Rusiyanın bastrıkinsayağı davranışı



Xəqani Cəfərli
Rusiyanın Novosibirsk vilayətinin Moşkovo qəsəbəsində 19 yaşlı azərbaycanlı Vəkil Abdullayevi öldürmüş Yol Hərəkəti Təhlükəsizliyi Baş Müfəttişliyinin böyük müfəttişi 38 yaşlı Aleksandr Qusev haqqında Cinayət Məcəlləsinin iki maddəsi, Rəsmi səlahiyyətləri aşma (286-cı maddənin 3-cü hissəsi) və “Laqeydliklə ağır bədən xəsarəti yetirmə” (118-ci maddəsinin 1-ci hissəsi) maddələri ilə cinayət işi açılsa da, sonradan Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkinin tapşırığına əsasən Qusev həbsdən azad edildi.
Buna cavab olaraq bir qrup soydaşımız Rusiya prezidenti Vladimir Putinə müraciət edərək Azərbayan ictimaiyyətinin ondan ədalətli qərar gözlədiyini, Vəkil Abdullayevin qətli ilə bağlı bu çirkin əhvalatda əli olan insanların ədalətli cəzalarını almalırını təmin etməyə çağırıblar. Putinin Azərbaycan ictimaiyyətinin adından ünvanlanan bu müraciətə reaksiya verəcəyinə inanmıram.
Bunun səbəbi Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin prezident Vladimir Putinin tələbə yoldaşı olması ilə bağlı deyil. Doğrudur, bu önəmli məqamdır. Putin 1970-1975-ci illərdə Leninqrad Dövlət Universitetinin hüquq fakultəsində təhsil alanda Bastrıkin onun qrup rəhbəri (starosta) olub. Rusiyanın hakim dairələrində Bstırıkinin ləqəbi də “starosta”dır. Putinin Azərbaycan ictimaiyyətinin müraciəti ilə “starosta”ya hansısa cəza verəcəyini gözləmək sadəlövlük olardı. Çünki, “starosta” Putinin Rusiyada qurduğu totalitar rejimin əsas simalarından biridir. Putin Bastrıkinin əli ilə yüzərlə rejim əleyhidarının həyatını məhv edib, rejim təmsilçiləri tərəfindən törədilmiş yüzlərlə cinayətin üstün ört-basdır edib.
Bastrıkinin Qusevi həbsdən azad etməsi əslində Rusiyanın azərbaycanlılara münasibəti, davranış tərzidir. Buna baxmayaraq soydaşlrımız Rusiyanı ikinci vətənə çevirməkdə davam edirlər.
Hər il on minlərlə soydaşımız məktəb yaşına çatmış övladını rusdilli məktəblərə yazdırmaq üçün rüşvət belə verir. Dəfələrlə belə şəxslərlə söhbət edərək yanlış addım atdıqların anlatmağa çalışmışam. Dəfələrlə media və sosial şəbəkə üzərindən rus dilinin artıq elm və texnologiya dili olmadığını, rus dilinin işlənmə arealnın daraldığını yazmışam. Ümid etmişəm ki, soydaşlarımızı övladlarının gələcəyi ilə bağlı səhv qərar verməkdən çəkinməyə az da olsa nail ola biləcəm. Ancaq ciddi nailiyyətə nail olduğumu söyləyə bilmərəm. Əks halda hər il övladını Azərbaycanda mövcud olan 350 rusdilli məktəbə göndərənlərin sayında artım baş verməzdi. Cəhalət içərisində olan, deqredasiya etməkdə olan cəmiyyəti dövlət hakimiyyətinin iştirakı olmadan xilas etməyin mümkünsüz olduğunu bildiyim üçün yazdıqlarımın cəmiyyətdə böyük dəyişikliyə səbəb olmamasına görə üzüntü də keçirmirəm.
Ümid edirəm ki, hər il övladını rus dilli məktəbə göndərən on minlərlə soydaşımızı qəflət yuxusundan Rusiyanın bastrıkinsayağı davranışı oyadacaq.
Tarix: 6-06-2021, 22:17
Xəbəri paylaş





Xəbər lenti