Bircə olay Bakı talançılığının üstünü açdı: Bu şəhəri niyə məhv etdiniz?




Ötən gün Yasamalda baş verən yanğın, bunun ardınca Bakının yaşıllıq və Baş Planı haqda məlumatlar sanki bir xəbərdarlıq kimi qəsdən sıralandı.

Yasamaldakı yanğın barədə məlumat yayan FHN bildirdi ki, cəmi 6 dəqiqəyə hadisə yerinə çatıb, ancaq “yaşayış kompleksinin həyətinə girişdə, habelə həyətdə vətəndaşlar tərəfindən avtomobillərin nizamsız park edilməsi səbəbindən yanğınla mübarizə üçün xüsusi təyinatlı nəqliyyat vasitələrinin, o cümlədən avtonərdivanın yanğın yerinə yaxınlaşaraq tətbiq edilməsi mümkün olmayıb. Bu səbəbdən, yanğınsöndürənlər, təqribən 80 metr məsafədən su xətti açaraq yanğınla mübarizəni fərdi qaydada, bilavasitə mənzilin daxilində aparmalı olublar”.

Yanğın isə məhz “yanğınsöndürənlərin fərdi şücaəti və peşəkar fəaliyyəti sayəsində söndürülüb”.

Mənzərəni təsəvvür etmək çətin deyil. Yasamalda göydələnlərin az qala bir-birinin içində tikildiyi, bina sakinlərinin maşın saxlaması üçün heç bir şəraitin olmadığı hamıya bəllidir. Yasamalda binadaxili yollarda maşınların hərəkəti də cəhənnəm əzabıdır – yalnız kiçik ölçülü sedanların rahat hərəkəti üçün dar bir yol var, azacıq qabaritli avtomobillərin (xüsusilə yanğınsöndürmə maşınlarının) o ərazidə rahat manevri mümkün deyil. Binada yaşayanlar avtomobillərini saxladıqda isə məhəllələr əsl cəhənnəmi xatırladır: nə bir yaşıllıq, nə uşaqların oynaması üçün meydança, nə də ümumiyyətlə hava almağa şərait var.

Yasamalda tikilən əksər göydələnlərdə pəncərəni açanda nəinki qarşıdakı binanın içini görmək, hətta üzbəüz qonşu ilə “əl-ələ” salamlaşmaq da mümkündür.

Tək Yasamal deyil, Bakının əksər hissələri belədir. Bakının ucqarları bir az genişlik idi, onu da satıb-talayıb-tükədiblər artıq.

Heç düşündüzmü bu vəziyyəti kimlər yaradıb?

İlk növbədə o torpaqları satan icra hakimiyyəti və orda bina tikintisinə razılıq verən qurumlar və əlbəttə ki, ilk növbədə Arxitektura və Şəhərsalma Komitəsi.

Bakıda şəhərsalma, arxitektura kimi prinsiplərin başına çoxdan daş salınıb: hər yer zəbt edilib, hər yerdə binalar tikilib; harda bir yaşıllıq ərazi, meydança, park olası və ya hava almaq mümkün olan yer varsa, hər yer rayon icra hakimiyyətlərinin nəfsinin qurbanına çevrilib.

İki il öncə Arxitektura və Şəhərsalma Komitəsinə xüsusi səlahiyyətlər verildi, imkanları artırıldı, onların razılığı olmadan heç bir binanın tikintisinin mümkün olmadığı elan edildi. Bu səlahiyyətlər artırılarkən hətta tikintisi aparılan, ancaq şəhərsalma qaydalarına uyğun olmayan göydələnlərin belə tikintisi yarıda saxlanıldı və hər kəs düşündü ki, nəhayət, bitdi; nəhayət, Bakını cəhənnəmə çevirən bu acgöz hərisliyə son qoyuldu. Ancaq təəssüf, aradan bir neçə ay keçəndən sonra yenidən, bu dəfə daha kəskin bir ehtirasla “cəhənnəm tikililəri” vüsət almağa başladı.

