Hadı Rəcəbli deputat mandatından və elmi addan məhrum oluna bilər

      
Tanınmış hüquqşünas, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Ziyalılar Klubunun İH-nin üzvü, Qarabağ Qazisi Vüqar Dadaşov, Milli Məclisin deputatı Hadı Rəcəblinin Azərbaycan xalqını “nankor xalq” adlandırmasına kəskin etirazını bildirmiş və bununla bağlı Milli Məclisin sədri Oqtay Əsədova müraciət edərək H. Rəcəblinin deputat mandatından məhrum edilməsini xahiş etmişdir. Eyni zamanda da V. Dadaşov AMEA müraciət edərək H. Rəcəblinin siyasi elmi dərəcəsini plagiat olub-olmaması barədə araşdırma aparılmağını xahiş etmişdir. Milli Məclisə ünvanlanmış həmin müraciəti oxucularımıza təqdim edirik.
“Hörmətli sədr, Milli Məclisin deputatı Hadı Rəcəblinin sosial şəbəkələrdə dediyi sözləri oxuduqdan sonra şəxsən sizə müraciət etmək qərarına gəldim. Nəzərinizə çatdırmaq istəyirəm ki, Hadı Rəcəbli bir deputat kimi fəaliyyət dövründə qalmaqalı çıxışları, söyüş söyməsi ilə layiq olduğu mənfi obrazını yaratmışdır. Hadı Rəcəbli bütün etik qayda və normaları pozaraq təmsil etdiyi Azərbaycan xalqını “nankor xalq” adlandırmışdır. Nəzərə alsaq ki, H. Rəcəbli Azərbaycan dövlət qanunvericilik hakimiyyət orqanının nümayəndəsidir, o halda, H. Rəcəblinin şəxsinin əqli və psixoloji halının yoxlanılması lazım gəlir. Xalqı və qanunverici hakimiyyəti təmsil edən şəxsin Azərbaycan xalqını “nankor” adlandırması və açıq aşkar təmsil etdiyi xalqa nifrəti sözsüz ki, onun Azərbaycan xalqına xidmət etmədiyinin təkzibedilməz sübutudur. H. Rəcəblinin siyasi elmlər üzrə dərəcəyə sahib olması faktı qarşısında, bir deputat və siyasi bir fiqur kimi, publik şəkildə nümayəndəsi olduğu xalqa qarşı “nankor xalq” belə bir ifadə işlətməsi onun, siyasi savadsızlığının və daşıdığı elmi dərəcəyə layiq olmadığına sübutudur. Belə bir ifadə heç bir deputatın, siyasi fiqurun və siyasi bilikli insan səviyyəsinə uyğun deyildir.
Hörmətli Oqtay müəllim, yuxarıda qeyd edilənləri nəzərə alaraq Milli Məclisin deputatı Hadı Rəcəblinin deputat mandatından məhrum edilməsi məsələsinə baxılmasını xahiş edirəm.”
 Siam.az
Tarix: 4-11-2019, 21:39
Xəbəri paylaş





Xəbər lenti