Söhbət Xankəndidə yaşayacaq azərbaycanlı və erməni arasındakı münasibətdən gedir...

Söhbət Xankəndidə yaşayacaq azərbaycanlı və erməni arasındakı münasibətdən gedir...
 
ATƏT-in Minsk Qrupunun dünən yaydığı bəyanat gözlənilən idi. 44 günlük müharibə bitəndən sonra ofsaytda qalan Minsk Qrupu meydana daxil oldu və bununla da bildirdi ki, Qarabağ münaqişəsi bitməyib. 
 

Müharibə bitəndən sonra Minsk Qrupunun ABŞ və Fransadan olan nümayəndələri və ATƏT-in sədrinin şəxsi nümayəndəsi Kaspışik Bakıda dövlət başçısı ilə görüşə gələndə Rusiyanın nümayəndəsi bu görüşə qatılmamışdı. Bu addımla Rusiya Qarabağ münaqişəsinə təkbaşına əl qoyduğunu həmsədr ölkələrə, həm də münaqişə tərəflərinə nümayiş etdirmiş olsa da, beş aydan sonra münaqişə ətrafında danışıqların yalnız Minsk Qrupunun egidası altında aparılacağına imza atdı. Qlobal siyasətdə subyektiv yanaşmalar olmur, burda hər atılan addım obyektiv hesab olunur və ya ona bənzər don geyindirirlər. Açığı deyək ki, biz də bu situasiyadan yararlanıb, problemi başağrısı verən çoxluqla deyil, bir dövlətlə - Rusiya ilə həll edəcəyimizi hesabalayıb, faktiki Qrupun üzvlərinə qapı göstərmişdik. “İsgəndər” nifaq salmasının və Ukrayna ətrafında yaranmış gərginliklə əlaqədar Türkiyə-Rusiya münasibətlərinin də kəskinləşməsi nəticəsində Rusiyanın manevrləri başladı və bu gedişləri həm bizə, həm də Türkiyəyə təzyiq vasitəsi hesab etmək olar. Və bu təzyiqi Rusiya yalnız öz adı ilə bağlamamaq üçün Minsk Qrupuna meydan verdi. Bu Qrupun iki üzvü və Qarabağ yollarında qocalmış Andjey Kaspışik isə meydana atılmağa əlverişli məqam gözlədiyi bir vaxtda Rusiyanın dəstəyi göydəndüşmə oldu.  
 
Minsk Qrupunun bəyanatında münaqişə tərəfləri qarşısında bir sıra tələblər irəli sürülüb. Bəzilərinə diqqət edək: “beynəlxalq humanitar təşkilatların nümayəndələri daxil olmaqla, Dağlıq Qarabağa giriş məhdudiyyətlərinin qaldırılması”. Məlumdur ki, 10 noyabr bəyanatında Laçın dəhlizindən yalnız Rusiya və Ermənistan respublikası vətəndaşları giriş edə bilərlər. Bu məhdudiyyət qeyd edilən tələb kimi aradan qaldırılsa erməni diasporu bütün humanitar beynəlxalq təşkilatları Qarabağa yönəldəcək, hər kəs əlində bir layihə Xankəndinə gəlib qondarma rejimə dəstək verəcək, evlər tikəcək, tədbirlər keçirəcək, idman yarışlarına start veriləcək və dünyaya bəyan edəcəklər ki, “Artsax dövləti yaşayır”. Ora hamı gələcək, bizdən başqa.
 
Vəziyyətdən necə istifadə edə bilərik? Məhdudiyyət götürüləcəksə bizim də şərtimiz var. Laçın dəhlizi istiqamətindəki dövlət sərhədində sərhəd qoşunlarımız yerləşdirilir və sülhməramlılarla birlikdə giriş-çıxışa nəzarət edirik. Buraxılışda son söz, qərar Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinə məxsus olmaq şərtilə!
Minsk Qrupunun diqqətinizə çatdıracağımız tələblərindən biri haqqında biz müharibə bitən gündən danışırıq, təəssüf ki, Azərbaycan tərəf beş aydır bu istiqamətdə söz belə deməyib, rəsmi mövqe bildirməyib. Minsk Qrupunun növbəti tələbi: “münaqişənin toxunduğu icmalar və digər insanlar arasında etimad yaratma tədbirləri həyata keçirilməsi, birbaşa təmasların və əməkdaşlığın inkişaf etdirilməsi”. 
 