İkinci günahkar sahibkarlardır: sahibkarlar yeri seçir, yaşıllığı məhv edir və bina tikir, bunun üçünsə milyonlarla rüşvət verməkdən çəkinmir. O sahibkarlar da düşünmür ki, bu xarabada onun özü də, ailəsi də, doğmaları da yaşayır və buranı cəhənnəmə döndərmək, ağacsız səhraya çevirmək, havasız ölü məkana döndərmək olmaz.

Üçüncü günahkar isə hamımızıq: talayıb dağıdanların qarşısında durmuruq, binamızın önündə növbəti göydələn tikənlərə etiraz etmirik. Bu azmış kimi, o cəhənnəmdən – maşın saxlamağa, park etməyə, uşaqların oynamasına imkan olmayan, bir ağac belə qalmamış binalardan ev alırıq! Beləliklə də rüşvəti verən də, ağacı kəsən də, bu cəhənnəmdə sevə-sevə yaşamağa razı olan da özümüzük!

Bunun üstündən, məsələn, bu gün Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin sektor müdiri Aytac Əkbərli efirə çıxıb deyir ki, hazırda adambaşına 8 kvardarmetr yaşıllıq normadır. Ancaq Bakıda bunu görmək mümkün deyil. Və bunun ardınca da bildirir ki, bizim hədəfimiz adambaşına 10 kv.m yaşıllıqdır.

Guya Bakıda bu mənzərənin “görünməməsi”nin günahı Parisin ermənipərəst meridir. O yaşıllıqların məhvinə, onların yerində hündürmərtəbəli binaların tikilməsinə Ann İdalqo qərar verib? Sərəncamlarla mümkünsüz yerdə bina tikməyə sahibkarlara kim “qanuni” icazə verir? Bakıda yer qoymusunuzmu ki, yaşıllığın adam başına düşən normasını da vurub keçəsiniz?

Baş Plan isə hazırlanır, hazırlanır, ancaq başa gəlmir. Bu ölkə 30 ildir müstəqilliyinə qovuşub, 20 ildir Bakının Baş Planı hazırlanır deyirlər, ancaq təsdiqlənmir ki, təsdiqlənmir. Niyə? Çünki Baş Plan təsdiqlənənə qədər olan-qalan ağacları da məhv edib, binalar, obyektlər tikməlidirlər.

Bir küçə iki ildə 3 dəfə təmir olunur, hər üçündə də “yeni piyada səkisi” tikilir. Bilirsinizmi niyə? Çünki piyada səkisi salınan kimi ətrafdakı obyekt sahibləri pulunu verib, icralardan razılıqlarını alıb, o səkiləri zəbt edirlər. Beləliklə, ildə bir dəfə “piyada səkisi”ni yenə yolun hesabına yaratmaq lazım gəlir. Bunun sayəsində isə hər il küçələrin eni ən azı 2 metr azalır. Sonra da bu küçələrdən keçmək elə o obyekt sahiblərinin özləri üçün əsl cəhənnəmə çevrilir.

Bakının günü budur və bunu ermənilər etməyib, özümüz etmişik.

Səhraya çevrilən Ağdamı quracağıq, çox gözəl şəhər edəcəyik və erməni dəhşətini, lənətini o torpaqlarımızın üstündən siləcəyik.

Ancaq Bakını xilas edə bilməyəcəyik. Bakını elə məhv edirik ki, bu şəhərdə artıq yaşamaq, nəfəs almaq, maşın park etmək, işə gedib-gəlmək mümkün deyil.

Yasamaldakı yanğın irimiqyaslı olsa, qonşu binalara çox rahatlıqla keçəcəkdi və onda FHN yanğınsöndürənlərinin “şücaəti və qəhrəmanlığı” da bir işə yaramayacaqdı.

Bakını elə o duruma aparırıq, binaları bir-birinin içinə elə soxuruq, yaşıllıqları elə məhv edirik ki, Allah eləməmiş, bir ucundan güclü yanğın başlasa, bütün şəhəri yandıracaq, söndürə də bilməyəcəyik...
Tarix: 23-06-2021, 14:28
Xəbəri paylaş





Xəbər lenti