Qarabağ Komitəsinin toplantısı keçirilib-hökumətə müraciət...


Mayın 8-də Qarabağ Komitəsinin toplantısı keçirilib. İclasdan öncə komitə üzvləri Şuşanın işğalı ilə bağlı Şəhidlər Xiyabanını, milli qəhrəman Ramiz Qəmbərovun anıt qəbrini və Türk Şəhidliyi abidəsini ziyarət ediblər.

Toplantı barədə komitənin dönəm sədri, sabiq baş nazir, AXP sədri Pənah Hüseyn “Yeni Müsavat”a məlumat verdi: “Bu toplantıda 60-a yaxın səsvermə hüquqlu komitə üzvü iştirak edirdi. İştirakçıların ümumi sayı isə 80 nəfərdən çox idi. Toplantıda Azərbaycanla Gürcüstan arasında Keşikçidağ tarixi abidələr kompleksi deyilən yerdəki yaranan mübahisələrlə bağlı müzakirələr aparıldı.

Qarabağ mitinqlərinə icazə verilməməsi ilə əlaqədar fikirlər səsləndi ki, Bakı Şəhər İcra Hakimiyyəti komitənin keçirmək istədiyi mitinqləri müharibə təbliğatı kimi qəbul edir. Bunun Azərbaycanın maraq və mənafelərinə, hüquqa zidd olduğu önə çəkildi. Bu məsələyə hökumətin ən yuxarı orqanlarının münasibət bildirməsi tələb olundu. Komitə bir məsələyə də diqqət yetirdi. Virualaz.org saytının baş redaktoru, tanınmış jurnalist, ictimai rəydə iqtidarın mövqeyinin dəstəkçisi kimi qəbul olunan Eynulla Fətullayevin Şuşa ilə bağlı sosial şəbəkədə yazdığı statusu ətrafında ciddi müzakirələr getdi.

Toplantıda təşkilatı məsələlərə də baxıldı. Komitəyə 5 yeni üzv qəbul olundu. Gəncədə Qarabağ Komitəsi ilə bağlı yaranmış vəziyyətlə əlaqədar oradan nümayəndə seçilən Nuru bəyin məlumatı dinlənildi və nəzərə alınması məqsədəuyğun sayıldı. Növbəti əsas məsələlərdən biri də “Azərbaycanın müharibə hüquqi varmı” mövzusunda dəyirmi masaya hazırlıq məsələsi və bunun davam etdirilməsi müzakirə edildi”.


Tarix: 9-05-2019, 11:36
Xəbəri paylaş





Xəbər lenti