“Hitler buraları alsaydı...”



 
20-30 ildir il dolanıb may olanda, ayın 9-u yetişəndə ictimai-siyasi fəalların arasında bir zarafat dalğası kükrəyir, oturub-durub deyirlər: “Eh, o vaxtlar Hitler buraları alsaydı...”.
Cümlələr belə başlayır, amma fərqli bitir, hər kəs öz zövqünə, marağına görə çıxış edir. Biri deyir: “... mağıl, keyfiyyətli alman pivəsi içərdik”. O biri öz ülvi arzusunu dilə gətirir: “... indi hamımız təzə “Mersedes”, “BMW” sürürdük”. Başqa birinin fikri belə bitir: “... daha intizamlı, məsuliyyətli xalq olardıq”. Belə deyənlər də var: “... yollarımız hamar olardı”.
Bu kimi fikirlər, təbii ki, ciddi mülahizələr deyil, daha çox yumoristik və satirik çalar daşıyır.
Hətta bu xüsusda bir lətifəyə bənzər hadisə də danışırlar. Rayon yerində bir kişi köhnə sovet maşını sürürmüş və günaşırı yolda qalırmış, maşının təmirinə pul verməkdən bezar olubmuş. Axırda qonum-qonşu ona məsləhət görür ki, bu maşını satsın, üstünü də düzəldib köhnə alman maşını alsın. Adam elə edir, bir köhnə “Mersedes” alır, 5 gün, 3 həftə, 1 ay sürür, maşın onu heç vaxt yolda qoymur. O da maşınından çox məmnun qalır. Bir dəfə 9 may günü adam veteran atasının məzarını ziyarət edəndə deyir: “Ay dədə, adam da belə maşın düzəldən millətə güllə atar?”
Bu kimi zarafatlar o qədər böyüdü ki, indi bir çoxları ciddi-ciddi elə düşünürlər və gerçək sifətlə deyirlər: “Hitler buraları alsaydı...”
Belə görünür ki, gerçəkdən bu cür düşünən adamlar II dünya müharibəsinin dəhşətləri, faşizmin qəddarlığı və mahiyyəti haqqında çox səthi informasiyaya malikdirlər. Onlara elə gəlir ki, faşistlərin işi bir yəhudilərlə imiş, qismən də slavyanlarla.
Əslində isə elə deyil. Alman, italyan, xorvat, yapon faşistləri özlərindən başqa bütün millətləri yarımvəhşi, yarımağıllı sayır, onları yalnız təsərrüfatlarda, əl-ayaqda işlətmək üçün bəslənilən ev heyvanları qismində görürdülər. Onlar qalib gəlsəydilər, dünyanın yerdə qalan millətlərinə qarşı soyqırım siyasəti yeridib axırlarına çıxmayacaqdılar, əsasən sağlam, əmək qabiliyyətli adamları saxlayacaq, qədim əsrlərdəki qullar kimi gettolara, düşərgələrə doldurub müftə işçi qüvvəsi kimi işlədəcəkdilər.
Yəni ciddi-ciddi “Hitler buraları alsaydı” deyən, alman faşistlərinin dünya ağası olmasını istəyən adamların nənə-babaları ən yaxşı halda alman əsgər və zabitlərinin nökəri, mehtəri, kənizi olacaqdı. Hələ onu da bilmək olmazdı ki, faşistlər o baba-nənənlərə bir-biri ilə evlənməyə icazə verəcəkdilər, ya yox. Ola bilsin, deyəcəkdilər ki, hər bir aborigen qadın mütləq alman əsgərindən uşaq doğmalıdır, sağlam aborigen kişi isə alman qadınlara döl peşkəşi etməli, doğulan körpələr alman imperiyasının demoqrafik siyasətinin məhsulu olmalıdır.
Bunlar fantaziya deyil, faşistlərin niyyəti belə olub və onlar üçün insanların heç bir dəyəri olmayıb. Onlar işğal etdikləri yerlərdə milyonlarla adamı sorğu-sualsız güllələyiblər, cüt öküzü, fayton atı, araba eşşəyi kimi işlədiblər. Bir balaca yorulanın nəsibi güllə olub.
Hitler buraları alsaydı, bu ölkənin yolları hamar olardı, hamar yollarda alman maşınları şütüyərdi, amma modern pablarda keyfiyyətli alman pivəsi içənlər də almanlar və yarımalmanlar olardı.
Faşistlər buraları alsaydılar, özləri ilə krematoriya avadanlığı gətirərdilər, Allahdan ölkənin qazı da var, çox məsrəf sərf etmədən dəzgahlarını quraşdırar, yerli əhalinin başı tərpənənlərini, çox danışanlarını ora doldurar, külə döndərib gübrə edər, mərkəzi aran rayonlarına səpərdilər.
Söz yox, tibb elmi də inkişaf edərdi. Alman həkimlər öz elmi təcrübələrini siçanlar və dövşanlar üzərində yox, 1941-45-də olduğu kimi, o biri xalqların nümayəndələrinin üzərində aparar, mütərəqqi elmi nailiyyətlər əldə edərdilər. Bəlkə də xərçəng xəstəliyinin dərmanı, koronavirusların vaksini daha tez tapılardı və yer üzünün yeganə ağası olan alman xalqı sağlam və xoşbəxt olardı.
Ona görə də belə ciddi və zarafatyana mülahizələr səsləndirməzdən öncə faşizmin mahiyyətini bilmək lazımdır. Atasının ayaqqabısını cütləməyi özünə yaraşdırmayan oğlanlar yəqin ki, alman əsgərinin çəkmələrini mazlamağa heç təhəmmül etməzlər.
Artıq Hitler və faşistlər mövzusunda ciddi yazmaq, ciddi danışmaq lazımdır. Erməni faşizmini hər gün söyən adamlarıq, bizə heç yaraşmaz. “Hitler buraları alsaydı” deyə cümlə qurmaq təxminən “ermənilər buraları alsaydı, yaxşı şoraba yeyərdik” demək kimi bir şeydir.
Tarix: 9-05-2021, 18:29
Xəbəri paylaş





Xəbər lenti