“Hər il 1-2 nəfər separatçını Azərbaycan əsgəri gəbərtsəydi, belə olmazdı” - HƏRBİ EKSPERT

 Üzeyir Cəfərov: “Azərbaycan tərəfi belə məsələlərdə qətiyyət nümayiş etdirməlidir”
Dünən Milli Məclisdə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deputatlar mayın 30-u səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində, düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu, 1983-cü il təvəllüdlü mayor Aqil Akif oğlu Omarovun şəhid olmasına etiraz səslərini ucaldıblar.
Təhlükəsizlik və Müdafiə Məsələləri Daimi Komissiyası sədrinin müavini, deputat Aydın Mirzəzadə Azərbaycan əsgərinə səslənib: “Əsgərlərə əmr vermək hüququm yoxdur. Mən snayperlərdən xahiş edirəm, Ermənistanın baş naziri Nikol Paşinyan işğal olunan Azərbaycan ərazilərinə gələrkən onu vursunlar”.
Deputat daha sonra əlavə edib ki, Ermənistanın müdafiə naziri cəbhə bölgəsinə gələrsə, onu da vursunlar: “Qoy, zabitimizin qanı yerdə qalmasın. Ermənistan üçün bu, dərs olmalıdır. Ermənistan bilsin ki, Azərbaycan xalqının səbri tükənməz deyil. Ermənistan işğala, təxribata son qoymalıdır”.
Milli Məclisin spikeri Oqtay Əsədov isə bildirib ki, erməni snayperinin atəşkəsi pozması nəticəsində Azərbaycanın şəhid olmuş zabiti Aqil Omarovla bağlı məsələnin beynəlxalq təşkilatlarda qaldırılması ilə bağlı tapşırıq verilib.
“Bunu çoxdan eləmək lazımıydı”
Deputat Aydın Mirzazadənin “Paşinyanı və müdafiə nazirini snayperlə vurun” fikirlərinə münasibətini ifadə edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov “Hürriyyət”ə dedi ki, Paşinyanı da, müdafiə nazirini də vurmaq mümkündür: “Mən də bunu çox istərdim. Bunu çoxdan eləmək lazımıydı. Amma Qaxdan olan zabitimiz Ömərov Aqilin həyatını faciəli itirməsi düşünmürəm ki, belə bir qərarın verilməsinə səbəb olacaq. Bizim deputatları başa düşürəm. Bu, emosiyadan irəli gələn bir təklifdir. Hərçənd Azərbaycanın haqlı işidir ki, erməni separatçılarını işğal altında olan öz ərazilərində məhv eləsin, sıradan çıxarsın. Bunu çoxdan eləmək lazım idi. 20 ildə hər il 1-2 nəfər separatçını Azərbaycan əsgəri gəbərtsəydi, belə də olmazdı. Bu məsələ o mənada aktuallığını itirir ki, ATƏT-in Minsk Qrupunun həmsədlərinə belə vəziyyətin olması sərf edir. Çünki bu, onlar üçün bir iş yerinin daha da bir neçə il uzadılması anlamına gəlir. Amma Azərbaycan tərəfi belə məsələlərdə qətiyyət nümayiş etdirməlidir. Təssüflər olsun ki, biz hələ də beynəlxalq qurumların vədlərinə inanırıq və düşünürük ki, onlar Qarabağla bağlı hansısa məsələni ortaya qoyacaq. Əslində, bu məsələnin ən böyük səbəbkarı rəsmi Moskvanın ikibaşlı oyunlarıdır, Rusiyanın ermənipərəst mövqeyidir və Amerikanın, Fransanın onlara dəstəyidir. ATƏT-in Minsk Qrupunun həmsədrlərinin Bakıda olduğu günlərdə belə bir təxribatın həyata keçirilməsi Ermənistan tərəfindən düşünülmüş hərəkətdir”.
“Mən şəxsən danışıqlar prosesinin çoxdan dayandırılmasının tərəfdarıyam”
Ü.Cəfərov onu vurğuladı ki, rəsmi şəxslərdən biri döyüş bölgəsində qətlə yetiriləcəksə, bu, danışıqlar prosesinin dayanmasına səbəb olacaq: “Mən şəxsən danışıqlar prosesinin çoxdan dayandırılmasının tərəfdarıyam. Ona görə, bu, Ermənistan tərəfinə sərf edən variantdır ki, danışıqlar uzanır. Bu baxımdan, Azərbaycan tərəfinin təkidlə tələbi olmalıdır ki, beynəlxalq qurumlar Ermənistanı yerində otuzdursunlar. Fakiki olaraq onlar Ermənistana havadarlıq edirlər. Ona görə də məsələ bu qədər uzanır”.
“Azərbaycan tərəfi olaraq biz ciddi qərarlar qəbul etməliyik”
“Zabitimizin snayerlə vurulmasını bəzi adamlar Qarabağ klanının təxribatı olduğunu, indiki məqamda insidentin Paşinyanın maraqlarına cavab vermədiyini hesab edirlər. Bu, nə dərəcədə doğru versiyadır” sualına Ü.Cəfərov belə cavab verdi: “Lap biri-birini viran qoysunlar, amma zərbə bizə dəyidi. İki körpə övladı olan bir zabitimizi itirdik. Onların arasında neçə vaxtdır qırğın gedir və bu qırğın daha da dərinləşəcək. Çünki Paşinyan artıq oğlunu Qarabağdan İrəvana aparıb. Hətta məlumat var ki, müdafiə naziri Tonoyan da oğlunu aparıb. Düzdür, mətbuat bu barədə yazmır. Amma o da övladını separatçı rejimin nəzarətindən uzaqlaşdırıb ki, sabah hər hansı bir qərar zamanı separatçılar ona təzyiq göstərməsinlər. Bunlar hamısı bir mərkəzdən idarə olunan proseslərdir. Paşinyanı cəzalandırmaq üçün separatçıların Moskvadan aldığı təlimatlardır. Rəsmi Moskvanın Köçəryan variantından istifadə etməsi, Nur-Sultanda olan tədbirdə Putinlə Paşinyanın görüşünün baş tutmaması, Paşinyanın oradan çox əsəbi ayrılması, bütün bunlar onu deməyə əsas verir ki, vəziyyət ermənilər üçün o qədər də xoşagələn deyil. Bilirsiniz ki, Moskanın təzyiqi altında Köçəryan məhkəmə zalından azad olundu. Bundan sonra, Paşinyan öz tərəfdarlarını küçələrə səslədi. Bütün bunlar onu deməyə əsas verir ki, daxildə çox gərgin proseslər gedir. O proseslər də bizim zabitin həyatını itiməsi ilə nəticələndi. İstənilən halda, Azərbaycan tərəfi olaraq biz ciddi qərarlar qəbul etməliyik və o qərarlar da Azərbaycan ordusunun düşməni cəzalandırması və ərazi bütövlüyümüzün təmin olunması istiqamətində olan addımlar olmalıdır”.
Tarix: 2-06-2019, 00:24
Xəbəri paylaş





Xəbər lenti