
Əvvəla onu deyim ki, XIX əsrin 50-60-cı illərinə qədər, Bakı bütün tərəflərdən, o cümldən dəniz tərəfdən də Qala divarları ilə əhatə edilmişdi. 1859-cu il Şamaxı zəlzələsindən sonra quberniya mərkəzi Şamaxıdan Bakıya köçürüldü. İmperatorun əmri ilə knyaz Konstantin Tarxan-Mouravov Bakının ilk qubernatoru təyin edildi. Quberniya mərkəzi Bakıya köçürüldüyü üçün 1860-cı ildə Qala divarlarının dənizə bitişik yeri dağıdılıb yerində Qubernator evi tikildi və bundan sonra şəhəri hava ilə təmin etmək üçün dəniz tərəfdən Qala divarları tədricən dağıdıldı. Vaxtı ilə, 1830-cu ildə Bakı komendantı Roman der Xvon tərəfindən Qala divarlarının cənub tərəfindən kiçik bağ salındı. 1863-cü ildə təyin edilmiş qubernator Mixail Kolyubakinin dövründə bu bağ genişləndirilib Qubernator bağı (1865) adlandırılmağa başladı. Lakin az sonra həmin bağı imperator II Nikolayın qardaşı Mixailin adı ilə Mixaylovski bağ adlandırdılar. Sovet hakimiyyəti illərində isə bu bağın adını dəyişib əvvəlcə “İnqilab bağı” sonra isə “Pionerlər bağı” qoydular. XIX əsrin sonu – XX əsrin əvvəllərinin neft bumu dövründə İçəri şəhərin dəniz tərəfdən sökülmüş Qala divarlarının yerində Qərb üslubunda bir sıra yeni binalar tikildi və bununla da dəniz tərəəfdən Qala divarlarının izi itdi. Sonrakı arxeoloji qazıntılar göstərdi ki, İçəri şəhərdə VII-XII əsrlərə aid yaşayış məskənləri və abidələr mövcud olub. Sovet hakimiyyəti illərində 1952-1957-ci illərdə dağılmış Qala divarlarının bərpa edilməsi istiqamətində əhəmiyyətli işlər görüldü və 1977-ci ildə İçəri şəhər qoruq elan edildi. Həmin dövrdə Qubernator evində artıq 2006-cı ilə qədər Tibb İşçiləri evi yerləşirdi.


İçəri şəhərin barbarcasına məhv edilməsinin yeni dövrü son 20-25 ildə başlandı. Bir vaxtlar ölkədə qeyri-məhdud səlahiyyətə malik olan akademik və deputat Cəlal Əliyev özünün biznes qruplarının ofisləri üçün İçəri şəhərin bir sıra “köhnə” hesab edilən tarixi abidələrinin dağıdıb yerində müasir binalar tikdirdi. İlham Əliyevin hakimiyyətinin birinci beş ilində bu daha geniş xarakter aldı 2008-ci ilin mart ayının 14-də “2007-ci il üçün hökumətin hesabatı” veriləndə mən Milli Məclisdə İçəri şəhərdə yaranmış bu fəlakəti müzakiryə gətirməyə çalışdım. Baş Nazir və digər hökumət üzvlərinin məclisdə olmasını nəzərə alıb mən dedim: “Hörmətli cənab Sədr, hörmətli Baş nazir! Hörmətli millət vəkilləri, hökumət üzvləri və parlamentin işini işıqlandıracaq mətbuat nümayəndələri! Biz hökumətin hesabatı ilə tanış olmuşuq… İlk növbədə, məni çox narahat edən bir məsələ var. Hesabatda da öz əksini tapan o məsələni diqqətinizə çatdırmaq istəyirəm. Bu da İçəri şəhərdə yaranmış bir vəziyyətlə bağlıdır. 2006-cı ildə İçəri şəhərin idarəçiliyi Nazirlər Kabinetinə veriləndə, biz bundan sevindik. Fikirləşdik ki, nəhayət, İçəri şəhər ölkədə ən yüksək instansiyaya verilir və tarixi abidələr şəhərciyində baş verən neqativ halların qarşısı alınacaqdır. Təəssüf ki, 2007-ci il ərzində, cənab Baş nazir, İçəri şəhərdə irili-xırdalı 30 bina sökülübdür. İçəri şəhər təkcə Azərbaycan qanunları ilə deyil, eyni zamanda, YUNESKO-nun qanun və konvensiyası əsasında qorunur. Bu, Azərbaycan mədəniyyətinə vurulmuş çox böyük zərbədir. Ümidvaram ki, Siz də hər dəfə işə gedib-gələndə, İçəri şəhərdəki mənzərəni görürsünüz. Qanun ağır texnikanın belə bir memarlıq kompleksində işləməsini qadağan edir. Amma təəssüf ki, bu gün həmin texnika İçəri şəhərdə işləyir, onun həndəvərində əli avtomatlı mühafizə dəstələri dayanıb və heç kəsi yaxına buraxmır. Buraya dair belə bir qayda-qanun var ki, arxeoloji tədqiqatlar aparılandan sonra o işlər davam etdirilməlidir”.


