120 manatlıq kostyuma görə korrupsiyada suçlanan başçı...

 

15 il əvvəl idi (bu 15-in Vilyam Hacıyevin İH başçılığı müddətinə dolayısı ilə dəxli var), günü də yadmdadır - fevralın 14-ü. Bir qohum rayonda nərdivandan yıxılmış, sağ ayağını becərmişdi, travmatoloqluq idi.

Adamı apardıq həkim yanına, anestezioloq müdaxiləsi ilə əməliyyat olunmalıydı. Amma qohum narkoz almaqdan qorxurdu. Ona psixoloji dəstək üçün dedim ki, anestezioloqla özüm danışacam, hər şey yaxşı olacaq. Travmotoloqla birlikdə anestezioloqun yanına getdik. 58-60 yaşında bir kişiydi. Travmatoloq məni ona təqdim etdi, işlədiyim qəzetin adını dedi. Doktor da şəstlə əlini uzadıb dedi ki, mən də 93-dən YAP-ın üzvüyəm.

Xüləs, ağrı çəkən xəstə qaldı bir tərəfdə, anestezioloqla aramızda cari ictimai-siyasi vəziyyət xüsusunda mədəni polemika başladı. Əslində mənim mədəni olmaqdan başqa çarəm yox idi, qohumun həyatı həkimin əlindəydi və çalışırdım ki, söhbəti çox dərinləşdirməyim. Amma elə oldu ki, YAP-çı doktor kəskin bir sual qoydu: “Guya sizin düşərgədəki haqq-ədalətdən danışan adamların hamısı doğrudan da demokratdır və düz adamdır?”

Dedim, yox, təbii ki, hamısı olmaz. Doktor dedi, çox olar sizdə 25-30 faiz dürüst adam var, qalanlarının əlinə fürsət düşsə, görərsən, nə buynuzları çıxır. Tərs damarım tutdu, dedim, doktor, bəs sizin doğma, əziz partiyanızda dürüst, səmimi kadrlar neçə faiz olar. Həkim heç bir saniyə də fikirləşmədi, səmimi bir şəkildə dedi: “Bizdə də çox olar 5 faiz”.

Təsəvvür edin ki, həkim mənsub olduğu partiyanı mənimkinə 5:25 hesabı ilə “uduzdursa” da, qalibanə tərzdə gülümsədi və polemikaya son qoydu. Daha deyəcək bir söz qalmadı. Sağollaşıb çıxanda həkim təxminən belə dedi ki, çox da şey eləməyin, hamımız bir millətik, materialımız, düşüncəmiz eynidir, bir-birimizdən, sadəcə, 5-10 faizlik fərqimiz var.

Əslində, həmişə başqaları da deyirdilər ki, demokratlarla partokratların yerini dəyişsək, iş prinsipləri və tamahkarlıqları arasında 5-6 faiz fərq olar. Yəni vəzifəyə kimi qoysalar, alar, yığar, bölər, toplayar, çıxar, vurar və sair riyazi əməliyyatlar edər. Əsas arqument də bu idi: eyni xalqın bağrından çıxmışıq, eyni mühitdə yetişmişik, eyni ölkədə yaşayırıq, bir ağacın qol-budağıyıq və s.

Bu mövzuda mübahisələrdə adətən belə bir aşırım da olur: “Guya siz olsanız...” Qalırsan belə. Anlayırsan ki, 5-10 faiz fərqli olmaq ciddi fərq deyil, amma onu da bilirsən ki, hər dəfə 5-10 faiz daha yaxşı olana üstünlük verilsə, bəlkə 100 ilə (zarafat edirəm, olsun 200) haqq-ədalət və dürüstlük bizim ölkəyə də təşrif buyurar.

İndi baxıram ki, 15 il qabaq biz YAP-çı həkimlə mübahisə edəndə Uilyam (əslində adın orijinalı belə olmalıdır) bəy hələ vəzifəyə təyinat almayıbmış, korrupsiyaya qurşanmayıbmış və təbii ki, doktorun dediyi o “5 faiz dürüstlər”in içindəymiş.

İdeya vermək kimi çıxmasın, təcrübə göstərir ki, bir adam böyük vəzifədə nə qədər uzun müddət oturursa, bir o qədər böyük korrupsioner olur. Yeni təyinat alanlar 1-2 il dürüst olur, eyforiyaya qapılıb bir az da qabağa getməyi düşünürlər. Elə bilirlər ki, 5-6 aydan sonra onları çağırıb daha yekə vəzifə təklif edəcəklər. Amma bir dəfə üzləri babat danlanandan sonra başa düşürlər ki, əllərində olana şükür etməlidirlər və perspektiv barədə düşüncələri kənara atıb, mövcud imkanlardan yararlanmağa başlayırlar.

Bu baxımdan artıq neçə vaxtdır təcrübəli yoldaşlar “bizim komanda gəlsə elə olar, belə olar” nağıllarına inanmırlar. Hər siyasi qüvvənin daxilində uilyamlar var, sadəcə, onlara səlahiyyət ver, 5-6 ildən sonra get qarajlarına bax.

O saf İH başçıları 92-93-də qaldılar. Yadımdadır, onlardan biri vəzifəyə təyin olunduğu günün səhərisi işə 120 manatlıq təzə kostyumda gəlmişdi, yerli cəbhəçilər adama şübhə ilə baxırdılar ki, dəən, bəy artıq korrupsiyaya qurşanıb. O da şübhəli baxışları sezərək, cəbhədaşlarına təzə kostyumunun maliyyə qaynağı haqqında şifahi deklarasiya vermişdi, məlum olmuşdu ki, kostyumu bacısı bağışlayıb. Yazıq başçı o kostyumu 1-2 dəfə geydi, sonra əlavə söz-söhbət olmasın deyə, çıxardı, axıra qədər hərbi mundirdə, buşlatda-filanda gəzdi.

Anestezioloq həkim sağdırsa, gərək, yavuqlaşım, yeni kadrların dürüstlüyünün faiz göstəricisini soruşum, bəlkə bir az artıb və ya azalıb?

Tarix: 9-05-2020, 11:52
Xəbəri paylaş





Xəbər lenti