Yıxılmış evyıxanların “baltalanması” – Cinayətləri acgözlükləridir

 

Əvvəlki illərdə vəzifədən götürülənlər barədə söz-söhbətin, qəzet-sayt yazılarının artması zamanı baş qaldıran xəstəlik, demaqogiya yenə də kükrəyib.

Köhnə-yeni kampaniyanın əsas tezisləri bunlardır: “Yıxılana balta çalanlar çoxaldı”; “İndiyə qədər niyə yazmırdınız?;” “Bağda ərik var idi, salam-əleyk var idi...”; “Hamı yıxılının qənimidir”; “Əllərinə zəif adam düşüb, sağdan da döşəyirlər, soldan da” və s.

Mediada, sosial şəbəkədə bu kimi fikirlərin müəlliflərinin içində vicdanlı, dürüst adamlar da var, vicdansız, nadürüstlər də.
Bəlkə də, bu mövqedə olmaq bir çoxlarına mərdlik təzahürü kimi görünə bilər, məsələn, belə: “Baxın, filankəs pisləmə, qısnama kampaniyasına qoşulmur, buna etiraz edir, “baltaçı”lardan deyil”.

Amma dərin düşünəndə görürsən ki, əslində, bu, olduqca ziyanlı mövqedir, zərərçəkənləri qoyub, zərərvuranların tərəfində durmaqdır.

_ena_aff823a1ae7cef00ed424f7f2_o.jpg (30 KB)

Çünki ortada klassik repressiya atmosferi yoxdur, tutulanlar heç də şərlənmiş yazıçılar, ictimai-siyasi xadimlər deyil, onların üzünə yalandan adam qoymurlar, işgəncə yolu ilə öz əleyhlərinə ifadə almırlar.

Qısa bir haşiyə çıxaraq qeyd edim ki, ötən əsrin 30-cu illərində repressiya olunan inqilabçılar, partiya və dövlət xadimləri (qarayevlər, sultanovlar, musabəyovlar, bünyadzadələr, ildırımlar və b.), heç də süddən çıxmış ağ qaşıq olmayıblar. Onların bu ölkənin qarşısında olduqca böyük cinayətləri olub və başqa bir qrupa daxil olan yeni cinayətkarlar köhnə qvardiyadan olan həmin cinayətkarları cəzalandırıblar - sırf öz karyera və hakimiyyətləri üçün.

Hazırda həbs edilən, cəzalandırılması gözlənilən yüksək vəzifəli məmurlar isə adi korrupsionerlərdir, ideologiya, məfkurə davası aparan dissidentlər deyillər. Ona görə də kimlərinsə onları əzabkeş donuna bürümələri əbəsdir və “yıxılana balta çalmaq düzgün deyil” ideomatikası onlara şamil oluna bilməz.

Bunlar o yıxılanlardır ki, hər biri yüzlərlə adamın evini yıxıblar, hamımıza məxsus olan dövlətin büdcəsinə əl uzadıblar, kasıb insanların halal zəhmətlə qazandığı 3-5 manata, hətta sosial yardımlarına tamah salıblar, sözün əsl mənasında xalqla düşmənçilik ediblər.

170.jpg (20 KB)

Adi bir misal: onların yağ içində böyrək kimi böyüyən övladları sırf himayədarlıqla layiq olmadıqları böyük vəzifələrə təyinat alıb, hansısa layiqli, amma arxa-dayaqsız, kasıb mütəxəssisin yerini tutublar. Həm də elə vəzifələr qamarlayıblar ki, “yıxılmasaydılar”, fəaliyyətlərinə evlər yıxa-yıxa davam edəcəkdilər.

İndi ya vəlvələdən, ya zəlzələdən onlar “yıxılıblar”. Belə olmalıydı. “Yıxılmamaları” qəbahət olar, dövlətin sütunlarını içəridən çürüdərdi.

Xalqın arzusu da bu yöndəydi ki, onlar yıxılsın, zülmlə, təzyiqlə sürdürdükləri dövranları dönsün, onlar da türmə qapılarında qalmanın, sürünməyin nə demək olduğunu anlasınlar.

Düzdür, bu situasiyadan yararlanan kəmfürsətlər də var. Bir neçə ay öncəyə qədər onlar 3-5 manata görə həmin məmurların qapısında boyun bükürdülər, indi isə əjdahaya dönüblər, üzə dururlar, amma belə hərəkətlər və bu sayaq fürsətcillər həmişə olub.

Elə bu cür adamların və o cür hərəkətlərin çox olmasının əsl səbəbkarı da həmin zalım və tamahkar məmurlardır. Onlar heç vaxt ədalətli olmadıqları, həmişə yaltaqlara, riyakarlara qapı açdıqları, murdarlığı inkişaf etdirdikləri üçün ölkədə bu cür iyrənc mühit yaranıb.

43.jpg (33 KB)

“Hünəriniz vardı, belə şeyləri onlar vəzifədə olanda yazardınız” deyənlərə xatırladaq ki, məmurların korrupsiyası barədə yazanlar həmin şəxslərin qılıncının dalı da, qabağı da kəsən vaxtlarda vardı. Hamısı məhkəmələrə çəkilir, külli miqdarda cərimələnirdilər. Məruz qaldığı cərimələrə görə “milyonçu” olan qəzetlər vardı.

Elə odioz oliqarxlar vardı ki, onlardan yazmaq əməlli-başlı risk əmsalı daşıyırdı, adamı döydürə, öldürdə bilərdilər, nəslində büdcə təşkilatından maaş alan bir kimsə qoymaz, hamısını işdən çıxartdırardılar.

Bu üzdən məzlumlar, haqqı yeyilənlər fağır-fağır oturub onların bu gününü, “yıxılmalarını” gözləyirdilər. Hamısının “baltası” paslanmışdı. İndi baltaları ovxarlamaq zamanı yetişib.

Hələ başqa rayonlarda və nazirliklərdə minlərlə adam öz “balta”sını sazlayaraq növbənin onlara da çatacağını gözləyir.

Bu, təkcə qisas aktı deyil, həm də haqq-ədalətin bərpa olunmasına bəslənən ümidlərin dirçəlməsidir. Bu, xalqın sərvətini talayıb, insanların başında turp əkmək yolu tutanlar üşün ibrət dərsi də ola bilər.

Əgər böyük vəzifəli məmurlardan kim “baltalanmaq” istəmirsə, canı çıxsın, indidən tədbir görsün, tamahkarlıq etməsin, xalqı incitməsin, dövləti aldatmasın. Yox, niyyəti, əməli pisdirsə, oturub qara gününü gözləsin və “baltaçı”lardan inciməsin.
Bu “yıxılana balta çalmaq” sözünü çox təkrar edənlər isə bilməlidirlər ki, bu ifadə ilə xalqla düşmənçilik aparanların, ona zülm edənlərin, cibini soyanların tərəfində durur, onların haqsız əməllərinə dolayısı ilə bəraət qazandırırlar. Buraxın, “yıxılanlar baltalansınlar”, genofonda ziyanı yoxdur.

 

Tarix: 11-05-2020, 16:21
Xəbəri paylaş





Xəbər lenti