Mühacir biznesi məsələsi... - subyektiv baxış


Əslində biz ən çox mühacirət edən xalq deyilik. Təkcə postsovet məkanında bizi qabaqlayan xalqlar var - ruslar, ukraynalılar, ermənilər, moldovanlar, taciklər, özbəklər...

Əvvəllər Orta Asiya xalqlarının nümayəndələrinin yönü yalnız Rusiyaya idi, son vaxtlar onlar da Avropaya, Türkiyəyə də gedirlər.

Biz Avropaya axışmağa son 20 ildə başlamışıqsa, ruslar və ukraynalılar (eləcə də belaruslar) bu işə 30 il öncədən girişiblər, bir yanı Skandinaviya ölkələri, o biri yanı Türkiyə və Yunanıstan, eləcə də İspaniya, Almaniya, İngiltərə kimi ölkələrə,  hətta okeanın o tayında ABŞ və Kanadaya kütləvi şəkildə mühacirət ediblər.

Vətəndaş müharibəsi gedən, qanlı diktatura rejimlərinin bərqərar olduğu ölkələrdən mühacirət edənlərin isə sayı-hesabı yoxdur. Hər il yüz minlərlə insan doğulduğu, yaşadığı ölkəni tərk edir, başqa ölkəyə sığınır, başını salamat saxlamaq, aclıq çəkməmək üçün hər yola baş vurur.

Bu, bir reallıqdır ki, mühacirlərin baş vurduğu “hər yol” heç də həmişə qanuni olmur. Labüd ölüm, həbsxana, zorlanma təhlükəsi qarşısında qalan mühacirlər üçün gecəylə rezin qayıqlara minib başqa ölkənin ərazisinə yaxınlaşmağın adı “xilas olmaq”dır, həmin ölkədə isə bunun adı “insan qaçaqmalçılığı” və “insan alveri”dir. Çünki onları pul-para müqabilində ölkəyə gətirənlər var.

BMT-dən belə bütün beynəlxalq təşkilatların sənədlərində bu, təkcə humanitar problem kimi yox, həm də beynəlxalq cinayət kimi təsbit olunur. Əksər firavan dövlətlər bu problemdən bezardırlar. Çünki dünyanın qaçaq mühacirləri mütləq həmin ölkələrə pənah aparırlar. Nə etsinlər? Qanlı Myanmadan qaçıb acından ölən Şimali Koreyaya sığınası deyillər ki? Hərçənd rojincalılar məhz belə edir, Banqladeşə sığınıb yarıac dolanmağı labüd ölümdən, zorlanmadan üstün tuturlar.

İndi Almaniyada yaşayan bəzi həmvətənlərimizi mühacir alverində, saxta sənədlər hazırlamaqda ittiham edirlər. Bu işdə əsasən bir partiyanın - Müsavatın üzvlərinin adı hallanır.

Ancaq məsələ belədir ki, bu ölkədən gedən və müxtəlif partiyaların üzvü olmuş şəxslərə arayışı Müsavat verməyib, onlar müvafiq sənədi öz partiyalarından alıblar.

Sadəcə, 2003-cü ildən sonra Avropada “Müsavat Partiyasının üzvü olmaq” daha populyar tanınma nişanı olduğundan, bu partiyanın üzvlük bileti daha keçərli sənəd sayıldığından mühacirlərin bir çoxu “firavan Avropada xoşbəxt olmağa” məhz “müsavatçı” kimi getmək istəyirdilər

10 il öncə santexnik işləyən bir qonşumla söhbət edərkən məlum oldu ki, onun ailəsi İsveçdədir. Ondan soruşdum ki, ailə üzvləri ora necə gedib. Usta dedi ki, siyasi mühacir kimi gediblər. O necə olub? Belə: İsveçdə yaşayan qohum onlara deyib ki, bura gəlmək istəyirsinizsə, gedin Müsavata üzv olun, biletinizi alın, gəlin. Bunlar da elə ediblər, ana və iki həddi-büluğa çatmış övlad partiyaya ərizə ilə müraciət ediblər, üzvlüyə qəbul olunublar, 1 ay gözləyiblər, bilet hazır olub, alıblar, çamadanlarını qablayıb gediblər. Santexnikdən soruşdum, İsa Qəmbərdən tutmuş Hikmət Haczadəyə qədər bir Müsavatdan heç kəsi tanımırdı. Tanıdığı bircə qəsəbə özək təşkilatının sədriydi.

İlk baxışdan burada qanunsuz bir şey yoxdur: adamlar partiyanın rəsmi üzvləridir, biletləri də var. Qanunsuz və saxta olan odur ki, onlar heç vaxt siyasi fəallıq etməyiblər, siyasi təqibə məruz qalmayıblar, amma özlərini İsveçdə “təqib olunan siyasi mühacir” kimi qələmə veriblər.

Belə adamlar həddindən çoxdur. Məhz onlar gerçək müxalifətçilərin, müxtəlif illərdə təqibə-təzyiqə məruz qalan, öz ölkəsində hökumət strukturlarıyla problemlər yaşayan şəxslərin haqqına girir, onlar üçün son ümid yeri, axırıncı nəfəslik olan pəncərəni qapadırlar.

Hazırda adları “mühacir alveri”ndə hallanan şəxslərin arasında tanıdıqlarımız da var. Onların ölkəmizdən getmiş adamlara qucaq açdıqları, kömək etdikləri barədə məlumat vardı və bilirdik ki, bunu çox vaxt təmənnasız edirlər. İndi adları “pul müqabilində” sözbirləşməsi ilə birlikdə çəkilir və bu, təəssüf doğurur.

Güman ki, bir müddətdən sonra təfərrüatlar ortaya çıxacaq, kimin nə dərəcədə və nədə suçlu olduğu məlum olacaq.

İndilikdə yalnız onu demək olar ki, bu şəxslərin hamısını bir yerə qatıb baltalamaq düzgün deyil. Onlar həmvətənlərimizə bu və ya digər şəkildə (ya pul müqabilində, ya da təmənnasız) kömək ediblər.

Avropa ölkələrinin problemini özümüzə inikas etdirməyək. Mühacir axını ilə mübarizə aparmaq onların problemidir.

Burada sual doğuran başqa bir məqam da var: könüllü şəkildə “avropalı” olmaq istəyənlərimiz və buna məcbur olanlarımız niyə çoxdur?

Xalid KAZIMLI
Tarix: 15-11-2019, 09:58
Xəbəri paylaş





Xəbər lenti