Müəllimin satdığı ayı ətinin mənşəyi


“Düşünürdüm mən qocalanda Tanrı nəsə edəcək. Ancaq o, heç nə etmədi”

(“Qocalara burada yer yoxdur” filmindən)

YAP-ın qurucularından Əli Əlirzayev şikayətlənir, deyir məni YAP-ın Siyasi Şurası üzvlüyündən çıxardılar, Səbayel rayon şöbəsində şura üzvü elədilər, lakin heç oradakı iclaslara da çağırmırlar. Doğrusu, mənə məlum deyil Əli müəllim YAP Səbayel şöbəsinin iclasına gedib orada hansı çıxışı eləmək fikrindəymiş. Bəlkə təzədən partiya quruculuğuna girişəcək? Örnək üçün, LYAP (Lap Yeni Azərbaycan Partiyası) qurmağın vaxtıdır. Hərçənd əvvəlki dövrlər deyil, indi 91 yox, lap istəyirsən 191 imza topla, xeyri yoxdur. O məşhur lətifədə deyilən kimi, əjdaha qardaş özü yaxşı bilir kimi yeyir, kimi də zad eləyir.

Üstəlik, YAP qurucularının bəzilərinə baxanda hələ Əli müəllim yaxşı canını qurtarıbdır. İclasa çağırmırlar... Püff. Problemə bax. Sən bir bax gör adaşın Əli İnsanovu neylədilər. Sözgəlişi, iqtidarın son günlər pensiyaçılara qarşı səlib yürüşünü izlədikcə Koen qardaşlarının çəkdiyi triller yadıma düşür: “Qocalara burada yer yoxdur”. Filmin tək adı yox, proses də xeyli dərəcədə üst-üstə düşür.

Bir maraqlı təsadüfü də yazım. Bugünlərdə bir zəhmətkeşimiz şikayət məktubu yazıbdır, səhhətinə görə pensiyaya çıxmaq istəyir, lakin Səhiyyə Nazirliyinin günahı üzündən iş ləngiməkdədir. Gördüyümüz kimi, Azərbaycanda təkcə pensiyaya çıxmaq istəməyənlərin durumu problem deyil, bizdə pensiyaya çıxmaq istəyənlər də əngəllə üzləşir. Məşhur məsəldəki kimi: “... götürən də peşmandır, götürməyən də”.  Həmin vətəndaş şikayət məktubunda 1994-cü ildən YAP üzvü olmasını xüsusi vurğulamışdı, düzü, anlamadım bunu mənə niyə yazmışdı. Bəlkə fikirləşir mən stajlı yapçılara özəl məhəbbətlə yanaşıram? Bilmirəm. Hər halda, qoca yapçıları heç hökumətin özünün xüsusi sevmədiyi bir epoxaya keçməyimiz səbəbindən bəlkə belə tarixçələri gizli saxlamaq daha yaxşı olardı. Hesablasan vəzifədə köhnə cəbhəçilər köhnə yapçılardan çox çıxar. Ağızlarını açanda da o dövrü pisləyirlər. Sanki özünütənqidlə məşğuldurlar. Bunu bir vaxt Qorbaçov moda salmışdı.

Əli müəllimi qoyaq Səbayel YAP-ın iclasının qapısı ağzında, keçək ümummilli məsələlərə. Qəbələdə bir müəllim ayı əti satırmış, ekologiya idarəsi əti müsadirə edibdir və ola bilsin müəllimin ailəsini yaxın həftələr üçün ac qoyubdur, ailə lazımi qədər yağ ehtiyatı görmədiyi üçün qış yuxusuna getməyəcəkdir. Ən azı dekabra qədər müəllimlərin belə ərzaq problemləri həll olunmalıdır ki, bələdiyyə seçkisi günü məntəqələrin ətrafında vətəndaşların bülletenini parçalayan ac müəllimlərə rast gəlinməsin. Xəbərin ən maraqlı cümləsi isə axırında idi: “Hazırda hüquq-mühafizə orqanları ayı ətinin pedaqoqun əlinə necə keçməsini araşdırırlar”.

Savadsız yanaşmadır. Həyatdan uzaq düşməyin nəticəsidir. Əgər həmin orqanlar məktəblərimiz, təhsil sistemimizlə sıx surətdə əlaqələr qursaydılar dərhal ayı ətinin mənşəyini başa düşərdilər. Bu saat bizim məktəblərdə ayı yetişdirib həyata, təbiətə, cəmiyyətə buraxmaq üzrə xüsusi dövlət proqramları, kurrikulumlar vardır. Çox yaxşı haldır, çünki ayı dalıyca meşəyə, dağa-daşa düşməyə ehtiyac qalmır. O cümlədən, bu yaxında ekoloqlarımız Belarusdan zubr öküzü alıb gətirib Qəbələ dağlarına buraxanda anlaşılmaz durum yaranmışdı. Öküzümüz yoxdurmu? Elə təhsil sistemi özü hər il nə qədər öküz təlim-tərbiyə edir.

Düzdür, hazırda məktəblərin başı bələdiyyə seçkisinə qarışdığı üçün güman edə bilərik hələ azı iki ay belə məişət problemləri üzə çıxacaqdır. Ona görə bəlkə müəllimlərin ayı əti satmağına qoyulan qadağa üzərinə iki ay qadağa qoymalıyıq. Ya da müəllimlər ayı satmaq vergisindən azad olunsunlar.

Tarix: 31-10-2019, 10:15
Xəbəri paylaş





Xəbər lenti