"Bu hadisənin törədilməsinə şərait yaradan azsaylı rəhbərlər əmin olsunlar ki..."


Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, qalib Əsgərimizin nüfuzuna xələl gətirə biləcək insanlara layiq olduğu yeri göstərəcəyinə heç kimin şübhəsi olmamalıdır...
 
Sosial şəbəkədə yayılan son görüntülər hamı kimi məni də dərindən  kədərləndirdi. Real vəziyyəti bildiyimiz üçün əminliklə deyə bilərik ki, həmin ərazidə yerləşən manqa, düşmənlə birbaşa təmas olmadan həmin ərazidə yerləşib. Müharibənin bitmədiyini, bu ərazidə baş verən erməni hücumlarından xəbərdar olan komandir heyəti o əraziyə çatan kimi dərhal müdafiənin təşkilinə başlamalı idi, müşahidə və atəş sistemi qurulmalı idi. Bu proseslərin necə həyata keçirilməsi onilliklər boyu tonlarla hərbçi qanı ilə döyüş nizamnamələrində yazilib. Əfsuslar olsun ki, bəzi komandir heyəti ərazidə yerləşmə və müdafiənin təşkilini,sadəcə 5 əsgəri bir çadırda, həm də əlverişsiz ərazidə taleyin qismətinə buraxmaqla həyata keçirdiyini zənn edib. 
 
Ərazidə yerləşmə və müdafiənin təşkili sadəcə 5 əsgəri bir çadırda, həm də əlverişsiz ərazidə taleyin qismətinə buraxmaq demək deyil. Bu proseslər onilliklər boyu qanla yazilib. Döyüş təminati sıfırdır. Mühəndis işləri görülməyib, mövqelər yoxdur, rabitə təşkil edilməyib, qarşılıqlı əlaqədən və dairəvi müdafiədən danışmağa dəyməz, müşahidə məntəqəsi və atəş sektoru yoxdur, komandir də görünmür. Texnika və dəstək barədə danışmağa dəyməz. Niyə yaxınlaşan erməni əvvəlcədən aşkarlanmayıb? Niyə 3 dəqiqəyə ehtiyatlarımız ora yeridilməyib? Boşluqlar kifayət qədərdir və onlar cinayət tərkibi daşıyır. 
 
Motoatıcı manqa ön tərəfdən 100 m-ə qədər (əraziyə görə bu artıq da ola bilər, amma kilometr də ola bilməz) mövqeni qoruya bilər. Atıcı silahları üçün əsas və ehtiyat (müvəqqəti) mövqelərə malik olan manqanın mövqeyi elə seçilməlidir ki, qonşuları ilə qarşılıqlı əlaqədə olan heyət, düşməni öndə və cinahlarda atəşlə məhv etmək imkanına malik olsun. 
 
Manqanın mövqeyində atıcılar, pulemyotçu, qumbaraatan və snayper elə yerləşdirilir ki, effektiv atəş məsafəsinə yaxınlaşan düşmən birbaşa, cinah və çarpaz atəşlə məhv edilə bilsin.
 
Düşmənin irəlləməsinə mane olan baryerlər və maneələr aydın görünməklə bərabər daim atəş altında olmalıdır. Lakin görüntülərdə nə manqanın nə mövqeyi, nə də müşahidəci gözə dəymir. 
Atəş sistemi buna uyğun olaraq qurulmalıdır. Heyət təhlükəli istiqamətdə manevr etməyə, gecə və  digər məhdud görmə şəraitində atəş açmağa hazır olmalıdır.
 