Ancaq buna qədər Qala divarları ilə bağlı daha dəhşətli hadisə baş vermişdi. 2006-cı ildə vaxtı ilə Qubernator evində yerləşən Tibb İşçiləri Evi bağlandı. Həmin ilin payızında Neftçilər prospekti 77-də yerləşən bu bina və onunla qonşu olan 79 nömrəli bina gecə ikən söküldü. Hər ikisi tarixi bina kimi dövlət qeydiyyatında idi. Bu barbarlığı eşidəndən sonra mən getdim hadisə yerinə və dəhşətli mənzərənin şahidi oldum. Deməli dənizə baxan Qubernator evinin cənub divarı bilavasitə Qala divarının üzərində yerləşdiyi üçün bina ilə yanaşı onun bir hissəsi olan qala divarı da dağıdılmışdı. Lakin görünür hələ ki, ictimaiətdən gizli saxlanılan proyekt üçün bu bəs etmədiyindən bir o qədər də Qala divarı uçurulmuşdu. Özümlə foto aparat götürmüşdüm. Hamısının şəkillərini çəkdim. Mətbuata, Azərbaycan ziyalılarına çağırış etdim. Dedim, qardaşlar heç olmasa bir 10 nəfər gəlin bu barbarlığı törədən traktorların, ağır texnikanın qarşısında dayanaq, 12 əsrlik bir abidəni xilas edək, Fəqət nə İçəri şəhərdən film çəkənlərdən, nə də Qala divarlarından qəhrəmanlıq dastanı yazanlardan bir səs çıxmadı. 2006-cı ilin oktyabr ayının 2-də “YUNESKO-nun maddi mədəniyyət abidələrinin qorunması ilə bağlı Konvensiyasına qoşulmaq haqında” sənədin Parlamentdə müzakirəsi zamanı diqqəti yönəltdim İçəri şəhərdəki barbarlığa və dedim: “Hörmətli millət vəkilləri, mətbuat nümayəndələri! Bu Konvensiyaya qoşulmaq lazımdır…Amma Konvensiyaya qoşulmaq azdır, ona əməl etmək lazımdır. Bax, biz YUNESKO-nun maddi mədəniyyət abidələrinin qorunması ilə bağlı Konvensiyasına qoşulmuşuq. Məlum olduğu kimi, Azərbaycanda YUNESKO səviyyəsində qorunan maddi mədəniyyət abidələri var. Məsələn, İçərişəhəri buna nümunə göstərmək olar. Təəssüf ki, YUNESKO tərəfindən qorunan bu maddi mədəniyyət abidələrində çox qəribə hadisələr baş verir. Neftçilər prospektindəki 77 və 79 saylı binalar YUNESKO tərəfindən qorunan tarixi abidələr idi. Bu binalar dağıdılıb. İndi onların yerində yeni bina tikilməsi üçün layihələr hazırlanır. Təəssüflər olsun ki, bu uçurulan binanın cənub tərəfinin divarı ilə yanaşı, Bakının hər bir azərbaycanlıda iftixar hissi oyatdığı qala divarlarının bir hissəsi də dağıdılmışdır. Həm də nəzərə almaq lazımdır ki, qeyd edilən 77 saylı bina Bakı şəhəri quberniya mərkəzi olandan sonra Bakı qubernatorunun ilk iqamətgahı olub. Bu bina tarixi baxımdan çox əhəmiyyətli bir abidə idi. Bunların dağıdılması, mən hesab edirəm ki, həm Azərbaycan, həm də YUNESKO qanunlarına hörmətsizlikdir. Mən bu dağıdılan qala divarlarının şəkillərini çəkdirmişəm. Kim tanış olmaq istəsə, göstərə bilərəm. Mənə elə gəlir ki, qoşulduğumuz konvensiyalara çox hörmətlə yanaşmaq lazımdır. Yeni binalar tikmək üçün yetərincə ərazi var. Bunun üçün Azərbaycanın maddi mədəniyyət abidələrini dağıtmağa ehtiyac yoxdur.” İndi Qala divarlarına münasibətdə vicdandan danışanar, İçəri şəhərin hər daşına və divarına sevgisin izhar edənlər az sonra uçurulmuş iki tarixi binianın və 50 metrə yaxın Qala divarlarının yerində bir az da Qubernator bağına girərək hakim ailəyə məxsus «Four Seasons Hotel Baku»nu icaltdılar. Bax belə! XIX əsrin ortalarında Qala divarlarının bir hissəsi çar qubernatorların nadanlığının, 50 metrlik bir hissəsi də Əliyev xanədanının «Four Seasons” tükənmək bilməyən tamahının qurbanı oldu.


