Karantindən “qurtuluş” yolu axtaranlara xəbərdarlıq: Cəzası ağır olacaq


Karantindən “qurtuluş” yolu axtaranlara xəbərdarlıq:     Cəzası ağır olacaq

Bəzi şəxslər əllərini-qollarını sallayıb rahat gəzə bilmək üçün saxta sənəd alırlar

 

Koronavirus pandemiyası dövründə insanlar evdə qalmamaq üçün müxtəlif yollara əl atırlar. Sahibkar olan dost-tanışlarına, qohumlarına onları işə götürməyini və icaze.gov.az saytında qeydiyyatdan keçirmələrini xahiş edirlər ki, əllərini-qollarını sallayıb rahat gəzə bilsinlər.

 

Eyni zamanda, “narıncı zona”, xüsusilə Bakı qeydiyyatı olan şəxslər bu sərt karantin dövründə rahatlıqla “narıncı zona”dan çxıb digər bölgələrə getməklə emidemiyanın miqyasını daha da genişləndirirlər. Bu halda da eyni metoddan istifadə edirlər.

 

Maraqlıdır, belə bir vəziyyətdə həmin sahibkarları hansı məsuliyyət gözləyir? Məsələni AYNA-ya əmək qanunvericiliyi və sosial hüquq məsələləri üzrə ekspert Ruslan Hümbətov şərh edib.

Onun sözlərinə görə, sahibkarlar və onların sənədləşmə sahəsinə cavabdeh olan vəzifəli şəxsləri çox zaman nöqsanlara yol verirlər: “Belə ki, bu sui-istifadəyə yol verənlər ya məlumatsızlıqdan, ya məsuliyyətsizlikdən işə qəbul etdikləri şəxsləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sistemində və icaze.gov.az portalında qeydiyyatdan keçirməklə işlərini bitmiş sayırlar və işçilərin heç bir sənədləşmə işlərini aparmırlar. Bu da həmin sahibkarların böyük məbləğdə cərimələrlə üzləşməsi ilə nəticələnəcək. Digər sənədləri demirəm, sadəcə yazılı əmək müqaviləsinin bağlanmaması kifayət edir ki, İnzibati Xətalar Məcəlləsinə əsasən fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilsin. Hətta, şirkət hüquqi şəxs olduğu üçün, onun vəzifəli şəxsi inzibati məsuliyyətə cəlb edilərək, ümumilikdə 30 000 manat məbləğində pul itkisi ilə üzləşə bilər”.

 

“Əmək Məcəlləsinin 3-cü maddəsində yazılır ki, əmək müqaviləsi (kontraktı) işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. Buradan da aydın olduğu kimi, siz müqavilədə əsas şərtləri, tərəflərin hüquq və vəzifələrini razılaşdırıb yazılı formada imzalamadan hansı müqaviləni sistemə daxil edirsiz? Təssüflə bildirirəm ki, şirkətlərin insan resursları ilə məşğul olan rəhbər və mütəxəssislərinin əksəriyyəti bunun fərqinə vara bilmir”, - ekspert deyib.

 

Hümbətov bildirib ki, karantin dövründə işçilərin yaşadığı və qeydiyyatda olduğu inzibati ərazi vahidindən başqa bölgəyə ezamiyyətə göndərilməsinə icazə verildiyindən, bəzən insanlar bu vəziyyətdən sui-istifadə edirlər: “Çünki ezamiyyə barədə məlumatlar, hansısa bir hökumət portalında, sistemində qeydiyyata alınmadığından, işçilər ezamiyyə vərəqələri yazdıraraq istədiyi müddətə (qanunun imkan verdiyi) və bölgəyə rahatlıqla gedib-gələ bilirlər. Gəldikdən sonra da həmin vərəqi cırıb atırlar heç olmayıbmış kimi. Məsuliyyət dərk edib ezamiyyəni sənədləşdirən müəssisələrdə isə bir çox hallarda nöqsanlara yol verirlər”.

 

“Bunun səbəbi odur ki, qanunveriçiliyi lazımı səviyyədə bilmirlər. Bəzənsə qısa müddətə işə götürülmüş dostlara, qohumlara bir günə bank hesabı açıb, ezamiyyətin avansını köçürə bilmirlər və s. Ya da ki, onsuz da onu “işə salmış” dost üçün niyə ezamiyə, əmək haqqı, vergi, sosial müdafiə xərcləri ödəməlidir - onu fikirləşirlər. Bu hallarda isə onları inzibati məsuliyyət gözləyir. Bütün bu halların baş verməməsi üçün sahibkarları və işçiləri, ümumiyyətlə vətəndaşlarımızı məsuliyyətli davranmağa çağırıram”, - müsahibimiz vurğulayıb.



Tarix: 13-06-2020, 21:35
Xəbəri paylaş





Xəbər lenti