Azərbaycanlı jurnalist Şuşa və Kəlbəcərdə - gizli səfərin FOTOları


Qarabağa səfər edən azərbaycanlı jurnalistlərdən biri - Elşən Rüstəmov özünün facebook səhifəsində işğal altında olan ərazilərimizdən şəkillər paylaşıb.

Musavat.com xəbər verir ki, E.Rüstəmov Kəlbəcərin, Şuşanın görüntülərini "Doğma torpağımız" qeydi ilə paylaşıb. Jurnalist həmçinin, İrəvandakı Göy Məsciddən də şəkillər də yayıb.

Nəzərə çatdıraq ki, noyabrın 17-21-i tarixlərində Azərbaycan və Ermənistandan olan jurnalistlər qarşılıqlı səfərlər həyata keçiriblər. Azərbaycanlı jurnalistlər Azərbaycanın işğal altında olan hissəsinə-Dağlıq Qarabağa, ermənilər isə Gəncəyə gediblər.

Ermənistandan Bakıya “Şant” TV-nin icmalçısı Artyom Yerekyan, “Mediamaks” İA-nın baş redaktoru David Alaverdiyan, və separatçı rejimin “İTV”-nın əməkdaşı Edqar Elbakyan gəlib.

Azərbaycandan isə Ermənistana “Trend” Agentliyinin baş redaktoru Elçin Vəliyev, 1news.az saytının müxbiri Elşən Rüstəmov və “Vestnik Qafqaza-Azerbaycan”ın müxbiri Orxan Elçuev gedib.


Bu barədə ölkə ictimaiyyətinə və mediasına ancaq ümumi məlumatlar verilib, səfər edənlərin adları açıqlanmayıb. Azərbaycan mətbuatı qarşılıqlı səfərdə olan həmkarlarının adlarını Ermənistan KİV -lərindən öyrəniblər. Fotolarını yaydığımız Elşən Rüstəmov da paylaşımlarında heç bir məlumat mətni dərc etməyib.

Beləliklə, gizli saxlanılan qəribə səfərdən bir neçə fotonu təqdim edirik.




Tarix: 24-11-2019, 08:28
Xəbəri paylaş





Xəbər lenti