Restoranlar naqqadan necə baha haqq alırlar - nərə kimi oyun


Bazarlarda naqqa nərədən təxminən 10 dəfə ucuz qiymətə satılır, amma...

Mövsümlə əlaqədar olaraq hazırda balıq bazarında aktivlik müşahidə edilir. İnsanlar daha çox kütüm, farel, xan, sazan kimi balıqlar satılır. Eyni zamanda bazarda nərə və naqqa balıqlarına da rast gəlinir. Son günlər yayılan rəsmi məlumatlara görə, restoranlar naqqa alıb, insanlara nərə adı ilə satırlar.

Belə ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb ki, ictimai iaşə müəssisələrində aparılan monitorinqlər zamanı aşkar olunmuş bir sıra nöqsanlarla yanaşı, istehlakçı hüquqlarının pozulması hallarına sıx şəkildə rast gəlinir. Qurumun yaydığı məlumatda qeyd edilib ki, həyata keçirilən monitorinqlər zamanı bir sıra ictimai iaşə müəssisələrində və şadlıq saraylarında əhaliyə nərə balığı adı altında keyfiyyəti və qiyməti aşağı olan, bəzi xüsusiyyətlərinə görə nərə balığına oxşayan  naqqa balığının təqdim edildiyi aşkar olunub.

Qeyd edək ki, naqqa balığı emal olunduqdan, yəni baş və quyruq hissələri kəsildikdən və təmizləndikdən, həmçinin bişirildikdən sonra nərəkimilərə aid balıqlara xas görünüşü olduğu üçün onları nərə balığından fərqləndirmək bir qədər çətinləşir. Naqqa balığının bu xüsusiyyətindən istifadə edən işbazlar istehlakçıları aldatmağa cəhd göstərirlər.

Baliq.jpg (165 KB)

“Yeni Müsavat”ın əməkdaşı olaraq balıq bazarında qiymətlərlə tanış olub, satıcıların fikirlərini aldıq. Satıcılar bildirdilər ki, naqqa balığının da alıcısı kifayət qədərdir. Onların sözlərinə görə, naqqa üçün gələn müştəriləri adətən iri balıqlara üstünlük verirlər. Çünki çəki artdıqca, balığın ümumi qiyməti ucuzlaşır. Satıcıların sözlərinə görə, iri naqqa balığının kiloqramı 5 manata satılır. Bu balıqların alıcıları daha çox restoran sahibləridir. Ancaq fərdi şəkildə balıq almağa gələnlər də yox deyil.  Çəkisindən söz düşmüşkən, qeyd edək ki, naqqaların uzunluğu 70-100 sm, kütləsi 3,7-10,5 kq, bəzi fərdlərin isə uzunluğu 250 sm-ə, kütləsi 100 kq-a çatır. Hətta 300 kiloqramlıq naqqa balığına da rast gəlinir. Ancaq daha çox ovlananları 3-10 kiloqram arasında olanlardır. Elə Bakıdakı bazarlarda da bu çəkidə olan balıqlar satılır. 

Azərbaycanda Kür və Araz çaylarında, onların qollarında, su anbarlarında, Əyriçayda, Qumbaşıda, Kiçik Qızılağac və seyrək hallarda Böyük Qızılağac körfəzlərində yayılıb. Satıcılar adətən bazarda Kür çayından tutulan naqqaları satırlar.  Naqqa ilə bağlı bəzi maraqlı məlumatları da qeyd edək. Belə ki, naqqa balığı şirin suda yaşayan balıqdır. 80 il yaşaya bilir. Naqqa yarımkeçici balıqdır. Dənizdə, əsasən sahilə yaxın ərazilərdə çayların Xəzərə tökülən hissələrində 15-20 m, bəzən 50 m-dək dərinliklərdə yayılıb. Kür və Araz çaylarının  aşağı və orta hissələrində, Mingəçevir su anbarında, Kürətrafı göllərdə yaşayan naqqa yerli populyasiyalar əmələ gətirir. Suyun temperaturu 18-20°C olduqda yarımkeçici naqqalar kütləvi şəkildə Kür çayına girir, 5°C-dən aşağı temperaturda isə bu balıqlar qidalanmır və qeyri - aktiv həyat tərzi sürürlər. Payız aylarında dənizdə yaşayan naqqaların bir çoxu Kürün aşağı hissələrinə daxil olaraq oradakı çökəkliklərdə qışlayırlar.

Baliq (1).jpg (10 KB)

Bu balıqlar onurğasızlar və çömçəquyruqlarla qidalanırlar. Yayın sonunda isə balıqlarla qidalanır. 

Nərə balığına gəlincə isə bazarda bu balığın kiloqramı  50-60 manata satılır. Bu balığı hər bazarda tapmaq mümkün deyil. Bakıda adətən “Yaşıl bazar” deyilən ərazidə nərə satışı həyata keçirilir. Mağazalarda nə nərə, nə də naqqa balığının satıldığına rast gəlmədik.

Nərə balığı(ağ balıq) nərəkimilər fəsiləsinə aiddir. Dünya sularında olan nərə balıqlarının 80%-i Xəzər dənizinin sularında yaşayır. Nərəkimilər fəsiləsinə aid olan balıqlar digər balıqlardan iynəşəkilli bədənləri və sivri burunlarına görə fərqlənirlər. Onların uzunsov burunları, hərəkətli və dişsiz ağızları olur. Onların üzgəcləri qalınlaşmış və tikana çevrilib. Dişi nərə balığı dünyada ən yaxşı kürü verən balıqdır. Nərə balıqlarının bir çox növləri var. Bu balığın əti ən qiymətli balıq ətlərindəndir. Nərə balığı molyusklarla, xırda dəniz heyvanları ilə, suda olan balıq yumurtaları və həşəratlarla qidalanırlar. Nərə balığının uzunluğu 1-2, bəzi növlərində 3 metrə, çəkisi isə 50-80-200 kiloqrama qədər ola bilir. Nərə balığı adı Qırmızı kitaba düşən balıqlardandır. Nərə balığının əti sümüksüz və çox dadlıdır.

Bu iki balıq bir-birinə çox oxşasa da, yuxarıda sadaladığımız xüsusiyyətlərindən də göründüyü kimi, fərqli tərəfləri də az deyil. Yuxarıda qeyd etdiklərimizdən əlavə onu da bildirək ki, əgər balığın dərisi tamamilə təmizlənib, sadəcə, əzələ hissəsi qalıbsa, nərə balığında əzələlərarası növbəli şəkildə sarı yağ kütləsi olduğu halda, naqqa balığında bu, ağ rəngdədir. Bu göstərici əsasən daha iri kütləli növlərə aiddir. Tam bişmiş və heç bir halda fərqləndirici xüsusiyyət müşahidə olunmadıqda isə təqdim olunan məhsulun dadı ilə də fərqləndirmək mümkündür. Çünki naqqa balığı nərə balığına nisbətən daha spesifik dada malikdir.  Süfrəyə gələn zaman naqqa ilə nərəni ayırmaq olduqca çətin olur.  Ancaq ekspertlər bildirirlər ki, hər iki balığı dadan şəxs bunu asanlıqla ayıra bilir. Çünki nərənin dadı naqqadan çox fərqlənir.

Tarix: 30-10-2019, 10:10
Xəbəri paylaş





Xəbər lenti