Hüseyn Abdullayev: “Hər şey “Susma” mahnısından sonra başladı”

 

Xalq artisti Gülyaz Məmmədova keçmiş deputat Hüseyn Abdullayevin məhkəməsində dindirilib. Çünki Bakının mərkəzində – Üzeyir Hacıbəyov küçəsində yerləşən və H.Abdullayevin atasının adına olan 786 kvadratmetrlik obyekt öncə üç nəfərin adına alınıb, daha sonra deputat Cavanşir Feyziyevin oğlu Orxan Feyziyevin mülkiyyətinə keçirilib. Həmin üç nəfərdən biri də müğənni G.Məmmədova olub.

Məhkəmədə şahid qismində dindirilən G.Məmmədova deyib ki, deputat Feyziyevlə qohumdurlar. Xalq artisti deputatla konkret hansı formada qohum olduqlarını deməyib. Amma bildirib ki, əmlakın onun adına alınması C.Feyziyevin istəyi olub, o da etiraz etməyib.

Sözügedən əmlaka gəlincə, G.Məmmədova deyir ki, heç onun harada yerləşdiyini bilmir. Yəni onun adına formal alqı-satqı olub.

H.Abdullayevin anası Zeynəb Abdullayevaməhkəmədə deyib ki, Hökumət Evinin arxasında yerləşən obyekt 4 milyon manata satılıb.

«Bunlar oturub mənə gələn pulları sayıblar»

Abdullayevlər ailəsinə məxsus zavodun səhmlərində pay sahibi olan şəxslər H.Abdullayev və anası haqqında cinayət işində zərərçəkmiş qismində tanınıb. Məsələn, Vəzir Rəcəbov ona görə zərərçəkən sayılıb ki, onun səhmi olsa da, uzun müddət ona düşən payı almayıb. Amma özü deyir ki, şikayət və tələbi yoxdur: «Məni prokurorluğa çağırıb dedilər ki, divident olub, amma almamısınız. Mən bunu unutmuşdum. Amma zavodda səhmlərim var idi. O pulum ödənildi».

Z.Abdullayevanın qardaşı oğlu Elnur Bayraməliyev də məhkəmədə dindirilib. Onun istintaqa ifadəsində bibisi və onun oğlunun 60-a yaxın mülkü, onların yerləşdiyi ərazilər barədə fikirlər yer alıb. Ancaq məhkəmədə bildirib ki, elə ifadə verməyib: «Bibim Zeynəb Abdullayeva Naxçıvanda olan evini mənə bağışlamışdı. Mən də sonradan şəxsi problemlərimə görə evi satdım. Məndən istintaqda ancaq həmin ev haqqında soruşublar. Mən başqa ev, obyekt barədə heç nə deməmişəm. Çünki heç nə bilmirəm. Mən Bakıda heç bir il qalmamışam. Küçə adlarını bilmirəm, onları necə sadalaya bilərdim?».

Z.Abdullayeva da istintaqın bu cür aparılmasına etirazını bildirib: «Bunlar oturub mənə gələn pulu sayıblar. Mən 7 yetim saxlamışam, toy eləmişəm, ev almışam. Mənə gələn pullar həmişə xeyriyyə işlərinə xərclənib. Mən ətrafımda olanlardan kimə kömək etməmişəm ki? Bir bunu da araşdırardılar».

«Vergilər Nazirliyi hər kvadratmetrə görə pul alırdı»

Abdullayevlər ailəsinin şirkətlərində mühasib işləmiş Azadə Cəfərova Bakıda Nəriman Nərimanovun heykəlinin yanında tikilən çoxmərtəbəli bina haqqında danışıb. Deyib ki, o binaya görə vergidən yayınma ittihamı doğru deyil, çünki 1.8 milyon manat vergi ödənilib: «Hüseyn müəllim deputat seçiləndən sonra işləri Zeynəb xanım idarə etməyə başladı. Bundan sonra bircə iş görüldü – Nərimanovun heykəlinin yanında bina inşa edildi. Başqa şirkətlərdən fərqli olaraq, biz bina hazır olmadan ev satmadıq. 2008-ci ildə bina təhvil verildi, satışa başladıq. O vaxt Vergilər Nazirliyi mənzilin hər kvadratmetrinə görə vergi alırdı. Müştəri pulu banka ödəyirdi, biz də qəbz verirdik. Bütün bunlara da Zeynəb xanım nəzarət edirdi. Bu binaya görə vergi ittihamı 2013-cü ildən sonra ortaya çıxdı. Hər şey «Susma» mahnısı ilə başladı. 1.8 milyonluq ittiham veriləndə Zeynəb xanım da ödədi».

Azadlıq radiosu 

Tarix: 1-05-2019, 20:54
Xəbəri paylaş





Xəbər lenti