Söhbət keçmiş Dağlıq Qarabağın azərbaycanlı və erməni icmasından gedir və münaqişədən ən çox zərər görən azərbaycanlılardır. Bu icmalar arasında etimad yaratmaq üçün tezliklə münaqişədən əvvəl  Dağlıq Qarabağda yaşamış azərbaycanlıları doğma yurdlarına qaytarmaq lazımdır. Birgəyaşayış olmadan necə etimad yaratmaq olar? Birgəyaşayış deyəndə Ağdamla Əsgəran arasında erməni ilə azərbaycanlının söhbəti nəzərdə tutulmamalıdır. Söhbət Xankəndində yaşayacaq azərbaycanlı və erməni arasındakı münasibətdən gedir. Əgər elə bir münasibət, birgəyaşayış olcaqsa... Azərbaycanlılar birbaşa təmas və əməkdaşlıq üçün 63 yaşayış məntəqəsinə qayıtmalıdırlar.
 
Həmsədrlərin bəyanatında bizim maraqlara cavab verməyən məqamlar da var. Bəyanatda deyilir: ”Həmsədrlər.. bütün bölgə xalqlarının sabit, dinc və firavan gələcəyə olan istəklərini nəzərə alaraq, tərəflərə yaxşı məlum olan elementlər və prinsiplər əsasında yekun olaraq hərtərəfli və davamlı nizamlanmanın əldə edilməsinə xüsusi diqqət yetirilməli olduğunu diqqətə çatdırırlar”.  Tərəflərə bu 27 il ərzində “məlum olan elementlər və prinsiplər” nədir? Həmsədrlər əlbəttə “Madrid prinsipləri”ni nəzərdə tutur ki, yekun olaraq bu sənəddə ermənilərin referendum keçirib status məsələsini həll etmələri göstərilir. Biz buna gedə bilmərik!
 
33 ildir Azərbaycan ondan ötrü zülm çəkməyib ki, Dağlıq Qarabağı erməniyə versin. Çox təəssüf ki, Azərbaycanın müharibədən sonra apardığı siyasətdə Dağlıq Qarabağ bir dəfə də olsun yer almayıb. Erməninin davası əvvəldən Dağlıq Qarabağ idi, belə çıxır ki, erməni istəyinə çatır?  Qarabağ ermənisi üçün fərqi yoxdur, onun başının üstündə Rusiya dayanacaq, yoxsa Fransa, ya ABŞ. Bircə Azərbaycan olmasın. Elə ona görə “ofis axtaran” icma rəhbərinə Lilit kimisi deyir ki, “gəlsən başını kəsəcəyik”. Əgər bu beş ayda Azərbaycan rəsmiləri bircə dəfə desəydilər ki, sabah Xocalıya, Əsgərana, Ağdərəyə köçəcəyik, vəziyyət bu qədər tündləşməzdi. Rusiyanın beş illik müddəti bitəndən sonra Azərbaycan nə edəcək sualı açıq olaraq qalır. Bu və buna bənzər suallardan qaçmaqla məğlub olmuş düşmənə nə qədər şans vermiş olduğumuzu heç kəs unutmasın.
Dörd il yeddi aydan sonra Dağlıq Qarabağda nə olacaq? Rusiya gedəcəkmi? Biz işğalda olan torpaqlarımızın adını rəsmən tutmuruqsa, ora qayıtmırıqsa Rusiya qalacaq və erməniyə də elə bu lazımdı. Qarabağ münaqişəsi bitməyib və heç kəs fikirləşməsin ki, Azərbaycan xalqı qələbə eyforiyası ilə yatıb. 
 
İlham İsmayıl
Tarix: 14-04-2021, 11:13
Xəbəri paylaş





Xəbər lenti