Naxçıvanda iki qardaş ölkə hərbi cəhətdən birləşdi - düşmən xofda


İyunun 7-dən “Sarsılmaz qardaşlıq-2019” hərbi təlimlərinə start verildi; politoloq: “Müharibə başlayarsa, Türkiyənin Azərbaycana dəstək verəcəyi, ən azı Naxçıvanı qoruyacağı aşkardır”

Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında imzalanmış hərbi əməkdaşlıq haqqında sazişə əsasən iyun ayının 7-dən 11-dək Naxçıvanda sayca dördüncü “Sarsılmaz qardaşlıq-2019” birgə döyüş atışlı taktiki təlimin son mərhələsi keçiriləcək. Artıq ötən gündən təlimlərə start verilib.

Rəsmi məlumata görə, Əlahiddə Ümumqoşun Ordunun və Naxçıvan Muxtar Respublikanın güc strukturlarının, eləcə də Türkiyə Respublikası Silahlı Qüvvələrinin bölmələrinin iştirakı ilə keçirilən təlimə 5000-ə qədər şəxsi heyət, 200-dən artıq tank və digər zirehli texnika, 180-ə yaxın müxtəlif çaplı raket və artilleriya qurğusu, yaylım atəşli reaktiv sistemləri və minaatan, 21 ədəd təyyarə, helikopter, pilotsuz uçuş aparatı və silahlanmaya yeni daxil edilmiş müxtəlif növ müasir silah və hərbi texnika nümunələri cəlb olunacaq. Təlimin məqsədi qərargahların müştərək döyüş əməliyyatları planlarının hazırlanması, şəxsi heyətin peşəkarlıq səviyyəsinin artırılması və onların birgə tapşırıqları icra etmək vərdişlərinin inkişaf etdirilməsi ilə Azərbaycan və Türkiyə hərbi bölmələrinin qarşılıqlı fəaliyyətinin koordinasiyasına nail olmaqdır.

Naxçıvandakı birgə təlimlər Ermənistanda ciddi həyəcan doğurub. İki qardaş dövlətin hərbçilərinin bir arada olması Naxçıvanın 50 km-liyindəki İrəvandan təşvişlə izlənir.

Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən təlimlər Azərbaycan və Türkiyə arasında imzalanmış hərbi əməkdaşlıq sazişi çərçivəsində keçirilir. Xatırladaq ki, son illərdə Naxçıvandakı Əlahiddə Ümumqoşun Ordu güclü və müasir silah sistemləri, o cümlədən aviasiya texnikası ilə silahlanıb. Bu ordunun qüvvələri Ermənistanın paytaxtı da daxil olmaqla bir çox yaşayış məntəqələrini atəş altında saxlamaq imkanındadır.

Ötən il Ümumqoşun Ordunun bölmələri uğurlu Günnüt əməliyyatı həyata keçirərək min hektarlarla ərazini nəzarət altına alıblar və Ermənistandan Dağlıq Qarabağa gedən əsas yola nəzarət imkanı əldə ediblər. Azərbaycanın Naxçıvana qüvvə cəmləşdirməsi və orada keçirilən təlimlər hər dəfə Ermənistanda ciddi təşviş yaradır. Onu da qeyd edək ki, bu günlərdə Türkiyə Ağrı vilayətində antiterror əməliyyatı keçirib və erməni terrorçularının da dəstək verdiyi PKK-çıları məhv edib. Ermənistan sərhədlərində həyata keçirilən antiterror əməliyyatlarının ardınca Türk əsgərinin Naxçıvana gəlməsi düşmən ölkəni həyəcanlandırıb. Qarabağda PKK terrorçularının təlim mərkəzinin olduğu barədə zaman-zaman yazılıb. Bu mənada ermənilər narahatdır ki, Türkiyə və Azərbaycan ordusu Zəngəzurdan vurub, Qarabağdan çıxa, 1918-ci ildə olduğu kimi, Qarabağdakı daşnakları məhv edib tarixi Azərbaycan torpaqlarını azad edə bilərlər.

Ermənişünas alim, politoloq Qafar Çaxmaqlı “Yeni Müsavat”a bildirdi ki, erməni mətbuat orqanlarında və televiziyalarında 7-11 iyun tarixləri arasında keçiriləcək hərbi təlimlərlə bağlı geniş şərhlər verilir: “Erməni toplumunu onunla qorxudurlar ki, bu təlimlər yalnız həmin tarixlərdə deyil, bundan sonrakı dövrlərdə də davam edəcək, çünki Azərbaycan müharibəyə hazırlaşır. Türkiyə Ermənistan sərhədlərində artıq öz bazasını qurub. Üstəlik bəzi politoloqlar Rusiyanı hərəkətə keçməyə səsləyir. “Strateji müttəfiq” təhdid altındadır, amma Rusiya tərəfindən heç nə edilmir. Rusiyanın buna reaksiya verməməsi erməniləri daha da qorxudur. Son illər hiss etdiyim ən ciddi yeniliklərdən biri odur ki, Ermənistanda yalnız Azərbaycandan deyil, Türkiyədən gələcək təhlükələrdən daha çox bəhs edilir. Bu da təbiidir. Ermənistan əslində yalnız Azərbaycan torpaqlarını işğal etməyib, eyni zamanda Türkiyəyə qarşı murdar ideoloji savaş açıb. Türkiyənin ərazi bütünlüyünü tanımayan tək ölkə kimi Türkiyənin təhlükəsizliyinə təhdid ünsürü olaraq qalır”. Q.Çaxmaqlı qeyd etdi ki, Naxçıvandakı təlimlərin bir özəlliyi də eyni düşmənə, eyni rəqibə qarşı iki qardaş ölkənin hərbi cəhətdən birləşməsidir: “Sabah Azərbaycan öz torpaqlarını işğaldan azad etməyə qalxsa, şübhəsiz, arxasındakı Türkiyənin gücü onun gücünə güc qatacaq. Belə olan təqdirdə Rusiyanın Ermənistanı açıq müdafiə edəcəyinə şübhə ilə yanaşanların sayı çoxalır. Bu, əlbəttə həm də mənəvi üstünlüyümüzün göstəricisidir”.

