Azərbaycandan “siqnal” gözləyən düşmənə cavab - Ordudakı "kötüklər"dən başlamalı...


 


İlham İsmayıl


Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyanın Böyük Britaniyada səfərdə olarkən BBC telekanalının “Hard Talk” (Ağır söhbət) verilişində iştirakı barədə mətbuatda müəyyən informasiyalar verilib. Verilişin adından da bəlli olduğu kimi söhbət erməni nazir üçün həqiqətən ağır keçib, hətta erməni jurnalist bu müsahibəni obrazlı şəkildə “Mnatsakanyanın əzişdirilməsi” kimi dəyərləndirib. Müsahibənin erməni nazir üçün ağırlığı öz yerində, amma Mnatsakanyan burda həm Paşinyanın, həm də özünün adından bir neçə dəfə təkrar edib ki, “biz Azərbaycandan siqnal gözləyirik”.  Nazir siqnal dedikdə, əsasən “öz maraqlarına cavab verən, Dağlıq Qarabağda yaşayan əhalinin təhlükəsizliyini təmin edən” siqnalı gözlədiklərini, problemin həllində Azərbaycanın kompromisə getməsini önə çəkib və özlərinin də kompromisə meyilli olduqlarını gizlətməyib. Kompromisin detalları açıqlanmayıb. Amma, nazir iki dəfə vurğulayıb ki, “bizim üçün prioritet xalqın təhlükəsizliyidir”.
 
Bu müsahibədə bizim üçün yeni olan bəzi məqamlar var. Birincisi elə jurnalistin mövqeyidir. Açığı bizdə belə təsəvvür formalaşıb ki, Avropa, ABŞ yalnız erməninin tərəfini tutur, həqiqətlər haqqında yanlış təsəvvürləri var. Amma, verilişin aparıcısı Stefan Sakurun mövqeyi aydın göstərdi ki, ingilis jurnalist Qarabağ həqiqətlərini hətta bizim bəzi jurnalistlərdən,  hər gün efirdə ancaq boş tərif söyləyən “politoloqlar”dan daha yaxşı bilir. Beynəlxalq hüququn, BMT prinsiplərinin Azərbaycanın yanında olduğunu erməni nazirin üzünə deyəcək qədər bilikli və cəsarətlidir.
 
İkinci tərəfdən ermənilərin bizdən siqnal gözləməsidir. Azərbaycanın indiyədək bəlli mövqeyi, yəni Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması, bizim daimi siqnalımız olub. Bizim kompromisimiz Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək statuslu muxtariyyət verilməsidir. Bu aydındır. 26 ildir ki, qarşı tərəf bunu bildiyi halda yenidən hansı siqnalı gözləyə bilər? Xalqları sülhə hazırlamaq deyəndə bizdən bundan artıq kompromisin olmayacağını danışıqları aparan səlahiyyətli şəxslərimiz açıq bəyan etməyiblərmi?  Əvvəllər edilib. Bəs, ermənini ümidləndirən başqa nə “siqnal” ola bilər?  Birincisi, həmişə olduğu kimi ermənilər münaqişənin həllini uzatmaqda və vaxt qazanmaqda maraqlıdırlar, çünki düşünürlər ki, məskunlaşma, xarici ölkələrlə əlaqə, işğal bölgəsinə gələn başqa dövlətlərin parlamentariləri, digər rəsmi şəxsləri, beynəlxalq səviyyəli tədbirlər və başqa proseslər Qarabağda təxminən Colan təpələri  və ya Abxaziya, Cənubi Osetiyanın tanınması sindromunu təkrarlaya,  onları zamanla istəklərinə qovuşdura bilər. İkincisi, danışıqlar zamanı Azərbaycan cəmiyyətinin bilmədiyi qəbulolunmaz kompromis barədə ola bilər. Danışıqların detalları, mahiyyəti haqqında ən az bilgisi olan Azərbaycan cəmiyyətidir desək, az səhv etmiş olarıq. Aldığımız informasiya isə tam anlaşılmayan “kreativ” və “substantiv” terminlərdən o yana keçməyib. 

Son aylarda Valdayda və Aşqabadda olan söz atışması hər iki cəmiyyətdə müəyyən əhval-ruhiyyəyə təsir edib və bizim vətəndaşlara əks tərəfdən fərqli olaraq qismən pozitiv ruh bağışlayıb. Hesab etmək olar ki, bu təsirin nəticəsində erməni nazir də əvvəllər olduğu kimi aqressiv deyil, yumşaq notlarla danışıb. Qarşı tərəf proseslərin bu cür davamının haraya gətirib çıxaracağının fərqindədir. Nazirin səfərini təhlil edən erməni jurnalistlər “əvvəl-axır müharibə olacaq və  müharibə başlasa iki stulda( Rusiya və Qərb) əyləşən Ermənistana heç kim hətta mənəvi dəstək verməyəcək” qənaətindədirlər.
 
Azərbaycanda daxilə hesablanmış siyasi proseslər başlayıb və təbliğat vasitələri və siyasi bəyanatlar baş verənləri böyük islahatlar kimi təqdim edir. Olsun. Bu islahat Qarabağ siyasətində də olmalıdır. Daxildə islahatların alternativsiz olduğu və buna start veriləcəyi deyilirsə və buna əməl olunacaqsa, mütləq Qarabağ siyasətinə də təsir etməlidir və  indiyədək aparılan Qarabağ siyasətində taktiki cəhətdən islahatlar aparılması olduqca   vacibdir. Qarşı tərəfin elan etdiyi kompromisin son həddi bütün dünyaya yenidən elan edilməli və bunun “kreativ forması” tapılmalıdır. Bunun üçün variantlardan biri Qarabağla bağlı beynəlxalq tədbirin keçirilməsi və dünyaya bir daha Qarabağla bağlı Azərbaycanın net mövqeyini çatdırmaqdır. Beynəlxalq ictimaiyyətə bir daha çatdırılmalıdır ki, Ermənistan işğalçıdır və işğal 26 ildir davam edir. Azərbaycan xalqının  da bir səbr sərhəddi var, əgər bundan sonra da sülh yolu ilə  işğalçı münaqişəni həll etmək istəməyib vaxt uzadacaqsa, Azərbaycan bununla razılaşmayacaq və beynəlxalq qanunların ona verdiyi hüquqa və xalqın iradəsinə əsaslanıb hərb yolu ilə məsələni həll edəcək. Beynəlxalq aləmə hesablanmış genişmiqyaslı təbliğata başlamaq və paralel olaraq silahlı qüvvələrin müharibəyə hazırlaşdığını nümayiş etdirmək lazımdır. Yeri gəlmişkən, islahatın ən böyüyü elə orduda aparılmalıdır. Müdafiə Nazirliyində də islahatlar, kadr dəyişikliyi ən vacib məsələlərdən biridir. Daxili siyasətdəki kötüklərin orduda da olduğunu və belələrinin nəinki silahlı qüvvələrin zabit və əsgər heyəti içərisində, bütün cəmiyyətdə qıcıq və etiraz yaratdığı hamıya bəllidir.
  
Ermənilərin gözlədiyi “siqnal” diplomatiya və hərbi yolla paralel olaraq çatdırılmalıdır. Bu işə cavabdeh olanlar tezliklə yeni istiqamətdə proqram hazırlamalı, bütün detallar ciddi-cəhdlə və hərtərəfli işlənməli, düşmən qətiyyətimizi hiss etməlidir. Ən yaxşı siqnal bizim qətiyyətimizin əyani sübutu olacaq!
 

Tarix: 27-10-2019, 15:20
Xəbəri paylaş





Xəbər lenti