Axı mən üzə bilirəm


Ölkə həyəcanlı günlərə şahidlik edir. Hər günümüz xəbər bolluğu ilə keçir, namxuda maşallah. Bir gün vəzifədən çıxarılan, yeni təyinat olmayanda pessimizmə yuvarlanırıq. Daha bunun harası dinamik inkişaf oldu? Harda qaldı siyahıdakı digər yaşlı məmurlar? Hamının beynində, biz jurnalistlərin bloknotunda isə onlarla belə ad var. Yeni həftəyəmi qaldı? Olsun, gözləyərik. Biz nələr-nələr gözləmiş, nələrə-nələrə təşnə millətik. Bunu da dörd gözlə gözləyərik.

Bu arada həyəcanlanan məmur və deputatların açıqlamaları ilə əylənək. Günlərimiz belə keçsin. Hazırda ölkənin havalarında  “Mən nə qədər qoca olsam da...” mahnısının təranələri yayılır. Hər kreslosuna yapışan yaşlı dayı özünün hansı məziyyətlərə malik olduğundan dəm vurur. “Biz daha ölmədik” havasında, “dəyərəm min cavana” mesajı verir. Dünənki işinə görə çox sağ ol, bu günkünə görə cavab ver - bu söhbəti bu diyarda anlayan, qəbul edən yoxdur. Hamı köhnə təranələrdədir.

Arif Rəhimzadənin bir açıqlamasını oxudum o gün. Demişdi ki, “50 metrlik hovuzu 20 dəfə dayanmadan üzürəm. Niyə deputat olmayım?”. Yəni, kəsəsi, yıxılmadım, ayaqdayım. Məndən yoxdur deyir adam. AzTV demiş, dönək baxaq Hadı Rəcəbli müəllimə. O da iddia edir ki, parlamentə ümumiyyətlə, yaşlılar lazımdır, onlar gəlməlidir. Sitatı olduğu kimi verək, təhrif olmasın: “Dünyada parlamentarilərin orta yaşı 57-62 arasındadır. Deputatlar bir qədər yaşlı olmalıdır. Bu gün, təəssüf ki, parlamentin ətrafında yalanlar, iftiralar dolanır, bu da siyasi texnologiyaların məhsuludur. İstərdim ki, jurnalistlər həqiqətləri çatdırsın, fəal deputatla qeyri-fəal deputatı seçə bilsinlər. Milli Məclisdə yatan deputatın olmasının tərəfdarı deyiləm, deputat aktiv olmalıdır və bunun yaşa heç bir aidiyyəti yoxdur”.

Necədir sizinçün? Birincisi, Arif Rəhimzadə müəllim başa düşməlidir ki, vəzifədə faydalı, funksional, əlverişli olmaqla hovuzda üzmək arasında heç bir əlaqə yoxdur. Əks halda, bütün üzgüçüləri gətirib qoyardılar ən üst vəzifə kürsülərinə. Sizə kim deyir ki, vəzifədə qalmaq üçün yaxşı üzməyi bacarmaq lazımdır?  Hadı müəllimə isə anladan lazımdır ki, parlamentdə yatmaqla xalqın şikayətini qulaqardına vurmaq eyni anlama gəlir. Sən ha yatdın, ha qulağını seçicinə qapatdın... Eyni şeydir. Oyaq qalıb da nə etmisiz axı? Gah demisiz, müəllim  işdən sonra fəhləlik etsin, gah da demisiz Rusiyada işləyənlər Sosial Müdafiə Fonduna vergi ödəsin. Hələ bundan başqa nə qədər açıqlamanız var ki, cəmiyyətdə az qala inqilabi əhval-ruhiyyə yaradıb hakimiyyətə qarşı. İndi mən soruşum, siz cavab verin: bunları demək xalqa xidmət etməkdir, hakimiyyətə xidmət etməkdir, ya özünüzə? Kimə, kim üçün işləyirsiz? Yatmayıb, oyaq qalıb da nə etmisiz? Və niyə vəzifə ilə üzüsulu vidalaşmaq bu qədər çətindir? Bunca hırçınlıq nəyə lazım? Kimlər gəldi, kimlər getdi... Siz də gedə bilərsiz, dünyanın sonu deyil.

Üstəlik, bu cür asi çıxışlar elə İlham Əliyevin “hakimiyyətin daxilində islahatlara mane olmaq istəyən qüvvələr var” açıqlamasını doğrultmurmu? Prezident yaşlı məmurlara “bu günə qədərki fəaliyyətinizə görə çox sağ olun, sizə yaxşı yol” deyir, yerdə qalanlar dirənir, sətiraltı bu qərara etiraz edirlər. Biri deyir, axı mən üzə bilirəm. O biri də deyir, axı mən parlamentdə oyaq qalıram, yatmıram. Sanki parlamentdə yatmamaq üstün özəllik, imtiyazmış.

Etiraz, şəxsi arqumentlərin səsləndirilməsi bütün hallarda təqdirə layiqdi. Bu, mütiliyin düşmənidir. Amma baxır bunu kim və niyə edir. Adam ironik şəkildə daha öncəki etiraz dialoqlarını xatırlayır: “Maaşımız bizə çatmır”. “Gedin işdən sonra fəhləlik edin”. Və bunun kimi onlarla dialoq.

Təntimək, həyəcanlanmaq, sabahın sizə nə gətirəcəyini bilməmək, yuxuları qaçırmaq... Bunları bir az da siz dadın, cənab məmurlar. Bəlkə o zaman xalqın illərdir nə çəkdiyini anlayarsınız.

Tarix: 28-10-2019, 10:23
Xəbəri paylaş





Xəbər lenti