COVID pasportu, PCR testi və AZAL-ın eniş etməyən qiymətləri...


COVID pasportu, PCR testi və AZAL-ın eniş etməyən qiymətləri...
Xaricə səyahət etməyi düşünənləri düşündürən suallar və yolumuzu kəsən maneə
 
Yay mömsümü gəlincə xarici ölkələrə səyahət etmək istəyənlərin sayında artım müşahidə olunur. İnsanlar isti yay günlərində fərqli məkanlara səyahət etməklə qışın yorğunluğundan uzaqlaşmağa çalışırlar.
 
Dünyada koronavirus (COVID-19) pandemiyası davam etsə də, insanlar istirahət hüquqlarından faydalanmaq istəyirlər. Lakin ölkəmizdən xaricə səyahət o qədər də ucuz deyil, hətta kifayət qədər bahadır.
 
Bazarda bir oyunçu var, qiymətləri də o diqtə edir
 
İqtisadçı ekspert Natiq Cəfərli mövzu ilə bağlı AYNA-ya şərhində deyib ki, Azərbaycanda aviareyslər üçün bilet qiymətlərinin baha olması pandemiyadan əvvəl də ən çox müzakirə olunan mövzulardan biri idi: “Bahalığın səbəbi səbəbi də Azərbaycan Hava Yollarının (AZAL) bazarda təkbaşına oyunçu olması ilə bağlıdır. Bütün məsələlər AZAL üzərindən həll edilir”.
 
“Xarici şirkətlərin birbaşa bazara buraxılmaması və yaxud da onlar üçün maneələrin yaradılması ölkədə rəqabətsizlik mühiti formalaşdırıb. Nəticə etibarı ilə də Azərbaycandan ən populyar istiqamətlər olan Rusiyaya, Türkiyəyə biletlərin qiyməti qonşu ölkələrlə müqayisədə kifayət qədər bahadır. Məsələn, Gürcüstanla müqayisədə ən azı iki dəfə, bəzi hallarda 3 dəfə bahadır”, - deyə müsahibimiz bildirib.
 
Qiymətlərin tənzimlənməsini rəqabət mühitinin formalaşması təmin edə bilər
 
Ekspert problem həlli yolu barədə danışarkən qeyd edib ki, digər şirkətlərə birbaşa uçuşlar həyata keçirmək üçün imkan yaradılmalıdır: “Bunun həlli yolları haqqında illərdir danışılır. AZAL-ın təkbaşına inhisarçılığına son qoyulmalıdır. Lovkost şirkətlərin Azərbaycandan birbaşa uçuşlar həyata keçirməsinə imkanlar yaradılmalıdır. Yəni şərait yaradılmalıdır ki, digər şirkətlər bazara  AZAL üzərindən yox, birbaşa daxil ola bilsinlər. Bu zaman qiymətlərin tənzimlənməsinin də şahidi olacağıq”.
 
“Gürcüstanda qiymətlər həm də ona görə ucuzdur ki, orada 14 şirkət birbaşa fəaliyyətdədir. 15-ci şirkətin də bu il bazara daxil olması gözlənilir. Azərbaycanda isə birbaşa daxil olan şirkətlər yoxdur, daxil olan şirkətlər də AZAL-la bütün uçuşları, marşrutları, qiymətləri, yerüstü xidmətlərin qiymətini razılaşdırmalıdır. Nəticə etibarı ilə də AZAL söz sahibi olduğundan qiymətlərin bahalaşmasında mühüm rol oyanayan amilə çevirilib”, - deyə Cəfərli vurğulayıb.
 
İqtisadçının sözlərinə görə, mövcud vəziyyətdən ən çox Azərbaycan vətəndaşları əziyyət çəkirlər: “Çünki artıq yay mövsümü başlayıb, dünyada da koronavirusla bağlı qaydalarda yumşalma müşahidə olunur. Turizm mövsümü də bir çox ölkələr tərəfindən açılıb, o cümlədən də Türkiyə tərəfindən. Qiymətlərin bu qədər baha olması Azərbaycan vətəndaşlarının istirahət hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Heç olmasa yerüstü sərhədlər açılsa, vətəndaşlarımız bundan istifadə edərək səyahətlərini həyata keçirə bilərlər”.
 
Cibində pulu olanlar üçün səyahət imkanı əlçatandır
 
Pandemiya şəraiti davam etsə də, xarici ölkələrə səyahət əlçatandır. Səyahət edənləri hansı prosedurlar gözləyir? Bu barədə AYNA-ya danışan səyahət üzrə menecer Vüsal Məhəmmədoğlu söyləyib ki, hazırda Türkiyə, Rusiya, Misir, Dubay, Şrilanka, Maldivə PCR testi ilə səyahət etmək mümkündür: “Yeni qərara əsasən, Azərbaycandan gedən sərnişinlərlərdən COVID-19 pasportunun və ya sadəcə PCR testinin tələb edilməsi gedəcəkləri ölkənin tələblərindən asılıdır. Qeyd etdiyim yerlərə vətəndaşlarımız  sadəcə PCR testi verməklə səyahət edə bilərlər”.
 
“PCR testi üçün “Oksigen”, “Memorial” klinikalarına, Bakı Sağlamlıq Mərkəzinə müraciət edə bilərlər. Bunlar şirkətlərin test üçün ən çox əməkdaşlıq etdiyi klinikalardır”, - deyə həmsöhbətimiz bildirib.
 
Məhəmmədoğlu səyahət etməyi düşünənlərə tövsiyyəsini də çatdırıb: “Tövsiyyə edərdim ki, səyahət planlarını son vaxta saxlamasınlar, çünki belə olan halda onların istəklərinə uyğun xidmətlər ya dəyərindən baha, ya da bitmiş ola bilir. Həmçinin onu da qeyd edim ki, qapalı məkanlarda mütləq maskalardan istifadə etsinlər, səyahət zamanı çox insanın toplaşdığı yerlərə getməməyə diqqət göstərsinlər”.
 
Onu da qeyd edək ki, PCR testinin vaxtı uzadılıb. Belə ki, yeni qaydalara görə, vətəndaşlarımız COVID-19-a dair nəticəsi neqativ çıxmış PCR testini təsdiq edən sənədlə 48 saat yox, 72 saat ərzində səyahət edə bilərlər. Eyni zamanda Azərbaycandan gedən sərnişinlərin COVID-19-a dair PCR testindən keçirilməsi tələbi təyinat məntəqəsində müəyyən edilmiş qaydalara əsasən aviadaşıyıcı tərəfindən tənzimlənəcək. Yəni, əgər siz getdiyiniz ölkə giriş üçün test tələb etmirsə, Bakıda test verməyə ehtiyac yoxdur.
Tarix: 19-06-2021, 21:47
Xəbəri paylaş





Xəbər lenti