Hakimiyyəti də elə qəbul etmək lazımdır ki, onu verənlər peşman olmasın...


“Kabinetlərinizdə mənim portretlərimin əvəzinə ata-babalarınızın şəkillərini asın” - etiraf edirəm ki, şəxsən mən ukraynalı olsaydım, təkcə bu sözlərə görə V.Zelenskiyə səs verərdim.

Amma bu gənc insana şübhə və tərəddüdlə baxanlar, “Bundan da siyasətçi çıxar?”- deyə soruşanlar və onun qələbəsini siyasi mübarizənin gedişində “acı bir təsadüf” hesab edənlərin də sayı az deyil.

Bəlkə də ona görə ki, bu adamlar siyasi olimpdə daim mafiozları görməyə alışıblar, siyasətçilərin bir qayda olaraq yalan danışdığının, şöhrətpərəst və vəzifəpərəst, acgöz insanlar olduqlarının şahidi olublar. Amma bunun günahı Zelenski kimi gənc siyasətçilərdədirmi?

Əslində heç Zelenski özü də sadə, trivial, sıradan bir adam deyil. Təəssüf ki, onun da adı çox böyük oliqarxlarla hallanır və etiraf edirik ki, bu, kənar müşahidəçi kimi bizim heç də könlümüzü açmır.

Andiçmə mərasimində demokratik dönəmin iki prezidenti - V.Yuşşenko və təbii ki, sonuncu prezident P.Poroşenko iştirak edirdi.

Düzü, bu məqam bizə çox xoş gəldi, bir prezident digərini beləcə, təbriklərlə əvəz etməlidir. Amma andiçmə mərasimi az qala bitməmiş bir xəbər bizi xeyli məyus etdi. Bildirildi ki, eks-prezident Poroşenkoya cinayət işi açılıbdır.

Bax, buna qətiyyən ehtiyac yox idi, çünki belə bir siyasi debüt heç də Ukraynadakı son siyasi olaylara bir orijinallıq gətirmirdi; əksinə, keçmiş sovet məkanında belə olmayanda adamlar təəccüblənirlər. Ona görə də V.Zelenski bunu etməməlidi. Baxın, qonşu Gürcüstanda M.Saakaşvili də hakimiyyəti vermişdi və seçkidə uzduzduğunu qəbul etmişdi. Amma bu adamı B.İvanişvili hakimiyyəti az qala xalq düşməni elan edib, halbuki hamıya aydındır ki, Bidzina müəllim bununla hansısa bir “ədaləti” bərpa  etmək haqqında yox, özünün əsas rəqibini neytrallaşdırmaq barədə xəyal qurur və ya planlaşdırır.

Belə “cinayət işləri”nin demək olar, konkret hüquqi nəticələri olmur, onlar sadəcə, rəqiblərin əl-qolunu bağlamaq və ən əsası da onları siyasi cəhətdən iflic etmək üçün lazımdır.

Güman edirik ki, P.Poroşenkoya qarşı açılmış cinayət işi də bu qəbildəndir, çünki bu adam bildirmişdi ki, parlament seçkilərində iştirak etmək fikrindədir. Heç şübhəsiz ki, burada pərdə arxasında, kadr arxasında qalan oliqarxların da “haqq-hesabı” var və V.Zelenski yəqin ki, bu qərarı onların diqtəsilə qəbul edibdir.

Amma bütün hallarda çox yanlış, həm də əski sovet məkanı üçün xarakterik qərardır. Bu cür qərarların nəticəsidir ki, sovet məkanında heç kim hakimiyyəti vermək istəmir. Əlbəttə ki, bu məkanda da elə siyasətçilər var ki, onlara qarşı cinayət işi açmamaq günahdır, amma ki, hakimiyyəti elə almaq lazımdır ki, onu verənlər peşman olmasın... 

Məsələn, V.Zelenski V.Yanukoviçlə bağlı hər hansı bir qərar qəbul etsəydi və yaxud da açıqlama versəydi, bu, bizə daha təbii görünərdi, ən azı ona görə ki, bu adam Ukraynadan milyonlar aparmışdı, bəlkə hakimiyyətdə olduğu illərdə bundan qat-qat ağır əməllərə imza atmışdı...

Amma Yanukoviç yada düşmədi, ola bilsin, həm arxasındakı oliqarxların diqtəsilə, həm də ki, “ən yaxşı rəqib əl-qolu bağlı rəqibdir” məntiqinin diqtəsilə Zelenski Poroşenkodan yapışdı. Əlbəttə, böyük bir hesabla heç nə olmayacaq, sadəcə, azacıq tərpənən kimi P.Poroşenkonu dərhal prokurorluğa çağıracaqlar ki, gəl ifadə ver -bəli, belə oyunları biz çox görmüşük və təəssüf ki, Zelenski və xüsusən də onun arxadaşları da bu cür oyunlarsız keçinə bilmədilər.

O ki qaldı başqa məsələlərə, V.Zelenski hələ işin başlanğıcındadır. Amma düşünürük ki, o, çox məsələləri düzgün dərk edir. Məsələn, onun şərqi ukraynalılar barədə dedikləri məntiqli görünür. Biz Ukraynanı az-çox tanıyırıq və bir neçə dəfə bu ölkədə olmuşuq: bəlkə heç bir ölkə bu qədər qabarıqcasına Qərbə və Şərqə bölünməyibdir.

Burada dil problemi həqiqətən aktualdır. Düşünürük ki, müvəqqəti olaraq, müəyyən bir dövr üçün kompromis bir qərar qəbul etmək, məsələn, qoşa dil tətbiq etmək, həm Ukrayna, həm də rus dilindən istifadə etmək olardı. Niyə də yox axı? Dünyanın neçə böyük ölkəsində belə praktika var və dəhşətli bir şey də baş verməyibdir.

Bir daha deyirik ki, bunu müvəqqəti dövr üçün, özü də ölkənin əsas siyasi kursunu saxlamaqla, Avropaya inteqrasiya prosesini davam etdirməklə qəbul etmək olardı. Belə bir qərar həm də Şərqi Ukraynanın əhalisinin mühüm hissəsini mərkəzin tərəfinə çəkərdi, - təbii ki, əgər bu adamların əsas problemi həqiqətən də dil problemidirsə...

Hüseynbala Səlimov
Tarix: 30-05-2019, 09:25
Xəbəri paylaş





Xəbər lenti