Abşeronun bitməyən qum dərdi: satıcılar qiymət qaldırır, müştərilərə hücum edirlər…


Əzim Məsimov: “Tikinti gedir, ancaq qum problemi həll olunmur”

Bakıda son zamanlar tikintidə istifadə edilən qumun qiymətində artım müşahidə edilir. Belə ki, əvvəllər 1 kubu 15-16 manata satılan qum, hazırda 20-21 manata satılır. Həmçinin bazarda qumun kubunu 25 manata satan al-verçilərə də rast gəlmək olur. “Yeni Müsavat”a daxil olan məlumata görə qiymətlər qum satışı ilə məşğul olan şəxsər tərəfindən süni qaydada qaldırlır. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, xüsusilə də Maştağa qəsəbəsinin girişində olan qum və daş satılan ərazidə vəziyyət daha da acınacaqlıdır. Bildirilir ki, burada “KamAz”larda qum satan şəxslər müştərilərlə tez-tez qiymət üstündə dava edib, onların üzərinə toplu formada düşüb, xəsarət də yetirirlər.

Müştərilər bildirirlər ki, qum bazarında satıcılar konkret olaraq hər ay qiyməti artırmaqla məşğuldurlar:

“Əgər müştəri etiraz edirsə, qiymətin süni qaydada artırıldığını bildirirlərsə, dərhal dava salıb, onun üzərinə bel, lom və digər bu kimi əşyalarla hücum edib, ərazidən uzaqlaşdırırlar”,-deyə Maştağadakı qum bazarında olan müştərilərdən biri redaksiyamıza şikayətində bildirib.
Bəs hər yanı qum olan Abşeronda nə üçün qum tapılmır?

“Yeni Müsavat”a danışan Bakı Baş Tikinti İdarəsinin keçmiş rəisi, ekspert Əzim Məsimov bildirib ki, hazırda Bakıda doğrudan da qum problemi yaşanır:

“Mənim çalışdığım zamanda da Bakıda qum problemi var idi. Biz qərar çıxardıq ki, Bakının şimal hissəsində qum çıxarılmasın. Hazırda Balaxanıda "Təmiz Şəhər" ASC yerləşən yerdə Balaxanı qum karxanası var idi. Birinci onu bağladıq. Sonra isə Abşeronun Türkan, Zirə tərəfində olan karxanalar da bağlandı. Daha sonra Ələtdən aşağıda yer ayrıldı. Bildiyim qədirlə, hazırda həmin yerdə bağlanıb. Bu dəqiqə faktiki olaraq sarı suvaq qumunun Abşeronda qanuni formada çıxarılması həyata keçirilmir. Satılan qumlar isə bağların qumudur. Camaat öz bağlarının qumunu bazara çıxarıb, satır. Bu isə təbiətə zərərdir. Ona görə də bu gün qumun qiyməti həddindən artıq bahadır”.

kamaz qum ile ilgili görsel sonucu

Ə. Məsimov bildirib ki, Bakı Baş Tikinti İdarəsinin rəisi olduğu müddətdə məsələ ilə bağlı təşəbbüs irəli sürüb:

“Xəzər dənizində çoxlu qum adaları var. O zaman təklif irəli sürmüşdüm ki, həmin qum adalarından istifadə edilsin. O zaman Moskvada yerləşən müvafiq idarənin rəisini Bakıya dəvət etdim. Burada biz dənizə çıxıb, qum adasına baxdıq. Bildirildi ki, qum adasından nə qədər istəsəniz, qum götürə bilərsiniz. Daha sonra Zığda gəmilərin yanaşması üçün yer tikdirdim. Xəzər Dənizçilik İdarəsinin rəisi ilə də danışdım ki, mənə elə gəmi verin ki, qum daşınmasını həyata keçirə bilsin. Bu sistem işlədi. Sonradan bu sistemi Bakı Şəhər Yol Tikinti Trestinə verdim. Onlar da bu sistemi istifadə edib, qum gətirirdilər. Sonradan Zığdakı yeri kimsə özəlləşdirdi və sistem də ləğv edildi. Ona görə də bu gün qum məsələsi ciddi problemdir. Bu, dövlət tərəfindən həll edilməlidir. Tikinti gedir, ancaq qum problemi həll olunmur”.

Tarix: 26-10-2019, 08:47
Xəbəri paylaş





Xəbər lenti