Qanunsuz parklanma problemi: pullar hara gedir? - “Vergidən də yayınırlar“


bitmap-img6




“Harada maşını saxlasam kimsə yaxınlaşır və pul tələb edir. Maraqlısı isə budur ki, artıq mən daxil buna heç kəs etiraz etmir. Bəlkə də artıq bu bizim üçün adi hala çevrilib”.

Bu sözləri Lent.az -a sürücü Namiq Zeynalov deyib. O bildirib ki, hətta bir neçə dəqiqəlik maşını haradasa saxlamalı olsa, ən azı 20 qəpik verməli olur:

“Bəzən 20 qəpik verəndə hətta narazılıq edənlər də olur. Ancaq artıq öyrəşmişəm və kimsə yaxınlaşanda özümü pul verməyə məcbur kimi hiss edirəm. Həmin şəxslərin o pulları kimə verdiyini, hara xərclədiyini bilmirəm”.
Xanım sürücü Fatma Əliyeva isə bir neçə dəfə ondan maşını saxladığı üçün pul tələb edən şəxsdən çek istədiyini bildirib:
“Elə olur ki, bir gün ərzində bir neçə yerdə maşını az müddətlik olsa da saxlayıram. Ancaq hamısında gəlirlər və ödəniş istənilir. Buna etiraz etmişəm, çek istəyəndə nasazlığın olunması bildirilib, amma ətrafda heç bir aparat belə olmayıb. Bir dəfə isə əsəbi olduğum üçün pul verməkdən imtina etmişəm, onda isə özünü nəzarətçi təqdim edən şəxsin qəzəbli baxışları ilə qarşılaşdım. Bəlkə də arxamca söyüb, ancaq qanunsuz olduğu üçün buna etiraz mütləq lazımdır”.
Digər sürücü Yusif Həsənov isə bir neçə dəfə ona çek yazıldığını deyib:
“Pul ödədikdən sonra baxmışam ki, çekin üzərində 0.00 yazılıb. Yəni, bu qanunla olmayıb. Düzü, əvvəllər bu barədə çox düşünürdüm, ancaq buna tədbir görülmədiyi üçün elə bildim ki, bu elə qanunladır. Çünki bu qədər açıq-aşkar olan qanunsuz biznesə necə çarə qılına bilinməz axı?".
Mövzu ilə əlaqədar Lent.az -ın suallarını cavablayan deputat Çingiz Qənizadə bildirib ki, parklanma ilə bağlı boşluqlar, özbaşınalıqlar illərdir ki, qalmaqdadır:



“Bu işlə qanunsuz məşğul olanlar vergidən də yayınırlar. Onların pulları hara və kimə yığdıqları isə bilinmir. Bu iş isə Bakı Nəqliyyat Agentliyinin (BNA) səlahiyyətinə verilib. Hesab edirəm ki, bu qurum təkcə parklanma məsələsinin yox, eləcə də dayanma və durma ilə problemlərin də öhdəsindən gələ bilmir. Qurum guya bütün bunlara nəzarət edir, ancaq bu gün Bakı şəhərində istənilən binaların giriş və çıxışlarında, blokların önündə, yol mayaklarında, eləcə də istənilən yerlərdə avtomobilləri sürücülər saxlaya bilirlər. Əgər BNA belə hesab edirsə ki, onların görüntüsünü çəkib, cərimə yazmaqla iş bitir, bu iş deyil. Əsas məqsəd bu cür qanunsuz, parklanmanın qarşısının alınması olmalıdır”.
Deputat hesab edir ki, inzibati protokol yazmaqla bu işin öhdəsindən gəlmək mümkün deyil:
“Mən əvvəllər də demişəm ki, BNA-nın bu işin öhdəsindən gəlməsi qeyri-mümkündür. Çünki bir çox səlahiyyətlər var idi ki, daxili işlər orqanlarının və dövlət yol polisi əməkdaşları ilə bunu birgə edirdilər. Bunun nəticəsində isə müəyyən qədər işin öhdəsindən gəlinirdi.
Bir sözlə xüsusi formalarda olan dövlət qurumu ilə mülki idarənin əməkdaşına sürücünün münasibəti fərqli olacaq. Dövlət Yol Polisi əməkdaşlarının tələblərinə tabe olan sürücülər indi BNA-dan çəkinməyərək öz bildiklərini edirlər”.
Çingiz Qənizadə son olaraq əlavə edib ki, bununla bağlı təklif də verib:
“İndi də sözümdə qalıram və belə hesab edirəm ki, bu sahədə işlərin tənzimlənməsi ilə bağlı nəticələrin əldə edilməsini istəyiriksə, onları BNA-dan alaraq, Dövlət Yol Polisinə qaytarmalıyıq”.
Qeyd edək ki, paytaxtda parklanma yerlərinin təşkili və idarə edilməsi səlahiyyəti olan BNA ilə bir neçə dəfə əlaqə saxlamağa çalışsaq da, bu baş tutmadı.
Həmçinin mövzu ilə əlaqədar ekspertlər əlavə edir ki, parklanma BNA-ya aid olduğu üçün, burada müəyyən sistem yaradıldıqdan sonra həmin şəxslərin vergiyə cəlb olunması məsələsi baş tuta və ya onların qanunsuz olaraq vəsait əldə etməklərinin qarşısını ala bilər.
Çox maraqlıdır ki, yeraltı keçiddə qanunsuz popkorn satan qızcığazın vergi verməməsinə adiyyatı orqanlar həmən münasibət bildirsələr də, uzun müddətdir ki, davam edən bu qanunsuz pul yığılma məsələsi öz həllini tapmamış qalıb.
Xatırladaq ki, qanunsuz parklanma dəfələrlə ictimai müzakirəyə çıxarılıb. Hətta ölkə prezidenti problemin həlli üçün müvafiq dövlət qurumlarına bir neçə dəfə göstərişlər verib.
Prezident İlham Əliyev 2014-cü ilin aprelin 13-də Nazirlər Kabinetinin clasında Bakının küçə və prospektlərindəki qanunsuz parklanma məsələsi ilə bağlı ciddi iradını bildirib. Bu iraddan sonra məsələ bir qədər düzəldi, şəhərdə parklama aparatları görünməyə başladı. Bir müddət məsələ öz həllini tapmış kimi görünsə də, yenə də problemlər qalır.

Tarix: 4-06-2019, 23:55
Xəbəri paylaş





Xəbər lenti