Humanist siyasətin acı nəticələri




İctimai fəal Bəxtiyar Hacıyev
Azərbaycan-Ermənistan-Rusiya arasında imzalanmış 10 noyabr üçtərəfli bəyanatı 1 gecədə tərtib edilməmişdi. Ən azından Putinin müsahibələrindən görünür ki, anlaşmanın əsas şərtləri 19-20 oktyabrda razılaşdırılmışdı. Bir Şuşa mövzusu mübahisəli idi, ona da yaxın günlərdə toxunacam.
Rusiya prezidenti, Azərbaycan prezidenti və Ermənistan baş naziri uşaq deyillər, bu bəyanat razılaşdırılana qədər detalları bilən tək rəsmilər də deyildilər.
Üçtərəfli bəyanatın yekun mətni 10 noyabr gecəsi üç lider tərəfindən imzalandı. O mətnin 6-cı bəndində açıq-aydın yazımışdı ki, Kəlbəcər 15 noyabra qədər boşaldılır, Azərbaycan Respublikasına qaytarılır. Bəyanat imzalananda hər üç dünyagörmüş lider ərazinin mürəkkəb relyefindən xəbərdar idilər, 15 noyabr yazılmışdı, 15 noyabr tarixi razılaşdırılmışdı, buna da imza atılmışdı.
Sonradan Azərbaycan tərəfi Rusiyanın xahişi ilə erməni işğalçılara 10 gün artıq vaxt verdi. Halbuki, Kəlbəcər işğal olunanda mülki əhali piyada, ayaqyalın, əliyalın oranı tərk etməyə məcbur edilmişdi. Qalib tərəf kimi Azərbaycan öz şərtlərini diqtə etmək əvəzinə Ermənistanın Rusiyadan, Rusiyanın Azərbaycandan xahişini humanizmlə əlaqələndirərək yerinə yetirdi.
Bu əlavə 10 gün müddətində:
  • Kəlbəcərdəki yaşayış evləri söküldü, ələ gələn nə vardısa, hamısını sökdülər, apardılar.
  • Yerdə qalan evlərin bir çoxuna od vurub yandırdılar.
  • Ağacları kəsib, KAMAZlar ilə daşıdılar.
  • Daşıya bilmədikləri ağacları yandırdılar.
  • Döyüş bölgəsi, təmas xətti, müdafiə xətti olmayan yaşayış məntəqələri və kəndlərdə də minalar basdırdılar və elə tərk etdilər.
  • 15 günlük müddətdə Zod qızıl yataqlarının Azərbaycan tərəfində olan hissəsini də ermənilər istismar etdi.
Ondan sonra biz bu üçtərəfli bəyanatın bəzi maddələrinin həyata keçirilməsinin qarşısını almaq üçün təxribatların şahidi olduq. Ermənistan tərəfi Zəngəzur koridoru ilə bağlı bu gün iqtidar-müxalifət səviyyəsində öhdəliklərindən açıq şəkildə yayınırlar. Kəlbəcər istiqamətində diversiya fəaliyyəti ilə məşğul olurlar və oranı tərk edərkən basdırdıqları minalar bəs deyilmiş kimi diversiya qrupları Azərbaycan ordusunun təchizat yollarına da minalar basdırmağa davam etdi.
Bütün bunlar Azərbaycan tərəfinin qalib tərəf olmasına baxmayaraq Rusiyanın xahişi ilə üçtərəfli imzalanmış bəyanatdakı tarixə 10 gün əlavə icazə verməsi ilə başladı. Halbuki, “imzalamışıq, imzalamısınız, əməl edin” demək olardı və qəti tələb qoymaq lazım idi.
Humanizm nümayiş etdirib yazılı anlaşmanın bir maddəsini şifahi razılaşma, xahiş ilə dəyişdirəndə həmin anlaşmanın mənası qalmır. İmza atmış digər 2 tərəf düşünür ki, digər bəndləri də şifahi şəkildə xahişlə, təzyiqlə, təxribatla dəyişdirə bilərik.
Bunun acı nəticələrini isə görürük. Cəmi bir həftə əvvəl Kəlbəcərin Yuxarı Ayrım kəndi ərazisində hərbi yük maşınımız minaya düşdü, şəhid və yaralı əsgərlərimiz oldu. Bu gün isə Kəlbəcərin Susuzluq kəndində 2-si jurnalist olmaqla 3 şəhid verdik, yaralılarımız var.
Azərbaycan artıq hücum diplomatiyasına keçməlidir, Ermənistanın və Rusiyanın xahişləri ilə humanizm nümayişini dayandırmalıdır. Onların nazı ilə oynadıqca hələ çox günahsız insanın canı gedəcək.
Allah şəhidlərimizə bir daha rəhmət eləsin, ailə üzvlərinə, yaxın dostlarına səbr versin, yaralılarımıza şəfa versin.
Tarix: 6-06-2021, 08:23
Xəbəri paylaş





Xəbər lenti