“İsrarla şəriət istəyəcəklərsə, bu gələcəkdə məmləkət üçün faciələrə səbəb olacaq”


 
Dünyəvilik (sekulyarlıq) nədir?!
 
Bir neçə gün öncə dövlətin dininin olmadığını, din, inanc, iman məsələsinin fərdi, insana xas olduğunu qeyd etdiyim kiçik bir status yazmışdım. Qeyd etmişdim ki, Azərbaycan dövlət olaraq dünyəvidir, sekulyardır, müsəlmanların da, digər səmavi dinlərə inanan insanların da, hətta deist və ateistlərin də yaşadığı ölkədir. Bəzi inanclı insanlara, “Azərbaycan müsəlmanların da yaşadığı ölkədir”, cümləsi toxunmuşdu, iradlarına səbəb olmuşdu, əgər bu cümlə inanclı qardaş və bacılarımın hissiyatına toxunubsa, üzr istəyirəm, amma niyyətim dövlətin və dinin ayrı olmasının önəmini vurğulamaq idi.
 
Bəri başdan qeyd edim ki, mən ateist deyiləm, heç vaxt da olmamışam, amma insan həyatının bütün sahələrini sorğulamağı sevən birisi kimi, həmişə suallarım olub, var, olacaq da, çalışmışam ki, Allahın bizə lütf etdiyi ən böyük dəyərlə – şüurla davranım. Mən həmişə düşünmüşəm ki, Yaradana sevgi insanın içindəki ədalət hissidir, vicdandır, ağıldır, əsas İslam dininin fəlsəfəsidir.
 
Həmin statusun şərhlərində bəzi təhqirlərlə rastlaşdım, bunu boş verirəm, amma təhlükəli fikirlər də var idi. Bəzi şərhçilər Azərbaycanın mütləq şəriət qaydaları ilə idarə olunmasının vacibliyini qeyd etmişdilər. Ölkənin, dövlətin məhz İslam qaydaları ilə yaşamasının qaçılmaz olduğunu yazırdılar.
 
Həmin inanclı qardaş və bacılarıma sözüm odur ki, əslində dünyəvilik, sekulyarizm hər bir fərdin inancini özgürcə yaşaması üçün yeganə çıxış yoludur. Əslində məhz sekulyarizm inanc özgürlüyünün qarantı və təminatçısıdır. Dövlət institutdur – onun dini olmur, dəyərləri, prinsipləri, qanunları, qanunları, ədaləti olur (olmalıdır). Din fərdidir, inanc fərdidir, iman fərdidir – insana xasdır, insan övladı ilə Allah arasında olan münasibətləri tənzimləyən qaydalar toplusudur. Və hər kəs məhz FƏRDİ şəkildə o biri dünyada öz əməllərinə görə cavabdehlik daşıyacaq. Ölümdən sonra heç kəsin pasportuna, yaşadığı ölkənin adına, quruluşuna, Konstututsiyasına baxmayacaqlar, məhz FƏRDİ əməllərinə qiymət veriləcək – deməli, o biri dünyada Cənnəti qazanmaq fərdin öz fəaliyyətinə, davranışına, əməllərinə görədir. Məhz buna görə də dövlətin dini olmamalı, istənilən şəxsə öz inancını rahat yaşamaq üçün şərait yaratmağa məsuliyyəti olmalıdır.
 
Bizim hamımız istənilən fəlsəfi dəyərlərə, terminlərə bu gün yaşadığımız ədalətsiz sistemin pəncərəsindən baxaraq qiymət veririk – səhv olan da məhz budur. Bu günün Azərbaycanında ədalətsizlik var, insan azadlıqlarının məhdudlaşdırılması var, amma bu problemləri birgə həll etməliyik. Əgər inanclı insanlar işin fəlsəfəsinə hakim olmadan israrla şəriət istəyəcəklərsə, bu gələcəkdə məmləkət üçün faciələrə səbəb olacaq. Biz elə bir cəmiyyət, elə bir Cümhuriyyət qurmalıyıq ki, hər kəs inancını azad yaşaya bilsin, bər bir fərdin azadlığı, digər fərdin azadlığı başlayan yerdə bitsin – çətindir, bilirəm, amma başqa yol yoxdur.
Sekulyarizm ateizm deyil, dünyəvilik Allahsızlıq deyil, sadəcə hər bir fərdə bərabər şərait yaratmağa borclu olan idarəetmə formasıdır.
 
Natiq Cəfərli
 
Ekspert
Tarix: 23-05-2021, 22:57
Xəbəri paylaş





Xəbər lenti