qafar çaxmaqlı ile ilgili görsel sonucu

Türkiyə Qarabağda aparılacaq antiterror əməliyyatlarına qatıla bilərmi? Politoloq: “Türkiyə Azərbaycanı belə ciddi məsələlərdə yalnız buraxmaz. Təki belə bir qərar olsun. Həm də Türkiyə artıq 90-cı illərin qərarsız Türkiyəsi deyil”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə “Yeni Müsavat”a dedi ki, Ermənistan mediası bidəfəki təlimlərin əleyhinə daha çox yazı yazdı: “Müxtəlif versiyalar səsləndi. Ən başlıcası Ermənistan Naxçıvandakı təlimləri özünə qarşı təhlükə kimi qiymətləndirir. Bəzi erməni politoloqlar bu təlimlərin hətta Dağlıq Qarabağda müharibə ehtimalını artıracağını bildirdilər. Naxçıvanda Azərbaycan ordusu ilə Türkiyə ordusu arasında birgə təlimlər hər il keçirilir. Bəs niyə Ermənistan mediası və siyasi ekspertləri budəfəki təlimlərdən daha çox qorxublar? Görünür, bu cəbhə bölgəsində və Ermənistandakı siyasi vəziyyətlə bağlıdır. Atəşkəs daima pozulur və hər iki tərəfdən itkilər qeydə alınır. Ermənistan qorxur ki, Azərbaycan ordusu hücuma keçə bilər. Digər tərəfdən, Ermənistanda qorxurlar ki, Azərbaycan Ermənistandakı daxili siyasi gərginlikdən öz məqsədləri üçün istifadə edə bilər”.

E.Şahinoğlu hesab edir ki, Ermənistanın qorxusu anlaşılandır: “Həqiqətən Azərbaycan siyasi elitasında və cəmiyyətində danışıqlara inam qalmayıb, ordunun imkanlarından istifadə edilməsi vacibliyindən danışılır. Birincisi, Naxçıvanda keçirilən hərbi təlimlər Ermənistana xəbərdarlıq mesajıdır. Müharibə başlayarsa, Türkiyənin Azərbaycana dəstək verəcəyi, ən azı Naxçıvanı qoruyacağı aşkardır. Əgər Ermənistan Rusiyadan daima hərbi dəstək istəyirsə, Azərbaycan da Türkiyədən eyni dəstəyi istəyəcək. İkincisi, Naxçıvandakı birgə hərbi təlimlər Türkiyənin Naxçıvanda hərbi baza formalaşdırması prosesini sürətləndirə bilər. Hətta belə fikirlər səslənir ki, birgə hərbi təlimlərdən sonra Türkiyənin hərbi hissəsi Naxçıvanı tərk etməsin, orada yerləşsin”. Politoloq qeyd etdi ki, Naxçıvandakı hərbi təlimlər Rusiyanı narahat etmir: “Bu mövzuda rusiyalı rəsmilərin dilindən hər hansı açıqlama səsləndirilməyib. Bu da Ermənistanda narazılıq yaradır. Rusiya NATO-nun Gürcüstandakı təlimlərini tənqid edir. Ancaq Rusiya NATO dövləti olan Türkiyənin Azərbaycanla birgə hərbi təlimlərinə etiraz etmir. Çünki, Rusiyanın özü Türkiyə ilə əməkdaşlıq edir, qardaş ölkəyə müasir raketlər satır. Ona görə də Kreml Türkiyə-Azərbaycan birgə hərbi təlimlərinə qarşı etiraz etmək istəmir. Bunun özü də Azərbaycanın xeyrinədir”. E.Şahinoğlunun sözlərinə görə, Naxçıvandakı hərbi təlimlərin psixoloji tərəfi də var: “Davamlı hərbi təlimlər orduda torpaqları azad etmək ruhunu artırır. Yəni torpaqları güc yoluyla geri qaytarılmasına qərar verilməsə belə, hərbi təlimlər yoluyla artan ruh yüksəkliyi alternativ yollara baş vurma istəyini artırır”.

Təlimlər bir neçə gün davam edəcək və bu günlər ərzində Ermənistanın hansısa təxribata əl atması onun sonunu gətirə bilər. Yeri gəlmişkən, keçən ilin bu vaxtları Naxçıvan istiqamətindən Ermənistanı şoka salan Günnüt əməliyyatı nəticəsində Laçın yolu ordumuzun nəzarəti altına keçib...



Tarix: 7-06-2019, 21:04
Xəbəri paylaş





Xəbər lenti