Manqanın atəş mövqeyi atəş silahlarının və piyadaların döyüş maşınının əsas və ehtiyat atəş mövqelərindən ibarət olmalıdır. Piyada döyüş maşınının atəş mövqeyi manqanın atəş vasitələrinin mövqelərinin arxasında 50 m-ə qədər məsafədə və manqanı dəstəkləyəcək ərazidə hazırlanır. Piyada döyüş maşını manqa müdafiəsinin əsasını təşkil etməli idi. Nəzərə alsaq ki, bu tip hadisələr ilk dəfə baş vermir, o zaman həmin ərazi daha yüksək ərazidə yerləşməli və ya o yüksəklikdən dəstəklənməli idi. Döyüş masınlarının atəş mövqeyi manqanın mərkəzindən arxada, cinahda və ya mövqenin arxasında qurula bilər. Manqa təhlükəli istiqmətdə yerləşirsə, orada yüksək səviyyəli komandirlərin atəş vasitələri də yerləşə bilər. Lakin biz bu ərazidə əsgər, avtomat, çadır və başımıza dəyən dəqbilqədən başqa bir şey görmədik. Atəş sistemi, düşməni məğlub etmək üçün komandirin qərarına uyğun olaraq, ərazinin xüsusiyyətlərini və quraşdırılmış mühəndis maneələrini nəzərə alaraq təşkil edilməli idi.  
 
Müdafiədə olan manqanın atəş sisteminə:
 
- cəmləşdirilən manqa  atəşi sahələri; 
 
- manqanın atəş zolağı; 
 
- təhlükəli istiqamətdə əlavə atəş sektoru daxildir. 
 
Lakin biz nəinki atəş sistemi, hətta cavab atəşinin açılmasını müşahidə etmədik. Atəş sistemi, zirehli vasitələr, əlaqə, müşahidənin olmadığı ərazidə vəziyyətin gec ya tez bu acınacaqlı vəziyyətə gətirib çıxaracağı gözlənilən idi. Əvvəllər də belə hadisələr baş vermişdi, lakin nəticə çıxarmağı bacarmadıq. Əsgərimizin həyatı üçün real təhlükə anında belə atəş açılmaması araşdırılmalıdır. Halbuki, əsgərimiz müdafiə (mühafizə) etdiyi əraziyə yaxınlaşana əvvəlcə havaya atəşlə xəbərdarlıq, sonra isə birbaşa atəş açılmalı idi. Atəş açılmasının qadağan edilməsini yazan səhifələr də mövcuddur, lakin bu qəbul edilən addım deyil , bu əmrin ola biləcəyinə ehtimal vermirəm. 
Görüntülərdən məlum olur ki, bu ərazidə döyüş təminati təşkil olunmayıb.  Mühəndis işləri görülməyib, mövqelər yoxdur, kəşfiyyat və rabitə təşkil edilməyib, qarşılıqlı əlaqədən danışmağa dəyməz, müşahidə məntəqəsi və atəş sektoru yoxdur, komandir də görünmür. Texnika və ehtiyatların dəstəyi barədə danışmağa dəyməz. Kim əksini iddia edərsə bir neçə suala cavab tapmalıdır:
 
Niyə yaxınlaşan erməni əvvəlcədən aşkarlanmadı? 
 
Niyə 3 dəqiqəyə ehtiyatlar ora yeridilmədi? 
 
Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələrimizin Vətən Müharibəsində qazandığı möhtəşəm Qələbəyə 1-2 nəfər yerində olmayan şəxs böyük risklərə gedərək kölgə salmağa cəhd edir. Amma alınmayacaq. Bu eyni şəxslər tərəfindən törədilən ilk və ya ikinci cəhd deyil. 
 
Əsgərimizin başına dəyən dəbilqə isə əslində o heyətin təhlükəsiz şəraitdə xidmətini təşkil edə bilməyən, çətin anında əsgərinin yanında olmayan, onu qoruya bilməyən, qalib Azərbaycan xalqını və onun müzəffər Ali Baş Komandanını düşünməyən komandirlərin başına dəyməli idi. Ən azından bu yerdə Şəhid generalımız Polad Həşimovu xatırlatmaq yerinə düşür. 
 
Həm bu hadisənin törədən çaqqal sürüsü, həm də bu hadisənin törədilməsinə şərait yaradan azsaylı rəhbərlər əmin olsunlar ki, baş verənlərin nəticəsi onlar üçün çox ağır olacaq. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı, qalib Əsgərimizin nüfuzuna xələl gətirə biləcək insanlara layiq olduğu yeri göstərəcəyinə heç kimin şübhəsi olmamalıdır. 
 
Ədalət Verdiyev, Hərbi ekspert


Tarix: 26-05-2021, 16:39
Xəbəri paylaş





Xəbər lenti