Ermənistan-Azərbaycan sərhədində Rusiya hərbçiləri yerləşdirilir



Azatutyun Ermənistan və Rusiyanın müdafiə nazirlərinin bu günlərdə rusiyalı sərhədçilərin sərhəddə yerləşdirilməsini müzakirə etdiklərini yazır
Ermənistan Silahlı Qüvvələrinin Baş qərargah rəisi də Rusiya hərbçilərinin Ermənistan-Azərbaycan sərhədində Geğarkunikə yerləşdirilməsi məsələsinə toxunub. Azatutyun xəbər verir ki, Artak Davtyan jurnalistlər üçün brifinqdə bu məsələ üzrə yekun qərar olmadığını deyib. Amma, eyni zamanda, bunun belə olacağına əminlik ifadə edib.
Azərbaycan tərəfin məsələyə razı olub-olmamasına gəlincə Davtyan deyib ki, danışıqlar Rusiya tərəfi ilə aparılır, buna görə də suallar var.
“Məqsədimiz – Azərbaycan hərbi birləşmələrinin ərazimizdən qarşıdurmasız çəkilməsidir… Biz gərəkəndə Rusiya tərəfi ilə əməkdaşlıq edirik”, – Davtyan deyib.
Azərbaycan tərəfi bu məlumatları şərh etməyib.
***
Yaxın günlərdə Azərbaycanla Ermənistanın sərhədinin Geğarkunik bölgəsinə rusiyalı hərbçilər yerləşdiriləcək. Bundan sonra Ermənistan və Azərbaycan silahlı qüvvələri sərhəddən güzgü metoduyla geri çəkiləcək. Bu haqda AzadlıqRadiosu-nun Ermənistan xidmətinə (Azatutyun) Geğarkunik vilayətinin qubernatoru Qnel Sanosyan danışıb.
“Rusiyalı həmkarların yerləşdirilməsi üzrə iş aparılır, vəziyyət tənzimlənəcək. Bu, üçtərəfli danışıqların nəticəsidir, paralel proses də gedir”, – o deyib.
Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan isə deyib ki, onda əlavə informasiya yoxdur. “Qubernatorun dediyindən başqa bir şey yoxdur”, – o vurğulayıb.
Nazirlər görüşüblər
Mayın ortasında Ermənistan Azərbaycan silahlı qüvvələrini Sünik və Geğarkunik vilayətlərində onun ərazisinə girməkdə suçlayıb. Ermənistanın baş nazir əvəzi isə hərbçiləri sərhəddən güzgü metoduyla geri çəkməyi, orada beynəlxalq müşahidəçilər yerləşdirməyi təklif edib.
Azərbaycan isə sərhəd mövqelərini tutduğunu bildirib. Ötən payız 44 günlük müharibə nəticəsində Azərbaycan Qarabağın bir hissəsini və ətraf 7 rayonu işğaldan azad edib. Laçın dəhlizinə və qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.
Azərbaycan rəsmiləri bu məlumatları hələlik, şərh etməyib.
Azatutyun isə Ermənistan və Rusiyanın müdafiə nazirlərinin bu günlərdə rusiyalı sərhədçilərin sərhəddə yerləşdirilməsini müzakirə etdiklərini yazır.
Rusiya XİN-in sözçüsü Mariya Zaxarova ötən həftə deyirdi ki, Rusiya gərginliyin azaldılması üçün fəal vasitəçilik səyləri göstərməkdədir.
Azadlıq radiosu
Tarix: 23-06-2021, 09:57
Xəbəri paylaş





Xəbər lenti