Karantində iş: Fövqəladə vəziyyətdən fövqəlhazır çıxan qurumlar


Karantində iş: Fövqəladə vəziyyətdən fövqəlhazır çıxan qurumlar - BİZİM MÜŞAHİDƏ

Dünyanı bürüyən koronavirus pandemiyası davam edir.

Başqa ölkələrdə olduğu kimi, Azərbaycanda da sosial təcridlə bağlı xeyli yumşalmalar var, bir çox sahələr isə fəaliyyətini əvvəlki qaydada davam etdirir. Belə ki, martın 24-dən etibarən Azərbaycanda elan olunan karantin tədbirlərinin bəzi yumşaldılmalarla mayın 31-dək davam edəcəyi qərara alınıb.

Hələ də ölkələr pandemiya qarşısında aciz qalıb. Belə bir durumda ictimaiyyətin hər an yeni informasiya təminatına ehtiyacı yaranır. Jurnalistlərin dəqiq və operativ məlumatla təminatına isə daha çox dövlət qurumlarının mətbuat katibləri yardımçı olur. İctimaiyyətin məlumatlandırılmasında birbaşa rol alan mətbuat katiblərinin üzərinə karantin günlərində daha böyük məsuliyyət və yük düşür.

Bəs karantin günlərində mətbuatı informasiya ilə hansı qurum daha yaxşı təmin edib və fəaliyyətini bu yöndə davam etdirir?

Cebhe.info məsələ ilə bağlı müşahidələrini təqdim edir.

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədovun üzərinə karantin günlərində daha böyük məsuliyyət düşüb. Koronavirusla bağlı Nazirlər Kabineti yanında yaradılan Operativ Qərargah gün ərzində ən son məlumatları ictimaiyyətə təqdim edir, mətbuat konfransları keçirir, əlavə sualları cavablandırır.

Hökumətin sözçüsü İbrahim Məmmədov bu vəzifənin öhdəsindən gəlir, mətbuatla işini sıx qurub. Qurum rəsmisi jurnalistin birbaşa suallarına operativ cavab verməsə də, məlumatı təmsil etdiyi qurum yetkililəri vasitəsilə dəqiqləşdirməkdə maraqlıdır. Çünki ancaq bu yolla bu məsul günlərdə yanlış informasiya yayılmasının qarşısını almaq olar.

3 aya yaxındır ölkədə tətbiq edilən karantin tədbirlərində Daxili İşlər Nazirliyi birbaşa iştirakçıdır. Gərgin iş rejimində çalışan qurumun mətbuat katibi Ehsan Zahidov karantin günlərində bu sahədə həyata keçirilən tədbirlərin işıqlandırılması, görülən işlər, əhalinin maarifləndirilməsi barədə məlumatların hazırlanması ilə əlaqədar kütləvi informasiya vasitələrilə əməkdaşlıq edir.

Bakı Şəhər Baş Polis İdarəsinin də mətbuatla işi təqdirəlayiqdir.

Xarici işlər Nazirliyi də karantin müddətində Nazirlər Kabineti yanında Operativ Qərargahla birgə çalışır. Bu günlərdə əməkdaşlığını mətbuatla daha da sıxlaşdıran qurum sözçüsü Leyla Abdullayeva mətbuatın konkret suallarını da bacardığı qədər cavabsız qoymur.

Mətbuat katibi karantin günlərində də əvvəlki iş qaydası ilə çalışır. Gündəm daha çox pandemiya olduğundan, mütəmadi olaraq ölkə xaricindən Azərbaycana gətirilən həmvətənlərimizin sayı, yerləşdirilməsi və bu məsələlərlə bağlı verilən yeni qərarlar barədə ictimaiyyətə Leyla Abdullayeva tərəfindən mütəmadi məlumatlar verilir.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi də karantinin əsas çətinliyi üzərinə düşən qurumlardan biridir. Qurumun mətbuat katibi Fazil Talıbovun karantin günlərində fəaliyyəti daha qabarıq hiss olunur. İstər sosial şəbəkələrdə, istərsə də mətbuat vasitəsilə ictimaiyyətə informasiya çatdırmaqda maraqlı olan qurum sözçüsü bəzən hansısa məsələlərdə yaranmış xoşagəlməz durum, şikayət, ittiham və ya iradlara da elə sosial media hesabından dərhal reaksiya verir.

Sosial sahədə aparılan islahatlar, hazırki dövrdə görülən sosial dəstək tədbirləri barədə görülən bütün işlər barədə jurnalistlərlə sıx əməkdaşlıq edir. Nəzərə alaq ki, xüsusilə əhaliyə sosial dəstək olaraq 190 manat vəsaitin ödənilməsi prosesi olduqca ağır və məsuliyyətli idi, bundan yaranan suallar da olduqca çox idi.

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) işi karantin günlərində birəbeş artıb. Səhiyyə Nazirliyinin demək olar ki, səlahiyyət və işini böyük ölçüdə bölüşən qurumun karantin günlərində məsuliyyəti də çoxalıb. Qurumun mətbuat katibi Rəvanə Əliyevanın jurnalistlərlə sıx təması əvvəlki kimi davam edir.

