COVID pasportu: Narahatedici suallar və səlahiyyətlilərin “cavabları”


COVID pasportu: Narahatedici suallar və səlahiyyətlilərin “cavabları”
Ötür-ötür oyunundan sonra məlum oldu ki, bütün suallara “məşhur o” cavab verə bilər
 
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 26 may tarixli qərarına görə, iyulun 1-dən etibarən COVID-19 pasportu və ya COVID-19-a qarşı immunitet sertifikatı tələbi müəyyən edilən iş və xidmət sahələrinin işçilərinin ən azı 80 faizinin belə pasporta və ya sertifikata malik olması tələb olunur. Bu tələbin konkret olaraq hansı xidmət sahələri və iş yerlərinə aid edilməsi hələlik dəqiq məlum olmasa da, Nazirlər Kabinetinin mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı yaxın günlərdə açıqlama veriləcək.
 
Operativ Qərargahın budəfəki brifinqində yumşalma ilə bağlı qərarlar insanları sevindirsə də, COVID-19 pasportu, immun sertifikatı ilə bağlı düşündürən, cavabını tapmayan suallar ictimaiyyəti narahat eməkdədir. Biz də həmin sualların bir qismini səlahiyyətli şəxslərə ünvanlayıb cavab tapmağa çalışdıq.
 
- COVID-19 pasportu və immun sertifikatını elektron qaydada əldə edə bilməyən şəxslər hansı formada əldə edə bilərlər?
 
- Yoluxduqdan sonra qeydiyyata düşmədən evdə müalicə alanlar olub. Onlar yoluxub sağaldıqlarını necə sübut edəcəklər?
 
- Özəl klinikalarda test verib nəticəsi pozitiv çıxan, amma sistemə daxil olmayanlar var. Onlar yoluxub sağaldıqlarını təsdiqlədə biləcəklərmi?
 
- Peyvənd olunduqdan sonra COVID-19 pasportu və ya immun sertifikatı almış şəxs təkrar yoluxsa, həmin şəxsə nəzarət hansı formada həyata keçiriləcək?
 
- İki doza peyvənd olunmuş şəxsin də təkrar yoluxma ehtimalı varsa, COVID-19 pasportunun tələb edilməsinin mahiyyəti nədir?
 
- Peyvənd könüllüdürsə, niyə COVID-19 pasportunun bir sıra xidmət və iş sahələrində tələb edilməsi nəzərdə tutulur?
 
İlk sorğumuzu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə ünvanladıq. Agentliyin mətbuat xidmətindən bildirdilər ki, COVID-19 pasportunu və immun sertifikatını yalnız onlayn qaydada – ya “E-TƏBİB” mobil tətbiqindəndən, ya da “its.gov.az” saytından əldə etmək mümkündür.
 
Burada haqlı olaraq sual yaranır ki, bəs sadə telefon işlədənlər, sayta daxil olub müvafiq proseduru həyata keçirməkdə çətinlik çəkənlər, ümumiyyətlə, bu cür vasitələrdən istifadə təcrübəsi olmayan şəxslər necə etsinlər?
 
Yuxarıda sadalanan suallarımıza səlahiyyətlilərdən aldığımız cavablar belə oldu:
 
Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov: “Bu sualların bir çoxu mənim səlahiyyətimə aid deyil. Aydınlıq gəlməsi üçün xahiş edirəm Səhiyyə Nazirliyinin mətbuat xidmətinə yönləndirəsiniz. Bu məsələlər cəmiyyət üçün cox mühümdür. Bunlar Operativ Qərərgahın səlahiyyətidir. Məndə olan məlumata görə, yaxın vaxtlarda rəsmi açıqlamalar olacaq”.
 
Səhiyyə Nazirliyinin mətbuat xidməti: “Bu sualları ancaq Operativ Qərargah cavablandıra bilər”.
 
Milli Məclisin Səhiyyə Komitəsinin sədr müavini, Operativ Qərargahın üzvü  Rəşad Mahmudov: “Bu suallara daha aydın və ətraflı cavabı TƏBİB-dən ala bilərsiniz”.
 
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və nəzarəti departamentinin müdiri Yaqut Qarayeva: “Telefonla sualları cavablandırmırıq. Sorğu göndərin, aidiyyəti üzrə yönləndirək, cavablandırılsın”.
 
TƏBİB-in İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elnarə Baxış: “TƏBİB-in işi müalicədir. Qərarlar Operativ Qərargah çərçivəsində verilir”.
 
Qeyd edək ki, yuxarıda qeyd edilmiş bir sıra sualları daha əvvəl Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədova ünvanlasaq da, cənab İbrahimov bildirmişdi ki, o, yalnız verilmiş qərarları şərh etməkdən məsuldur.
 
Göründüyü kimi, yenə qərar verildikdən sonra suallar yaranıb, amma ictimaiyyəti narahat edən bu suallara aydınlıq gətirən kimsə yoxdur.
Tarix: 3-06-2021, 23:27
Xəbəri paylaş





Xəbər lenti