Qarabağ: Müharibə riski artır


Qarabağ: Müharibə riski artır

Ermənistanın qoşunların təmas xəttində törətdiyi təxribatlar Azərbaycanı müharibə qərarı verməyə təhrik edir. 

Ötən gün də Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhə xəttində atəşkəs rejimini kobud surətdə pozub. Müdafiə Nazirliyindən verilən məlumata görə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin respublikamızda səfərdə olduğu bir vaxtda, mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan ordusunun hərbi qulluqçusu Omarov Aqil Akif oğlu şəhid olub.

Bundan əvvəl də Ermənistan hakimiyyəti Azərbaycanı müharibəyə təhrik edəcək addımlar atıb. Ümumiyyətlə Ermənistanın siyasi rəhbərliyi Azərbaycana qarşı qıcıqlanqdırıcı və təhrikedici addımlarını intensivləşdirib. Məsələn, bir müddət əvvəl Ermənistanın Təhlükəsizlik Şurasının iclası Dağlıq Qarabağın inzibati mərkəzi olan Xankəndində keçirildi. Ermənistanın müxtəlif ranqlı dövlət məmurları müharibə-hücum ritorikası ilə bəyanatlar verdi, Şuşanın işğalı gününü isə təmtəraqlı şəkildə qeyd etdilər. Ermənistan prezidenti Nikol Paşinyan işğal altında olan Azərbaycan torpaqlarında Azərbaycan musiqisinin sədaları altında "Yallı" rəqsi etdi.

Ermənistanın hərbi qüdrətinə güvənərək belə bir addım atdığını düşünmək sadəlövhlükdür. Çünki ortada 2016-cı ilin aprel təcrübəsi var. Azərbaycan ordusu 4 günlük müharibədə Ermənistan hərbi birləşmələrini geri çəkilməyə vadar etdi, Lələtəpə yüksəkliyini azad etdi. Bundan sonra Silahlı Qüvvələrimizin Naxçıvandakı birləşmələrinin keçirdiyi hərbi əməliyyatla böyük bir ərazi işğalçılardan azad edildi. 

Bəs, o zaman Ermənistan nəyə güvənib bu cür müharibəyə təhrik edən addımlar atır?

Məlumdur ki, Ermənistan heç bir beynəlxalq hüquqa, qərarlara əməl etmir. Buna misal olaraq Birləşmiş Millətlər Təşkilatının (BMT) 4 qətnaməsini göstərmək olar. Bundan əlavə, danışıqlar prosesinə Ermənistan tərəfinin qeyri-konstruktiv yanaşması və işğalçının bu mövqeyinə beynəlxalq təşkilatların göz yumması da Azərbaycana qarşı ikili standartların bariz nümunəsidir. Son hadisənin, Ağdam istiqamətində Azərbaycan əsgərinin snayperlə vurulduğu gün vasitəçilik misiyasını üzərində götürən ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Bakıda olması da Ermənistanın sülh prosesində tutduğu mövqeyin göstəricisidir. Ermənistanın müharibə ritorikası bir daha göstərir ki, Azərbaycan danışıqlar prosesindən, ATƏT-in Minsk Qrupunun mandatından imtina etməyə və müharibə qərarı verməyə məcbur buraxılır. Göründüyü kimi, Ermənistanın tutduğu mövqe Dağlıq Qarabağda müharibə riskini artır.

Hərbi-siyasi icmalçı Ramil Məmmədli “Cümhuriyət” qəzetinə şərhində deyib ki, baş verənlər göstərir ki, Azərbaycanın müharibə etməkdən başqa yolu qalmayıb. R.Məmmədli hesab edir ki, Ermənistanın bu yanaşmasında beynəlxalq təşkilatların, həmsədr ölkələrin də rolu az deyil: 

“Bu günə qədər Ermənistan dəfələrlə sülh danışıqlarının pozulmasına yönələn bu cür addımlar atıb. Bu hərəkətlərin qarşısının alınması üçün təəssüf ki, münaqişənin həllində vasitəçi kimi iştirak edən beynəlxalq təşkilatların fəaliyyəti yetərli deyil. Vasitəçi təşkilatın Azərbaycanda olması, Amerika Birləşmiş Ştatlarının (ABŞ) son günlər münaqişənin həllini istiqamətində müsbət təkliflərlə çıxış etməsi, erməni təxribatının qarşısını ala bilmir. Səbəb odur ki, Ermənistan və onlara dəstək verən qüvvələr cəzalandırılmır. Ermənistana Azərbaycan torpaqlarını işğal etdiyinə görə, heç bir ölkə, beynəlxalq təşkilat sanksiya tətbiq etmir. Ermənistana heç bir iqtisadi və siyasi məhdudiyyətlər qoyulmur. Belə olan halda, artıq Azərbaycanın atacağı addımlar Ermənistanın tutduğu mövqeyə adekvat olmalıdır. Yəni bizim ölkə şəhid verirsə, artıq Azərbaycan Ermənistanı cəzalandırmaq üçün addım atmalıdır. Bu cür vəziyyət davam etdikcə, müharibə riski artır. Sonradan vasitəçilər aktiv fəaliyyətə keçir və sülh danışıqlarının bərpa olunması üçün tərəflərlə görüşürlər. Bu, əslində vasitəçilik missiyasını üzərinə götürən ölkələrin riyakar mövqeyinin göstəricisidir. Hesab edirəm ki, artıq həm ATƏT-in Minsk Qrupunun həmsədrləri, həm də digər üzvləri məsələyə olduğu kimi yanaşmırlar, ermənilər layiqli cavabını almır. Belə olan vəziyyətdə, Azərbaycan artıq işğal olunmuş ərazilərini özü azad etmək məcburiyyətində qalır. Hesab edirəm ki, Ermənistan tərəfinin tutduğu mövqeyi müharibə riskinin artırılması kimi dəyərləndirmək olar”./Cebhe.info/


Tarix: 1-06-2019, 19:52
Xəbəri paylaş





Xəbər lenti