“Ya hakimiyyət proseslərin önünə keçəcək, ya da vəziyyət onun nəzarətindən çıxacaq”


“Ya hakimiyyət proseslərin önünə keçəcək, ya da vəziyyət onun nəzarətindən çıxacaq”
Nəzakət Məmmədova: “Proporsional seçki sisteminə keçilmədən növbədənkənar parlament seçkiləri keçirməyin mənası yoxdur”
 
Azərbaycanda proporsional seçki sisteminin bərpası məsələsi yenidən gündəmə gəlib. Siyasi arenanın müzakirə mövzusuna çevrilən proporsional sistemin yenidən təşəkkül tapması, əsasən müxalif partiyaları ruhlandırıb. Lakin proprosional seçki, parlamentli respublika sistemi ilə razılaşmayan siyasilər də var ki, onlar hazırkı dövrdə majoritar sistemi daha münasib hesab edirlər.
 
Digər tərəfdən, proporsional seçki sisteminin bərpa olunması üçün konstitusiyaya dəyişiklik edilməli, referendum keçirilməlidir. Proporsional sistemə keçid referendumda təsdiqlənib konstitusiyaya dəyişiklik edilməlidir.
 
Bəs, hazırkı dövrdə bu, nə dərəcədə real və mümkündür? Proporsional seçki sistemi, parlamentli respublika ölkəmizə hansı üstünlük qazandıra bilər? Buna nə dərəcədə ehtiyac var?
Politoloq Nəzakət Məmmədova AYNA-ya açıqlamasında bildirib ki, qarşıda, həm də yaxın gələcəkdə Azərbaycanın siyasi sistemində böyük dəyişikliklər olacağı ehtimal olunur: “Hər halda bunu labüd edən daxili və xarici amillər çoxdur. Bu, Prezidentin elan etdiyi islahatların siyasi istiqaməti kimi də nəzərdən keçirilə bilər. Ya hakimiyyət siyasi regenerasiya, təkamül yolu ilə prosesləri özü irəliyə aparacaq, ya da imitasiyanın nəticəsi proseslərin xarici qüvvələrin təhriki, dəstəyi və təlimatı ilə iqtidarın iradəsindən asılı olmayan şəkildə, onun özü və bəlkə də dövlət üçün riskli istiqamətdə, təhlükəli şəkildə cərəyan etməsinə səbəb olacaq. Beynəlxalq şərait dəyişir, regional şərtlər fərqlidir, Azərbaycan təhlükəli sabitlik çağını qapadaraq ictimai-siyasi münasibətlərdə yeni səhifə açmaq istəmədikcə çoxvariantlı təhlükə riski iqtidarın özünü belə, təhdid etməkdə davam edə bilər”. 
“Beynəlxalq təşkilatlarla, xüsusilə Avropa Şuras ilə gərginləşən münasibətlər, dünya erməniliyi və onun Ermənistan-Qarabağ uzantısının mütəmadi radikal demarşları, bəzi keçmiş və indiki məmurlara qarşı xaricdə korrupsiya ittihamları, hakimiyyətin radikal müxalifət adlandırdığı siyasi qüvvələrin ona qarşı daimi və davamlı ittihamları, vəzifəsini itirmiş, yaxud həbs edilmiş və ya bu aqibəti gözləyən yüksək vəzifəli məmurların revanş ehtimalı, hakim partiyanın arxaik təsisata çevrilmə yolunda sürətlə irəliləməsi, Rusiyada gözlənilən siyasi sistem dəyişikliyi, Putinin beynəlxalq mövqelərinin zəifləməsi və ya əksinə, güclənməsi onunla üzvi surətdə bağlı olan Cənubi Qafqazdan Latın Amerikasınadək bir coğrafiyada hakimiyyət məsələsinə təsirsiz ötüşməyəcək. ABŞ-dakı prezident seçkilərinin isə dünyanın bütün regionlarına bu və ya digər dərəcədə təsiri olacaq. Bununla belə, hamısının birlikdə götürülmüş təsir qüvvəsi ABŞ-dan heç də az olmayan və Azərbaycan üzərində hər hansı formada mütləq təsiri olan 3 əsas ölkə - Rusiya, İngiltərə, İsrail və üstəgəl Türkiyə amillərini unutmaq olmaz. Katolik dünyasının, ələlxüsus Avropanın tək mənəvi-ideoloji yox, həm də siyasi güc mərkəzi olan Vatikan da Azərbaycanda hakimiyyət dəyişikliyi məsələsində söz sahibidir”, - politoloq deyib.
 
