Ağdamdakı erməni tankları və Tonoyanın kabinetindəki müəmmalı görüş - Video


Ermənistanın müdafiə naziri David Tonoyan ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi köməkçisi Anjey Kasprşiki İrəvanda qəbul edib. Bu haqda erməni mediası yazıb. Ermənistanın Müdafiə Nazirliyinin yaydığı rəsmi məlumatda bildirir ki, görüşdə tərəflər Ermənistan-Azərbaycan sərhədində və təmas xəttindəki vəziyyəti müzakirə ediblər.

Erməni nazir ATƏT təmsilçisinə Tavuş vilayəti istiqamətində erməni hərbçinin başından güllə yarası alması ilə nəticələnən son gərginlikdən danışıb, xeyli şikayətlənib. Sanki işğala məruz qalan onun ölkəsiymiş.

Diqqətçəkən budur ki, Ermənistan hərbçisinin yaralanması xəbərini eşidən kimi, Kasprşik özünü İrəvana yetirib. Belə ki, Azərbaycanın Dövlət Sərhəd Xidməti Qazax rayonu istiqamətindən düşmənin atəşkəsi pozduğu barədə xəbər yaymışdı. Bunun ardınca erməni tərəf 32 yaşlı hərbçinin başından ağır yaralandığını və əmliyyat olunduğunu bildirdi. Ermənistanın təxribatçı hərəkətlərinə sərhədçilərimizin tutarlı cavabından sonra hadisə yerinə DSX rəhbəri Elçin Quliyev şəxsən getmişdi.

Maraqlıdır ki, ATƏT nümayəndəsi Qarabağa aidiyyatı olmayan istiqamətdən Azərbaycan hərbçilərini atəşə tutan Ermənistanın hərəkətlərinə yenə də sakit yanaşdı və tez-tələsik özünü Ermənistan paytaxtına yetirdi. Hansı ki, həmin bu Tonoyan son iki ay ərzində dəfələrlə Azərbaycanı açıq şəkildə təhdid edib. Hətta iki ölkənin liderləri Vyanada danışıqlar apardığı saatlarda D.Tonoyan Azərbaycanın digər ərazilərini də işğal etməyə hazır olduğu barədə sərsəm bəyanat verdi və onun bu sayıqlaması Nikol Paşinyan tərəfindən təqdir olundu. Lakin A.Kasprşik daxil, ATƏT-in Minsk Qrupunun həmsdərləri bu bəyanatları sükutla qarşıladılar.

Bu səssizlikdən cəsarət alan erməni nazir çox keçmədi ki, Azərbaycanla serhədə gəldi və Gədəbəyin erməni işğalından azad edilmiş Başkənd istiqamətinə boylandı, hərbçilərinə təxribatlarla bağlı təlimat verdi. Bundan sonra da Qazax rayonundakı mövqelərimizin Ermənistanın Tavuş vilayətindəki bölmələrindən atəşə məruz qalması gözlənilən idi. Lakin A.Kasprşik bu müddətdə gərginliyi azaltmaqdan ötrü heç nə etmədi. Belə olan təqdirdə işğalçı ordunun müdafiə naziri Kəlbəcərdə peyda oldu, Murov yüksəkliklərindən ölkəmizi hədələdi.

Bütün bunlar ATƏT-in Minsk Qrupunun və bölgədəki ATƏT nümayəndəsinin laqeyd münasibətləri fonunda baş verdi. Məntiqlə Kasprik ilk öncə təxribata məruz qalan Azərbaycan sərhədçilərinin rəhbəri ilə görüşüb vəziyyəti müzakirə etməliydi. Lakin ənənəsinə sadiq qalıb İrəvana tələsdi. Bundan əvvəl də Kasprşik Tonoyanla bir araya gəlmişdi.

Və...Bu da “nəticə”. Tonoyan Kasprşikin başını İrəvanda qatmaqda ikən, Ermənistan ordusunun işğal altındakı ərazilərimizdə olan tank bölmələri və motoatıcı hissələri növbəti hərbi təlimləri keçiriblər. Təlimləri ordu komandanının birinci müavini, polkovnik Samvel Poqosyan izləyib. Ermənistan mətbuatının yazdığına görə, “döyüş atışları” mayın 3-də “Tiqranakert poliqonu”nda keçirilib.

Məlum olduğu kimi, işğalçılar Ağdamı bu adla çağırırlar. Dağlıq Qarabağın hüdudlarından kənarda olan bu əraziləri düşmən təlim məqsədilə “şumlamaqdadır”. Lakin ATƏT rəhbərliyi kimi, onun bölgədəki səhra köməkçisi də Ermənistan ordusunun torpaqlarımızı mərmi ilə suvarmasına biganədir. Əgər belə olmasaydı, Kasprşik Tonoyanın nağıllarına qulaq asmaz, dərhal İrəvanı tərk edər və Ermənistanın özbaşınalıqları barədə hesabatı Vyana ofisinə yollayardı.

Ağdamdakı özbaşınalıqları da “döyüş atışı” qoyublar. Guya bunlar Azərbaycan-Türkiyə birgə təlimlərinə “cavab” veriblər. Axı, Azərbaycan və Türkiyə hərbçiləri də 1-3 may günlərində döyüş təlimləri keçirdilər. Düşmən tərəfin bəzi ekspertləri bu gücün qarşısında aciz qaldıqlarını etiraf etdilər. Lakin görünür Paşinyan xalqı sakitləşdirmək üçün “güc” nümayiş etdirmək istədi. Ancaq məsələ bunda deyil. Söhbət Azərbaycanın işğal olunmuş ərazilərində qanunsuz tikinti işləri aparılmasından da getmir, döyüş təlimlərindən gedir. Fərqi yoxdur, orada 5 tank iştirak edib, ya 10 mərmi atılıb. Söhbət işğalçı ölkənin böyük təxribatından gedir və ATƏT vasitəçi olaraq buna biganə qalmamalı idi.

Üstəlik, bütün bu azğınlıqlar Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton görüşü ərəfəsində baş verir. Rəsmi Bakıya davamlı şəkildə sülh çağırışları edən beynəlxalq təşkilatlar isə özlərini görməzdən gəlirlər. Bu fakt bir daha sübut edir ki, Qarabağ torpaqlarını ATƏT-in səyləri ilə azad edə bilməyəcəyik. Bu qurumun yeganə məqsədi status-kvonu saxlamaq, Azərbaycanın əl-qolunu tutub onu müharibə qərarından çəkindirməkdir.

Ağdamdakı erməni tanklarının təlimlərini görməzliyə vurub, Azərbaycanın digər ərazilərini işğalla hədələyən Tonoyanın görüşünə qaçan birisinin nümunəsi hər şeyi deyir...

Fikrimcə, Azərbaycanın Xarici İşlər Naziri A.Kasprşikin dərhal Bakıya gələrək hesabat verməsi məsələsini qaldırmalıdır. Sadə suala cavab versin: Ermənistan ordusu Ağdamda hərbi təlim keçərkən sənin İrəvanda, Tonoyanın kabinetində nə işin var idi? Bəlkə deyildiyi kimi, mövqelərimiz barədə məxfi məlumatları aparıbmış...İzahat verməlidir. Beləsinin artıq XİN-in “arzuolunmaz şəxslər” siyahısına salınmasının vaxtı yetişib...//Musavat.com//

 



Tarix: 4-05-2019, 08:27
Xəbəri paylaş





Xəbər lenti