Lavrov haqqında esse müsabiqəsi və bir daha Paşinyanın nöqtəsi haqqında...

    Azərbaycanın rəsmi siyasətində Rusiyayönümlüyün sanki sərhəddi yoxdur və bu özünü bütün sahələrdə göstərir.
Keçmiş postsovet respublikaları içərisində, Qazaxıstan istisna olmaqla, Azərbaycandakı qədər rus dilli məktəb yoxdur. Yəni, gələcək və indiki gənc nəslin (perspektiv minaların) düşüncə tərzi Rusiyayönümlüdür. Bakı küçələrində, xidmət sahələrində danışıq dili keçən əsrin 70- 80-ci illərində olduğu kimi rus dilidir. Əvvəllər Keçici Qırmızı bayraqlar, sosialist əməyi qəhrəmanları, Lenin yubiley medalları alan zəhmətkeşləri indi “Rusiyanın dostu” medalı alan yüksək vəzifəli  məmurlar əvəzləyib. Bu təltifləri alanlar bilmirlər ki, belə metod cəlbetmənin aşkar variantıdır və ona görə cəmiyyətə açıq elan edilir ki, mükafatlananlar qaça bilməsinlər. Mədəniyyət sahəsini də “Jara” tam öz çətirinin altına alıb və mədəni hadisədən çox kiminsə kaprizinin yeridilməsidir. Və çox-çox bu qəbildən olan yarınmaqlıqlar. Bunun başqa adı yoxdur. Kütlənin isə düşüncəsinə yeridilib ki, bütün bu işlərin arxasında Qarabağ siyasəti dayanır və Kreml bu siyasətin nəticəsi olaraq Qarabağı bizdən alıb erməniyə verdiyi kimi, indi də ermənidən alıb bizə qaytaracaq. Hərdən bu yanaşmanın nə qədər yanlış  olduğu, sadəlövh və zərərli olduğu xatırladılsa da, bulağın gözündən içənlərin əks təbliğatı şüurlara aldadıcı təsirini davam edib və inanmıram ki, Lavrovun, yəni Rusiya dövlətinin dünən İrəvanda səsləndirilən mövqeyi bunlara dərs olsun. Dərs demişkən, bundan sonra nəinki Slavyan universitetinə, bütün orta məktəblərə, universitetlərə tapşırılsa ki, Lavrov haqqında esselər yazın, qalibləri də bu dəfə parlamentin danışmayan deputatları təltif edəcək.., təəccüblənməyin.
 
Dünənə kimi Rusiya Qarabağ siyasətinə dildə beynəlxalq hüquq çərçivəsində yanaşdığını desə də, əməldə tam erməni yanlısı olduğunu bizə də, erməniyə də göstərmişdi. Nəhayət, dünən Rusiya xarici siyasət idarəsinin başçısı Lavrov dildə də dedi ki, Qarabağ münaqişəsi “millətin öz müqəddəratını həll etmək” prinsipi əsasında nizamlanacaq və burda Dağlıq Qarabağ ermənilərinin iradəsindən kənar heç nə həll olmayacaq. Əlavə edib ki, İrəvan ermənisinin və yetim Azərbaycanın da maraqları nəzərə alınacaq. Azərbaycanın adının formal olaraq çəkildiyi, Paşinyanın hakimiyyətinə dəstək olaraq ifadə edildiyi,  tərəzinin gözünün ermənilər tərəfdən ağır gəldiyi ortadadır. Lavrov “müqəddaratı təyin etmə” prinsipini öncədən deməklə Paşinyanın nöqtəsinə güc verdi və bu nöqtə o qədər yekə oldu ki, başqa işarələr kölgədə qaldı.
 
Deməli, görün indiyədək nə qədər dişsiz, təsirsiz siyasət aparılıb ki, düşmənin ölkəsində, həmsədr olan Rusiya dövlətinin xarici siyasətinin başında duran şəxs açıq şəkildə elan edir ki, bu iş Azərbaycandan kənar, yəni Qarabağ erməniləri həll edəcək. Bununla da Azərbaycanın Qarabağ siyasətində indiyədək sürdüyü lokomotiv dayandı. Əslində Azərbaycanın Rusiyayönümlü siyasətinin arxasında Qarabağ münaqişəsinin xeyrimizə həll edilməsinin dayanmadığı zaman – zaman xatırladılıb, amma bu işi bilənlər belə yarınmaq üçün məhz Qarabağın adını çəkib, əslində bununla da öz şəxsi mənafelərini güdüblər.

Qarabağ məsələsinin çözümündə həlledici və son söz istisnasız olaraq Azərbaycan xalqına məxsusdur. Bu gün bu sözləri Lavrova cavab olaraq onun Azərbaycanlı kolleqası deməli idi və sərt tonla qınamalı idi. Çox biabırçı haldır ki, verilən cavab bu günə qədər aparılan siyasətin bir az da əzilmiş, yazıq forması oldu. 
 
Azərbaycan Qarabağ siyasətini kökündən dəyişməlidir! Azərbaycan hücum diplomatiyasını seçməlidir. Dekabrda Bratislavada olacaq xarici işlər nazirlərinin görüşünə döyüş ruhu ilə, qəzəblə qatılmaq lazımdır, fağır diplomatik jestlərlə yox. Hiss olunur ki, bəzilərinin illərdir bağlı qapılar arxasında eşitdiklərinin Lavrov tərəfindən açıq şəkildə bəyan edilməsi şok effekti yaradıb. Hamı əks-cavab gözləyir. Susmaqla, reaksiya verilməməklə, düşmən və havadarı daha sərt şəkildə üstümüzə gələcək və o zaman gec olacaq. Millət üçün, dövlət üçün gec olacaq. Bu istiqamətdə görüləsi o qədər xarici və daxili işlər var ki... 

Azərbaycan xalqında özünəinam yaratmaq üçün sözü təsir edən hər kəs nə gərəkirsə onu etməli, vətənin taleyinin təhlükədə olduğunu və xilasın xalqın iradəsindən, milli birlikdən, vətən uğruna savaşdan asılı olduğunu elan etməlidir!

İlham İsmayıl
Tarix: 13-11-2019, 21:19
Xəbəri paylaş





Xəbər lenti