“İt sürüsü”nün cəzası varmı: Yol ikiyə ayrılır


“İt sürüsü”nün cəzası varmı:   Yol ikiyə ayrılır

Təhqir həm hüquqi, həm də mənəvi məsuliyyət yaradır

 

İyunun 2-də Milli Məclisin iclasında sosial şəbəkələrdə təhqirlərlə bağlı məsələ gündəmə gətirildi. Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev sosial şəbəkələrin söz azadlığı, demokratiya pərdəsi altında insanların mənəviyyatını sarsıtmaqla, cəmiyyətin əxlaqını pozmaqla məşğul olduğunu bildirdi və yaramaz fikir yürüdənlər, yalan uyduranlar haqqında lazımi tədbir görülmədiyindən gileyləndi: “Bəziləri, hətta onları demokratik fikirli insanlar kimi qəbul edirlər. Hər bir insan etdiyi hərəkətə, dediyi fikrə, göstərdiyi fakta görə məsuliyyət daşımalıdır. Hesab edirəm ki “Sosial şəbəkələr haqqında” yeni qanunun hazırlanması çox vacibdir. Əks təqdirdə, sağlam cəmiyyətimizi uçuruma apara bilərik. Dünyanın əksər inkişaf etmiş dövlətləri də bunu təsdiq edir”.

 

Lakin deputatın bu təklifindən cəmi 5 gün sonra, iyun 7-də Yasamalda polislə vətəndaşlar arasında insident yaşandı. Bunun üzərindən sosial şəbəkədə müzakirələr, mübahisələr başladı ki, o əsnada, Tahir Rzayevin deputat həmkarı Fazil Mustafa əks fikirdə olan vətəndaşları “it sürüsü” adlandırdı, bəzi təhqiramiz ifadələr də işlətdi.

 

Mövzunu AYNA-ya şərh edən sabiq deputat, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev hesab edir ki, sosial şəbəkələrin tənzimlənməsinə ehtiyac var: “Çünki sosial şəbəkələrdə bir sıra hallarda ifadə azadlığından sui-istifadə halları baş verir. Xüsusən də pandemiya dövründə “feyk” xəbərlərin qarşısını almaq üçün vətəndaş cəmiyyətinin layihlərinə dəstək verilir”.

“Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147-148-ci maddələrinə əsasən, təhqir və böhtana görə məsuliyyət nəzərdə tutulur. Əgər kimsə hesab edirsə ki, onun şərəf və ləyaqəti təhqir olunub, ona böhtan atılıb, bununla bağlı məhkəməyə müraciət edə və bu məsələlərə xüsusi ittiham qaydasında aydınlıq gətirilə bilər. Yəni Azərbaycan qanunvericiliyi buna imkan yaradır. Təbii ki, sosial şəbəkələrin tənzimlənməsi ilə bağlı fikirlər yeni deyil və bu məsələyə əvvəllər də müraciət edilib. Çünki bu platformanı tənzimləyən qaydalar yoxdur. Düşünürəm ki, platforma qlobal olduğu üçün, məhz tənzimlənmə üçün də qlobal konvensiyaya ehtiyac var. Çünki milli qanunvericilik səviyyəsində bunun qarşısını almaq mümkün olmayacaq. Həm də sui-istifadə hallarına yenidən təkan verəcək. Ona görə də bunun qarşısını BMT və regional konvensiyalarla almaq olar”, - ekspert deyib.

 

Nuriyevin sözlərinə görə, sosial şəbəkələrdə hamının nə yazdığını araşdırmaq üçün böyük resurslar lazımdır: “Eyni zamanda, bununla bağlı bir sıra qeyri-müəyyənlik də var. Çünki beynəlxalq qanunvercilikdə, ayrı-ayrı konvensiyalarda bəzi maddələr var ki, milli qanunvericiliklə bəzi hallarda toqquşur. Buna görə də hansı hüququn daha üstün olması çox mübahisəli məsələdir. İfadə azadlığı fundamental hüquqdur. Fundamantal hüquq isə yaşamaq hüququnu təmin edən prioritet hüquqlardan sayılır. Ona görə də bu məsələlərə hər zaman balanslı yanaşmaq lazımdır. Yəni hardasa bir hadisə baş versə, bundan nəticə çıxarmağa ehtiyac yoxdur. Hesab edirəm ki, ümmiyyətlə sosial şəbəkə hüquqlarının nizamlanamsı ilə bağlı qlobal konvensiyaya ehtiyac var. Yerli səviyyədə bunun qarşısını almaq mümkün olmayacaq”.

Hüquq müdafiəçisi Rəsul Cəfərov isə AYNA-ya açıqlamasında məsələyə iki aspektdən yanaşıb: “Burada hüquqi və mənəvi olmaqla iki məsələ var. Mənəvi olaraq əlbəttə ki, müəyyən dərəcədə seçicini parlamentdə təmsil edən millət vəkili ləyaqəti alçaldan ifadələrdən çəkinməli idi. Ümumiyyətlə, siyasətçinin istifadə etdiyi dil üslubu digər təbəqələrdən fərqlənməli və öndə olmalıdır. Belə olmayanda təbii ki, siyasət cılızlaşmağa başlayır, əhəmiyyəti azalır və siyasətçinin çəkisi də dolayısı ilə ağırlığını itirir”.

 

“Hüquqi baxımdan isə Cinayət Məcəlləsində təhqir və böhtanla bağlı iki maddə var. Xüsusi ittiham qaydasında baxılan işlərdir. Əgər, orada kimsə özünü zərərçəkən hesab edirsə, onda məcəllə buna imkan verir ki, şəxs məhkəməyə müraciət eləsin. Yaxud kimsə hesab edirsə ki, onun şərəf və ləyaqətinə, işgüzar nüfuzuna zərər gəlib, yenə də eyni qaydada bu məsləni mülki icraatda qaldıra bilər. Amma deputatın həmin statusu ümumi istifadə edilmiş termindir. Ona görə də burada hüquqidən çox mənəvi məsələ ortaya çıxır ki, burada bir millət vəkilinə yaraşmayan dil üslubundan istifadə olunub”, - Cəfərov bildirib.

 

Müsahibimizin dediyinə görə, ümumi təhqir olanda tədbir görmək olmur: “Konkret ünvanlanmalıdır ki, hansısa şəxs onu ünvanına götürüb ya mülki qaydada, ya cinayət qaydasında məhkəməyə müraciət edə bilsin. Çünki bunun hüquqi baxımdan başqa tənzimlənmə yolu yoxdur və olmamalıdır da. Çünki təhqir və böhtan elə bir anlayışdır ki, mütləq şəkildə publik olmalı və konkret kiməsə ünvanlanmalıdır. Kimsə də dövlət qurumu ola bilməz, nisbi anlayış ola bilməz. Ancaq şəxs və şəxslər qurupu, yəni məlum olan qrup olmalıdır. Amma ümumi istifadə olunduğu üçün, deputat daha çox mənəvi məsuliyyət daşıyır”.

 

“O ki, qaldı onlayn media və sosial şəbəkənin tənzimlənməsi ilə bağlı çağırışlara, bu, birinci dəfə deyil, uzun illərdir təkrarlanır və texniki cəhətdən qeyri-mümkündür. Yəni “Facebook”u necə tənzimləmək olar ki?! Ona görə də mən o bəyanatları qeyri-ciddi və texniki cəhətdən həyata keçirilməyən tənzimləmələr kimi görürəm”, - ekspert əlavə edib.


Müəllif: Mərahim Nəsib    
Tarix: 13-06-2020, 22:34
Xəbəri paylaş





Xəbər lenti