“Azərbaycanda hakimiyyətə gəlmək istəyən və taxt-tacdan devrilmək istəməyən qüvvə ilk növbədə İngiltərəyə BP-nin neft maraqlarının zərər görməyəcəyinə, İsrailə silah alışının əvvəlki həcmdə Azərbaycanın silah cəbbəxanasında yer alacağına, İran məsələsində mövqeyini ən azından ABŞ və İsrailin zərərinə dəyişməyəcəyinə təminat verməlidir. Beynəlxalq təşkilatlar qarşısında Qarabağ məsələsinin sülh yolu ilə həllinə dair götürülmüş öhdəliyə “pacta sund servanda” (müqaviləyə əməl olunmalıdır) prinsipi əsasında riayət ediləcəyi isə həm enerji müqavilələrinin, həm də Azərbaycan üzərində kəsişən Çin- Avropa, Rusiya-İran kommunikasiya xətlərinin zəmanətçisidir. Hakimiyyəti təhvil alan siyasi komanda ona dəstək verən əsas beynəlxalq güclərlə bu məsələdə xüsusi razılaşma əldə etməlidir və təminat verməlidir ki, Qarabağ məsələsi müharibə yolu ilə həll oluna bilməz. Cənubi Qafqazda söz sahibi olan ölkələr üçün bu, çox vacibdir. İngiltərə müharibə istəmir. Onun üçün xammal mənbəyi olan Ermənistan və Azərbaycan arasında uzunmüddətli müharibə Londonun regiondakı iqtisadi maraqlarına təhdid ola biləcək ən pis ssenaridir. Britaniya üçün Azərbaycan Azəri- Çıraq-Günəşli nefti və Ermənistanın Amulsar qızılı milyardlarla dollarlıq gəlir mənbəyidir. General Tomsonun 100 il əvvəlki planları bu gün BP və “Lydian International” vasitəsilə həyata keçirilir. Üstəlik, Azərbaycan hakimiyyətində olduğu kimi Ermənistanda da İngiltərəyə yaxşı münasibətlərin tərəfdarı var. Prezident Armen Sarkisyan kraliçanı özünün mənəvi anası hesab edir, şahzadə Çarlz Ermənistanda səfərdə olub və s. Türkiyə üzünü Osmanlının mülkü hesab etdiyi Yaxın Şərq və Şimali Afrikaya çevirib, burada onun nəhəng və amansız rəqibləri var”, - müsahibimiz vurğulayıb.
 
Məmmədovanın dediyinə görə, belə bir şəraitdə Türkiyə Azərbaycandakı hakimiyyət məsələsini bir o qədər də prioritet hesab etmir, nəinki Sisinin Mursini devirməsini, Haftarın Saraca qalib gələrək Liviyanın tək hakimi-mütləq rəhbəri olmasını, Əsədin yerinə kimin gəlməsini: “Türkiyənin Azərbaycandakı hakimiyyət məsələsinə müdaxilə planları Çillər dövründə uğursuz şəkildə başa çatdı. Hər bir halda, Azərbaycanda hakimiyyət dəyişikliyi regionda və ölkəmiz üzərində söz sahibi olan böyük güclərin konsensus şəklində ümumi razılaşmaya gəlməsindən çox asılıdır. Xüsusilə, pandemiyadan sonra yaranmaqda olan beynəlxalq şərait buna təsir edəcəkdir”.
 
Siyasi şərhçi hesab edir ki, Azərbaycanda hakimiyyət daxilində transformasiya məsələsi artıq illərdir gündəmi zəbt edib: “Bu versiyanın planlaşdırılması lehinə daha çox arqumentlər səsləndirilir və mümkün variant kimi nəzərdən keçirilir. Lakin bunun üçün 2020-ci ilin payız ayında növbədənkənar prezident seçkiləri ehtimalı daha məntiqli görünür. 2021-ci ilin yazında və ya payızında referendum yolu ilə konstitusiya nəticəsində parlament üsul-idarəçiliyinə keçilməsi və proporsional seçki sisteminin bərpası, 2022-ci ilin yazında-payızında isə növbədənkənar parlament seçkiləri mümkündür. Proporsional seçki sisteminə keçilmədən növbədənkənar parlament seçkilərinin keçirilməsi mənasız tədbir olardı. Həmin parlamentdə hakimiyyətə loyal köhnə müxalifətin kiçik bir hissəsinin, daha çox isə yeni müxalifətin təmsil olunacağını ehtimal etmək olar. Hakimiyyət bütün sahələrdə olduğu kimi, müxalifət səhnəsində də yeni siyasi qüvvələr görmək istəyir, onların formalaşmasına aktiv müdaxilə edir və dəstək verirmiş kimi görünür. 5-ci kolon ittihamı mənzərəni daha da mürəkkəbləşdirir”.
 
“Hər bir halda proseslər bir neçə amildən asılı olacaq: koronavirus pandemiyasından sonra dünyada siyasi vəziyyət, dünya neft bazarında qiymətlər və Rusiyada gedən proseslər. Ən əsası isə Rusiyanın Azərbaycan daxilində hansı siyasi klana dəstək verməsi. İsrail, Vatikan və Ankaranın razılıq verdiyi namizədə Rusiya veto qoyarsa, hakimiyyətin ötürülməsi qeyri-mümkündür. Hətta, bu, baş versə belə, uzunmüddətli və dayanıqlığına zəmanət olmayacaq. Son dövrlərdə Rusiya ABŞ sayağı bir ölkəni iki güc qruplaşması vasitəsilə idarə etməyə çalışır. Ən azından Azərbaycan nümunəsində bu, belədir. Ona görə də proseslərin nəticəsi. Moskvada veriləcək son qərara bağlıdır”, - N.Məmmədova əlavə edib.
Müəllif: Mərahim Nəsib  
Tarix: 18-06-2020, 21:13
Xəbəri paylaş





Xəbər lenti