Yenə də mətbuata operativ, çevik və dolğun informasiya çatdırmaqda maraqlıdır. Karantin başlayandan gücləndirilmiş iş rejimində çalışan TƏBİB hər açıqlamasında vaxtaşırı əhaliyə maarifləndirici məlumatlar çatdırır.

Karantin günlərində bütün təlim-tərbiyə və təhsil müəssisələri bağlı olsa da, Təhsil Nazirliyi çiyninə daha böyük yük düşüb. Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarı ilə martın 3-dən bu günə qədər bütün təhsil müəssisələrinin fəaliyyəti məhdudlaşdırılıb.

Nazirlik bu dönəmdə tele və virtual dərslərə, onlayn dərslə bağlı müxtəlif layihələrə start verib. Nazirliyin mətbuat katibi Cəsarət Valehov və mətbuat xidmətinin digər əməkdaşları hər gün teledərslərin başlanma və bitmə tarixi, eləcə də təhsil sahəsində baş verən yeniliklərlə bağlı ictimaiyyəti məlumatlandırmalı olub. O da məlumdur ki, şagirdlərin və tələbələrin bu layihələrdə tam tərkibdə istirakını təmin etmək mümkün olmur, ancaq bu, ölkədə internet təminatı, şagirdlərin internetə əlçatanlığı ilə bağlı məsələdir.

Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi martın 19-dan etibarən gücləndirilmiş iş rejimində çalışır. İri şəhərlərdən bölgələrə və əksinə tətbiq edilən səyahət məhdudiyyətləri, eləcə də postlarda xidmətin aparılmasına nəzarət birbaşa bu qurumun öhdəliyindədir.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev mütəmadi olaraq səlahiyyəti olduğu qurumun fəaliyyəti və bu istiqamətdə əhalinin daha çox məlumatlanması üçün kütləvi informasiya vasitələrilə işləyir. Hərdənbir mətbuatda yanlış anlaşılmaya səbəb olan məlumatlar yayıldığından, səhvlərin düzəldilməsi də bu qurumun üzərinə düşür.

Bakı Nəqliyyat Agentliyi (BNA) karantin başlayandan fəaliyyətini daha ciddi rejimdə davam etdirir. Ölkədə koronavirusa ilk yoluxma başlayan dönəmdə Agentlik virusun yayılma təhlükəsinin qarşısının alınması və şəhər nəqliyyatının fəaliyyətinin daha sıx təmin edilməsi məqsədilə yeni fəaliyyət planına start verib. Müəyyən müddət metronun fəaliyyətinin də dayandırılması BNA-nın yükünü ikiqat artırdı. Bu baxımdan, ünvanı üzrə sərnişindaşımalarla yanaşı eskpress xətlər açılıb.

Agentliyin mətbuat katibi Mais Ağayev mətbautla təmasını sıx qurub və hər an bu sahədəki yenlikləri ictimaiyyətə çatdırmağa cəhd edir. Karantin günlərində ictimai nəqliyyatda baş verən çatışmazlıq və neqativ hallarla bağlı sosial şəbəkələrdə yayılan problemləri nəzarətə götürərək, onların həllinə çalışır və bu istiqamətdəki nəticələri jurnalistlərlə bölüşür.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin fəaliyyətinin əhatə dairəsi birbaşa pandemiya ilə bağlı olmasa da, gündəlik olaraq hətta bir neçə dəfə hava məlumatlarından tutmuş nazirliyin ayrı-ayrı qurumlarının fəaliyyətinin mətbuatda işıqlandırılması, sorğuların cavablandırılması və aidiyyatı üzrə istiqamətləndirilməsi, sosial şəbəkələrdə yaylan informasiyalarla bağlı operativ araşdırmaların nəticəsinin təqdimatı baxımından mətbuat katibi İradə İbrahimova xüsusilə fərqlənir.

Karantin rejimində jurnalistlərlə aktiv əməkdaşlığı ilə seçilənlər arasında “Azərişıq” QSC-nin rəsmisi Tanrıverdi Mustafayev, “Azəriqaz” İB-nin mətbuat katibi Ceyhum Səfərov, “Azərsu” ASC-nin mətbuat katibi Anar Cəbrayıllını da xüsusi qeyd etmək olar.

Bütün bu ümddətdə “evdə qal”an Azərbaycanda kommunal xidmətlərin fəaliyyəti əsas olduğu kimi, görülən işlərin ictimaiyyətə çatdırılması da məhz bu şəxslərin sayəsində mümkün olub.

Onu da qeyd edək ki, karantin günlərində Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Dövlət Neft Şirkəti, Maliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin işi xüsusilə gözə çarpmasa da, adları çəkilən qurumlaırn mətbuat katibləri də ümumilikdə KİV-ə açıqdır.

Mövcud vəziyyəti nəzərə alaraq fəaliyəti həm gərgin, həm də məsuliyyətli olan Səhiyyə Nazirliyi barəsində isə bunu demək olmaz. Nazir Oqtay Şirəliyev kimi mətbuat katibi Pərviz Əbubəkirovu da bu günlərdə mətbuatda görən demək olar ki, yoxdur.


Tarix: 21-05-2020, 10:51
Xəbəri paylaş





Xəbər lenti