Dərbənd şəhərində Azərbaycan Dövlət Dram Teatrının tikintisi “dramatik” vəziyyətdədir

  
Aprelin 27-də “Prezident sərəncamı ilə ayrılan 5 milyon manat haradadır? ” sərlövhəli yazı dərc etmişdik. Həmin məqalədə göstərilirdi ki, RF Dağıstan respublikasının Dərbənd şəhərinin meriyası Nizami Gəncəvi adına parkın sahəsində Azərbaycan Dövlət Dram Teatrının tikintisinə icazə vermir. Dağıstan respublikası mədəniyyət nazirinin birinci müavini Müslim Telyakavovun Dərbənd Azərbaycanlıları Milli-Mədəni Muxtariyyatının sədri Telman Tahirliyə ünvanladığı cavab məktubunda da həmin məsələ təsdiqini tapıb. Bu günlərdə T. Tahirli sözügedən problemlə bağlı Azərbaycan Respublikasının Rusiyadakı Fövqəladə və Səhaliyyətli səfiri Polad Bülbüloğlundan cavab məktubu alıb(cavab məktubunun fotoşəkilini aşağıda dərc edirik). Məktubda deyilir ki, bu problemlə bağlı səfirlik Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə sorğu göndərib. Qurumdan bildiriblər ki, Azərbaycan prezidentinin 3 avqust 2015-ci il tarixli sərəncamı əsasında 2016-cı ildə Dağıstan respublikasının mütəxəsisləri ilə birlikdə layihə-büdcə sənədləri hazırlanıb. Sənədə görə, Dərbənddə yeni dördmərtəbəli, müasir avadanlıqlarla təchiz olunmuş, ümumi sahəsi 5623kv.m və 300 nəfərlik tamaşaçı zalı olan teatr binası inşa edilməlidir. Bunun üçün Dağıstan höküməti Dərbəndin Çapayev küçəsində 1,5 hektar ərazi ayırıb. 2018-ci ildə isə Dağıstan höküməti teatr binasının Nizami Gəncəvi parkında inşa edilməsi təklifini irəli sürüb. Bununla bağlı işlənmiş layihə-büdcə sənədlərinə dəyişikliklər edilməsi və əlavə maliyyə vəsaitinin ayrılması nəzərdə tutulub. Yenilənmiş sənədlərin ekspertizasından sonra tikinti işləri görülməlidir.
Təzadlı cavabdır, Dağıstan mədəniyyət nazirinin birinci müavini Müslim Telyakavovun cavabı ilə ziddiyət təşkil edir. Cənab P. Bülbüloğlunun ölkəmizin mədəniyyət nazirliyinə istinadən verdiyi cavabda Nizami Gəncəvi adına parkda teatr binasının inşası üçün konkret nə qədər sahə ayrıldığı göstərilmir. Belə çıxır ki, bu sadəcə bir təklifdir. Görünür, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi teatr binası problemi ilə bağlı mövcud vəziyyətdən ya bixəbərdir, ya da köhnə məlumatlardan istifadə edib. Sənədlər necə hazır olub ekspertizaya göndərilə bilər ki, yer ayrılmayıb. Dərbənd şəhər meriyası parkda teatr binası tikilməsinə icazə vermir. Görəsən, nazir Ə. Qarayevin bu məsələdən xəbəri varmı? İkincisi, Azərbaycan prezidenti İlham Əliyev dram teatr binasının tikilməsi üçün 5 milyon manat ayırıb. Maraqlıdır ki, mədəniyyət nazirliyimiz layihə-büdcənin nə qədər təşkil etdiyi barədə heç nə demir. Belə çıxır ki, əlavə vəsait lazımdır. Olmazmı ki, birgə hazırlanmış layihə-büdcə sənədləri ictimaiyyət üçün açıqlansın?
Dərbənddə Azərbaycan Dövlət Dram Teatrının tikilməsində daha çox mədəniyyət nazirliyimiz maraqlı olmalıdır. Lakin bu hiss olunmur. Prezident sərəncamından dörd il keçməsinə baxmayaraq, mövcud problem olduğu kimi qalır. Dərbənd şəhərində Azərbaycan Dövlət Dram Teatrının tikintisi “dramatik” vəziyyətdədir .
Nə vaxtadək?
Müqəddəs Mehdiyev
  
Tarix: 30-04-2019, 09:23
Xəbəri paylaş





Xəbər lenti