Bəs indi İçəri şəhər və Qala divarları ilə nə baş verir? Cəmiyyətdə böyük etibar qazanmış “Turan Agentliyi” bildirir ki, hazırda İçərişəhərdə Qala divarları boyunca dörd restoranın tikintisi 2011-ci ildə hökumət tərəfindən qəbul edilən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun mühafizə (bufer) zonasının xüsusi hüquqi rejimi haqqında” əsasnaməyə açıqca ziddir. Bu sənədin 4-cü bəndinə əsasən, həmin zonada yerüstü və yeraltı abidələr üçün təhlükə yarada bilən torpaq, söküntü, tikinti-quraşdırma, yenidənqurma, abadlıq və təmir işlərinin aparılmasına yol verilmir. Həmin əsasnamədə göstərlir ki, Qoruğ zonasında torpaq işləri və mühəndis-kommunikasiya xətlərinin çəkilişi Qoruğun mövcud qala divarlarından ən azı üç metr məsafə gözlənilməklə aparılmalıdır. Lakin məlum olduğu kimi Kiçik Qala, 19-21 ünvanında metal konstruksiyalı dörd obyektin hazırlanması və quraşdırılmasına dair müqavilə hələ 2018-ci ilin noyabr ayında imzalanıb. 901,1 min manat məbləğində, yəni 530 min dollarlıq müqavilə “Uni Ko” şirkətinə verilib. Bununla yanaşı Qala divarlarına bitişik görülən işlər dövlət büdcəsi hesabına həyata keçirilir. Bu obyektin sahibkarı barədə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğunu administrasiyası isə ictimaiyyətə ağlabatan bir izahat vermir.


İctimai rəydə hakimiyyət üçün arzuolunmaz vəziyyət yarananda Əliyev rejiminə yaranmaq istəyənlər bütün “yaradıcılıq” imkanlarını səfərbər edib işə “yarımağın” müxtəlif formalarını cəmiyyətə sırımağa çalışırlar. Bu dəfə də belə oldu. Birinci vitse-prezidentin hadisə yerinə baş çəkməsi onun “pərəstişkarlarını” vəcdə gətirdi, “yeni komandanın” dərvişləri üçün geniş üfüqlər acıdı. İndi həmin üfüqlərin arasından xilaskar mələklərin mehriban obrazı İçəri şəhərin Qala divarları boyunca vurnuxan bu dərvişləri “riqqətə” gətirmişdir.

Tarix: 29-04-2019, 09:17
Xəbəri paylaş





Xəbər lenti