“Onlar sülhməramlı yox, erməniməramlıdırlar"


“Onlar sülhməramlı yox, erməniməramlıdırlar
Rusiya sülhməramlılarının Qarabağda yerləşməsindən 5 aydan çox vaxt ötsə də, onların statusu məsələsi həllini tapmayıb.
 
“Yeni Müsavat” bildirir ki, sülhməramlıların indiyə qədər statusu dəqiqləşməyib. Bu səbəbdən rəsmi Bakını və Azərbaycan cəmiyyətini narahat edən bəzi məsələlər gündəlikdə qalmaqdadır. Məlumdur ki, rus sülhməramlıları 2025-ci ilə qədər Qarabağda olacaqlar, 6 ay qalmış tərəflərdən birinin etirazı olarsa, rus qoşunları bölgədən çıxacaq. O da şübhə doğurur ki, rus ordusu ərazilərimizdəki sülhməramlı fəaliyyətinə 5 il sonra son qoymaqda maraqlı olacaqmı...
 
İstənilən halda, ən azı beş il bölgədə yerləşəcək sülhməramlıların mandatı müəyyən edilməlidir. Bir müddət əvvəl Rusiya xarici işlər naziri Sergey Lavrov Qarabağdakı sülhməramlıların statusunun dəqiqləşdirilməsi istiqamətində iş aparıldığını açıqlamışdı.
 
XİN başçısının sözlərinə görə, rus sülhməramlılarına beynəlxalq mandat verilməsi nəzərdə tutulub. O zaman deputat Qüdrət Həsənquliyev bunu etirazla qarşılamışdı. Həsənquliyev hesab edir ki, rəsmi Bakı Rusiya sülhməramlılarına beynəlxalq səviyyədə hər hansı statusun tanınmasına imkan verməməlidir. Çünki bu, on illər ərzində bizə Dağlıq Qarabağ üzərində suveren hüquqlarımızı bərpa etməyə imkan verməyəcək.
 
Lavrov isə demişdi ki, sülhməramlıların mandatı məsələsi Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşmanın predmeti olmalıdır. Ancaq sülhməramlıların yerləşdiyi ərazi Azərbaycana məxsus olduğu halda, niyə Ermənistanla da danışıqlar aparılmalıdır - bu da ayrı məsələdir.
 
İlin əvvəlində Prezident İlham Əliyev də sülhməramlıların statusunda bir çox məsələlərin razılaşdırılmasına ehtiyac olduğunu vurğulamışdı. Azərbaycanda bir çox siyasi ekspertlərin fikrincə, artıq sülhməramlıların statusu ilə bağlı məsələ öz həllini tapmalıdır.
 
Bildirilir ki, müvafiq sənəd hazırlanmalı və ilk növbədə Azərbaycan Milli Məclisində təsdiq edilməlidir. O cümlədən BMT də Qarabağdakı Rusiya sülhməramlıılarının mandatını təsdiq etməlidir. Lakin hələlik bu istiqamətdə müzakirələr azdır. Rəsmi Bakı da sülhməramlıların mandatı məsələsini qabarıq şəkildə gündəmə gətirməyib. O zaman havada qalan bu statusla bağlı məsələ həllini necə tapmalıdır? Azərbaycan buna ehtiyac görürmü?
 
Aydın Mirzəzadə: “Tərəflərin istəyi olarsa, beynəlxalq hüquq normalarını özündə əks etdirən sənəd hazırlana bilər”
 
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə “Yeni Müsavat”a qeyd etdi ki, rus  sülhməramlılarının Azərbaycan ərazisində fəaliyyəti ilə bağlı ciddi iradlar yoxdur. Deputatın sözlərinə görə, bəzən müəyyən anlaşılmazlıqlar olur: “Bu da ona görədir ki, Rusiya ilk dəfə bir ölkədə sülhyaratma prosesini tək həyata keçirir. Başqa ölkələrdə blok şəklində, yaxud beynəlxalq təşkilatın egidası altında sülhməramlı missiyanı həyata keçirə bilər, Qarabağda isə təkbaşına fəaliyyət göstərir. Ona görə arada hansısa qeyri-dəqiqliyə yol verilə bilər”. A.Mirzəzadə hesab edir ki, ümumən rus sülhməramlıları vəzifəsini yerinə yetirir: “Onların statusu məsələsinə gəlincə, tərəflərin istəyi olarsa, beynəlxalq hüquq normalarını özündə əks etdirən sənəd hazırlana bilər”.
 
Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Aqil Abbas isə “Yeni Müsavat”a bildirdi ki, sülhməramlıların statusu mütləq müəyyən edilməlidir: “Onların komandanı Rüstəm Muradov ”yengəliklə" məşğuldur. Bilinməlidir ki, nə ilə məşğuldurlar. İndi ermənilərə ev tikirlər, bəyəm erməninin evi dağılıb ki?! Xankəndində bir ev dağılmayıb, amma onlara ev tikirlər. Biz oradakı dinc əhaliyə raket atmışıq? Amma ermənilərə  Tərtərə raket atıb, bizsə Ağdərəyə bir raket atmadıq. Bu mənada məsələni ciddiləşdirməliyik, onların statusu müəyyən edilməlidir".
 
A.Abbas qeyd etdi ki, Ağdam-Şuşa, Ağdam-Kəlbəcər yolları açılmalıdır: “Mən niyə Xocalıya gedə bilməyim? Erməniyə ev tikirsən, onda Kərkicahana da ev tik. Niyə tikmirsən? Malıbəyliyə, Quşçulara da ev tik. İndi də Xankəndində parad keçirməyə hazırlaşırlar. Sənin nə ixtiyarın var ki, mənim şəhərimdə parad keçirirsən? Niyə keçirirsən? Muradov Araikin qabağında hərbi salam vermək üçün bunu edir? Ona görə onlar sülhməramlı yox, erməniməramlıdırlar. Mən özüm də bu haqda bir məqalə yazmışam. Bu baxımdan onların statusu müəyyən olunmalıdır, mandat verilməlidir”.
 
Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə, sülhməramlı qüvvələrin və müşahidəçi missiyasının fəaliyyəti ilə bağlı bir çox iradlar var, lakin heç kim bir suala cavab vermir: “Bunların səlahiyyətləri və vəzifələri nədən ibarətdir?” Beynəlxalq təcrübə bu məsələləri tənzimləyən xüsusi bir sənədin mövcudluğunu nəzərdə tutur. Bu da mandatdır".
 
Tofiq Zülfüqarov: “Məsələni səmərəli istiqamətə yönəltmək üçün  müvafiq addımlar atılmır”
 
T.Zülfüqarovun sözlərinə görə, bu mandat missiyanı qəbul edən ölkə ilə razılaşdırılır: “Daha sonra anlaşma memorandumu imzalanır ki, bu da hüquqi cəhətdən razılığın verilməsi deməkdir. Bundan sonra missiyaya dəstək olaraq ya BMT Təhlükəsizlik Şurasının qətnaməsi, ya da Təhlükəsizlik Şurası Prezidentinin bəyanatı qəbul edilir. Daha sonra ölkənin daxili qanunvericiliyinə uyğun olaraq, parlament tərəfindən təsdiqlənir. Ölkəmizdə həm hökumət, həm də ictimaiyyət, müxalifət tərəfindən sülhməramlı qüvvələrin və müşahidə missiyasının fəaliyyətinə iradlar səslənir. Lakin 10 noyabrdan sonra olduqca vacib olan məsələni səmərəli istiqamətə yönəltmək məqsədilə məsləhətləşmələr prosesini başlamaq üçün qanunauyğun və məqsədəmüvafiq addımlar atılmır. Belə ki, mandatın işlənməsi məsələsinə dair Azərbaycan, Rusiya və Türkiyə arasında danışıqlar hələ başlamayıb. Bəlkə də mandatın mətninin Milli Məclisdə müzakirəsinə başlamaq məqsədəuyğun olardı, çünki ictimai müzakirə zamanı cəmiyyət üçün məqbul variantın parametrlərini müəyyənləşdirmək olardı. Dumanlı, hüquqi qeyri-müəyyənlik ikinci Vətən müharibəsi dövründə cəmiyyətin və hakimiyyətin birliyinin qazandığı siyasi təşəbbüsün itirilməsinə şərait yaradır”.
 
Qeyd edək ki, Dağlıq Qarabağa yerləşdirilən sülhməramlı kontingent Rusiya silahlı qüvvələrinin 15-ci əlahiddə sülhməramlı motoatıcı briqadasının hərbçiləridir. Həmin briqada Rusiyada BMT mandatı altında sülhməramlı missiyalarda iştirak üçün xüsusi yaradılmış yeganə heyətdir. Ümumiyyətlə, BMT mandatlı və bu mandatdan kənarda olan qüvvələr münaqişə tərəfləri ilə razılaşdırılmış qaydada münaqişə bölgəsində sülhü təmin etmək məqsədilə fəaliyyət göstərirlər.
 
Hazırda sülhməramlı qüvvələr Kosovo, Əfqanıstan, İraq, Haiti, Kipr, Livan, Suriya, Cənubi və Şimali Sudan, Mali, Kot-divuar və digər münaqişə bölgələrində müvafiq missiya yerinə yetirirlər. Ümumilikdə BMT mandatlı 13 sülhməramlı missiya mövcuddur, bundan başqa, BMT mandatı altında fəaliyyət göstərməyən daha 7 sülhməramlı missiya vardır.

Tarix: 21-04-2021, 10:58
Xəbəri paylaş





Xəbər lenti